"Qiymət çox ucuzdur" - Qubada sahibkar əsəbləşib alma bağlarını məhv edib


Bu il şimal bölgəsindəki alma bağlarında ötən illərə nisbətən məhsul çox yüksəkdir. Məhsuldarlığın bol olması bağ sahiblərinin ürəyincə olsa da, qiymətin aşağı olması heç də onları qane etmir. Belə ki, bəzi bağ sahibləri bazar qiymətinin aşağı olmasına etiraz edərək alma bağlarını məhv etmək qərarına gəliblər. Qubanın ağ almasının "qara günləri"ni yaşadığını iddia edən fermerləri əldə edilən məhsulun ucuz qiymətə satılması və çəkilən xərci ödəməməsi narahat edir. Bu səbəbdən qubalı fermerlər alma bağlarının sayını azaltmağı planlaşdırır.
Xaçmaz rayon Arzu kənd sakini Nazim Məmmədov isə daxili bazarın heyfini almalardan çıxıb. Almanın qiymətinin aşağı olmasına qəzəblənərək, 10 hektara yaxın olan 20 illik alma bağını məhv edib. O, alma ağaclarını traktorla kökündən çıxarıb.
Nazim Məmmədov alma bağında yüksək məhsuldarlığın olmasına baxmayaraq, gəlir əldə edə bilməməsinə qəzəbləndiyini bildirib. "Mən 20 ildir ki, bu işlə məşğul oluram. İlboyu ailəmi buradan gələn gəlirlə dolandırıram. Bu il məhsuldarlığın bol olması ürəyimcə olsa da, almanın kiloqramının 0.25 azn olması ümidlərimizi puç etdi. Bu səbəbdən ağacları traktorla kökündən çıxartdım”.
Alma ağaclarının yerinə yonca əkəcəyini vurğulayan N.Məmmədov hesab edir ki, puç olmuş ümidlərini bəlkə yonca bitkisi doğrulda.
Qeyd edək ki, son zamanlar almanın Rusiya bazarlarına aparılması da xeyli azalıb. Yol xərci baha olduğundan bu ölkənin bazarlarına meyvə aparmaq sərfəli deyil. Fermerlər yeganə çıxış yolunu məhsulun soyuducu anbarlarda saxlanılmasında görür. Soyuducu anbarlarda saxlanılan məhsul keyfiyyətini itirmir. Amma bu da fermerə baha başa gəlir. Məhsulların həyətyanı sahələrdə saxlanılması isə sonda meyvənin 60-70 faizinin itkisi ilə nəticələnir.
Kənd təsərrüfatı sahəsi üzrə ekspert Qadir Bayramlının sözlərinə görə, bu cür problemlər yaranmasın deyə fermerlərə öz məhsullarını xarici bazara çıxarmaq imkanları yaradılmalıdır: "Digər bir variant isə meyvə şirəsi şəbəkəsini genişləndirməkdir. Həmin meyvələrin konservləşdirilmiş formada istehsalını da stimullaşdırmaqla fermerlərin problemini həll etmək olar”.
Alma bağlarının salınmasının uzun illər və böyük əziyyət tələb etdiyini vurğulayan iqtisadçı deyib ki, məhsulun yerdə qalmasının bir səbəbi də fermerlərin daxili bazarda araşdırma aparmaması ilə bağlıdır:
"Düzdür, bu məsələ meyvələrdən daha çox tərəvəz yetişdirən sahibkarların problemidir. Bu il bazarda sarımsaq qıtlığı varsa, gələn il üçün bütün fermerlər kütləvi şəkildə sarımsaq yetişdirir. Nəticədə isə qiymət ucuzlaşır. Bazarı yaxşı araşdırmaq üçün Fermer Birlikləri olmalıdır.
Hər nə qədər uzun illər ərzində salınan alma bağlarının məhv edilməsi xoşagəlməz hal olsa da, bu fermerlərin şəxsi işidir. Onların müstəqilliyinə toxunmaq da düzgün deyil”.
("Şərq" qəzeti)

DİGƏR XƏBƏRLƏR

Top