Bu gün Azərbaycanın Milli Qəhrəmanı Koroğlu Rəhimovun doğum günüdür.
Yeniavaz.com xəbər verir ki, Koroğlu İsmayıl oğlu Rəhimov 31 oktyabr 1953-cü ildə Oğuz rayonunun Xaçmaz kəndində müəllim ailəsində anadan olub. 1960-cı ildə 7 illik Yaqublu kənd orta məktəbinə gedib. 1961-ci ildə ailəsi ilə birlikdə ata-baba yurdları olan Qərbi Azərbaycanın Zəngibasar mahalının Sarıcalar kəndinə köçüb. 1969-cu ildə hərbi təhsilini müvəffəqiyyətlə başa vurduqdan sonra Bakıya gəlib və burada Azərbaycan Neft və Kimya İnstitunun avtomexanika fakültəsinə daxil olub. 1972-ci ildə hərbi xidmətə çağırılıb. 1974-cü ildə Almaniya Demokratik Respublikasında hərbi xidmətini başa vurur və yarımçıq qalmış təhsilini tamamlayıb. Xocalı faciəsindən sonra könüllü olaraq 1992-ci il 17 mart tarixində Azərbaycan Silahlı Qüvvələrinin sıralarına yazılıb. 30 aprel 1992-ci il tarixində "N" saylı hərbi hissədə 2-ci motoatıcı bölüyünə hərbi komandir təyin olunub. 13 iyun 1992-ci ildə bölük Goranboy rayonunun Buzluq, Çartaz, Erkəç kəndlərini yaraqlılarından azad edilməsində qəhrəmanlıq göstərib. Dəstə 15 erməni yaraqlısını məhv edib və 4 nəfəri əsir götürərək xeyli silah-sursat əldə edib. Koroğlu Rəhimov 5 faşisti məhv etmişdi. Bu uğurdan ruhlanan döyüşçülər ertəsi gün, iyunun 14-də başqa bir kəndi - Mənəşlini də yaraqlılardan təmizləyiblər. Sayca üstünlüyə baxmayaraq, ermənilər xeyli tələfat verməli oldular. 8 erməni öldürüldü. İyunun 15-də döyüşçülər daha mühüm obyekti - düşmənlərin ələ keçirdiyi Başkənd kəndini də azad etdilər. Madagiz və Gülüstan kəndləri də bir-birinin ardı ilə düşməndən azad edildi. 21 iyun 1992-ci ildə Madagiz kəndi uğrunda yenidən qanlı döyüş gedirdi. Elə bu an tabor komandiri Yaşar Qarayevin bir neçə döyüşçü ilə birlikdə düşmən mühasirəsində qalması barədə xəbər gəldi. Koroğlu öz dəstəsi ilə döyüşçü dostlarının köməyinə çatır. Əməliyyat uğurla nəticələnir. Madagiz ikinci dəfə işğaldan azad edilir. 3 iyul 1992-ci ildə bölük Koroğlunun əmri ilə Ağdərə istiqamətində hücuma keçilir. Bu, onun son döyüşü idi. O, Ağdərə yaxınlığındakı üçüncü savxozu erməni hərbçilərindən azad edir. Bu istiqamətdə gedən qanlı döyüşlərdə Koroğlu Rəhimov şəhid olur. 1994-cü il sentyabrın 16-da Heydər Əliyevin Fərmanı ilə Koroğlu Rəhimov Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layiq görülür.