Ekspert: "Orta məktəblərdə sinifdəki 30-35 şagirdin cəmi 5-6 nəfəri əlaçı ola bilir" - SƏBƏB


“Təhsil sistemimizdə çox ciddi, köklü dəyişiklik edilməlidir. Bu, Təhsil Nazirliyinin işi deyil. Onlar icraçıdırlar. Ciddi dəyişiklik edilməsi üçün ən əvvəl alimlərimizin elmi əsaslanmış konsepsiya yaratması lazımdır”. Yeniavaz.com xəbər verir ki, bunu sosioloq Əhməd Qəşəmoğlu bildirib.
“ Təklif etdiyim konsepsiyanın əsas müddəaları bunlardır.
1. Təhsil sistemi aşağıdakı məsələlərə indikindən qat-qat artıq diqqət yetirməlidir:
a) təhsil alanların fiziki sağlamlığının artmasına, onlarda sağlamlıq mədəniyyətinin dərindən formalaşmasına;
b) onlarda mənəvi zənginliyin möhkəmlənməsinə (mədəni, əxlaqi mənəvi dəyərlərə köklənmələrinə, vətənpərvərlik hislərinin güclənməsinə və s).
c) yaradıcı əməyə təlabatlarının yüksək səviyyədə olmasına. Öz öhdələrinə düşən işləri daha keyfiyyətli yerinə yetirmək təlabatının artmasına.
Bu keyfiyyətə malik olan şagird və tələbələrin idrakı daha yaxşı inkişaf edər və onlara verilən bilikləri daha dərindən mənimsəyərlər.
2. Azərbaycan məktəblərində mühit köklü şəkildə dəyişməlidir. 
1) Orta məktəbdə bir sinifdəki 30- 35 (bəzən 48!!!) şagirdin cəmi 5-6 nəfəri əlaçı ola bilir. Qalanlar 11 il danlanılır. Mənəvi zərbə alırlar. Əlaçı olmayanların potensialını açmaq, onların hansı peşədə daha böyük uğur qazanacığını müəyyənləşdirmək, onlarla daha çox bu istiqamətdə çalışmaq, xüsusi məktəblərə yönləndirmək sahəsində mexanizmlər yaratmaq lazımdır. 
2) Dərslər o qədər maraqlı olmalıdır ki, onlar təxirə düşəndə şagirdlər sevinməli yox, kədərlənməlidirlər.
3) Sinifdə şagirdlərin sayı normadan artıq ola bilməz. Dərslərin müasir səviyyədə keçirilməsi üçün zəruri avadanlıq, şərait olmalıdır.
4) Müəllimlərin əməkhaqqları o qədər olmalıdır ki, onlar özlərini yalnız təhsil prosesinə həsr etsinlər. Ehtiyac içində çabalamasınlar. Belə olarsa, kişilər də müəllimlikdən qaçmaz.
5) Təhsil sistemində rüşvət ən böyük cinayət sayılmalı və güzəştsiz cəza tədbirləri tədbiq edilməlidir.
6) İstər geyimlər, istər davranışlar, ünsiyyətlər məktəbdə mənəvi-əxlaqi bir müqəddəs təhsil mühiti yaratmalıdır.
3. Dərs zamanı proqramı formal həyata keçirməkdən daha vacib olan hər bir şagirddə (tələbədə) mövzuya öz qabiliyyətlərinə uyğun olaraq daha çox maraq oyatmaqdır. Proqram vacib, köməkçi vasitə olmalıdır.
- uzun illərdir öz təcrübəm əsasında deyə bilərəm ki, müəllim dərsdə öz vəzifəsini proqramda nəzərdə tutulanları sxematik olaraq həyata keçirmək hesab edirsə, şagirdlərin (tələbələrin) çoxu mövzunu yaxşı başa düşmür. Dərsə cavab verənlərin bir çoxu əzbərləyir. Təklif etdiyim variantda əlaçılar daha yaradıcı şəkildə cavab verir, qalanların isə bu istiqamətdə düşünə bildiyi hiss olunur.
4. Hər bir dərsdə şagirdlərin (tələbələrin) beyninə daha çox informasiya doldurmağa yox, onların beynində elə bir mexanizm qurmağa çalışmaq lazımdır ki, bu mexanizm lazımi informasiyaları özü axtarmağa, çəkib gətirməyə başlasın.
Bu fikir bir qədər mücərrəd görünə bilər. Amma yada salmaq olar ki, ustadlar hamısı bu yolla dərs verir. Ustad aşıqlar, müdriklər də şagirdlərini bu yolla hazırlayırdı. Dahilərin əksəriyyəti bu yolla hazırlanıb. Elmdə o adamlar böyük uğur qazanmır ki, çoxlu informasiyalara malikdirlər, beynində bu mexanizm olanlar uğur qazanır. Bu mexanizm daima sonsuz aləmdən nur daşıyır. İnsanlara çətin vəziyyətdə daha doğru yol qazanmağa kömək edir. Təhsil alanların beynini lazısız informasiyalarla çirkləndirməyin qarşısını alır.
Belə informasiyalar çoxluğu intellektin sistemli şəkildə formalaşmasına zərbə vurur. Ümumilikdə milli inkişafa mane olur.
Doğrudur, indiki müəllimlər buna hazır deyil. Müəllimlərin yenidən hazırlanması da mühüm məsələdir. Bu sahədə təcili tıdbirlər görə bilsək, şagirdlərin hər gün özündən ağır yük daşımasının qarşısın ala bilərik”.

DİGƏR XƏBƏRLƏR

Top