"İlin sonunadək Azərbaycanda dizel və benzinin qiyməti bahalaşa bilər"


Rusiya Hesablama Palatası 1 yanvar 2019-cu ildən yanacağa tətbiq olunan aksiz markalı benzinin qiymətlərinin kəskin arta biləcəyi ilə bağlı bəyanat verib. Bu barədə Rusiya Hesablama Palatasının 2019-2021-ci illər büdcə layihəsinə dair hesabatında bildirilir.
Qurum bildirib ki, bu cür vəziyyət kompensasiya xarakterli əlavə tədbirlərin tətbiq olunması ilə nəticələnəcək: "1 yanvar 2019-cu ildən etibarən aksiz markasının 1,5 dəfə artırılması benzinin qiymətinin kəskin artması ilə nəticələnə bilər”.
Bəs, Rusiyada benzinin bahalaşma ehtimalı ölkəmiz üçün də keçərli ola bilərmi?
Yeniavaz.com xəbər verir ki, iqtisadçı-ekspert Natiq Cəfərli "Şərq” qəzetinə açıqlamasında bildirib ki, Rusiyada benzinin bahalaşması ilə bağlı qanunvericiliyə dəyişiklik olunub, benzinin aksiz markasının qiyməti və vergisi qalxıb. Ekspertin sözlərinə görə, ölkəmizdən fərqli olaraq Rusiyada bir gecənin içində yox, öncədən bahalaşmanı qanuna dəyişiklik şəklində ediblər:
"Təbii ki, bu bahalaşma qonşu ölkələrə də təsirsiz ötüşmür. Ən azından ona görə ki, əgər Azərbaycanda benzinin və dizel yanacağının qiyməti indiki səviyyədə qalsa, Rusiya avtomobillərini Azərbaycan tərəfinə keçirib yanacaq ehtiyatını götürəcək. Rusiya benzin və dizel yanacağı almağa başlayacaq ki, bu da A92 və dizel yanacağının ölkə xaricinə çıxmasına səbəb olacaq. Çünki Gürcüstanla bağlı da belə problem yaşanır. Gürcüstan tərəfindən Azərbaycana gələrək benzin depolarını doldurub geri qayıdan avtomobillər kifayət qədər çox olub. Əgər Rusiya ilə də belə hadisə yaşansa, ölkəmizdə A92 və dizel yanacağının qıtlığı və ya tez-tez tükənməsi ola bilər”. 
İqtisadçı bildirib ki, Azərbaycan premium markalı benzini xarici ölkələrdən kifayət qədər baha qiymətə alır. Ona görə də Rusiyada benzinin bahalaşması Azərbaycanda premium markalı benzinin qiymət artımına səbəb olmayacaq: "Lakin ölkəmizdə istehsal olunan dizel və A92 markalı benzinin qiymətində bahalaşma ola bilər. Bundan sonra Azərbaycan rəsmiləri A92 markalı benzinin və dizel yanacağının ölkədən çıxmasının qarşısını almaq üçün qiymət artımına gedə bilərlər. Onsuz da bizdə premium markalı benzinlə A92 və dizel markalı yanacağın arasında kifayət qədər böyük qiymət fərqi var. Dünyanın nadir ölkələrində belə fərq yaranıb. Bu fərqin bağlanması üçün bəlkə A92 markalı benzinlə dizel yanacağının qiyməti ilin sonuna yaxın artacaq”.

DİGƏR XƏBƏRLƏR

Top