"Analar necədirsə, qızları da elədir" - Tanınmış teleaparıcı


Oktyabrın 11-i "Beynəlxalq Qız Uşaqları Günü"dür. Bu gün erkən nikah da daxil olmaqla, müxtəlif problemlərlə üzləşən qız uşaqlarının hüquqlarının müdafiəsinə həsr edilib. "Qız Uşaqları Gəlin Deyil" təşkilatının hesablamalarına görə, bu gün uşaq yaşlarında ərə verilən qızların sayı sürətlə artır. Təşkilat azyaşlıların evliliyinin təbii və humanitar fəlakətlərə səbəb olduğunu qeyd edir və bütün dünya hökumətlərini erkən nikaha son qoymaq üçün iş aparmağa çağırır. Biz də bu yazımızı həmin gün münasibəti ilə qız uşaqlarının başlıca problemlərini gündəmə gətirməyə (təhsil almaq, erkən nikah, selektiv abort və s. kimi) və bu problemlərin həlli yollarını axtarmağa həsr etdik.
 
"Ailə dağılanda, təkcə ailəyə yox, cəmiyyətə də zərər dəyir"
Tanınmış teleaparıcı və ictimai xadim, "Aydınlığa doğru" milli-mənəvi dəyərlərin qorunması İctimai Birliyinin rəhbəri Solmaz Əmirli mövzu ilə bağlı jurnalımıza açıqlama verdi. Solmaz xanım bildirdi ki, rəhbəri olduğu ictimai birlik artıq 4-cü ildir ki, "Ailə akademiyası" layihəsi hazırlayır: "Biz bu layihəni daha çox orta məktəblərdə yuxarı sinif şagirdləri ilə başlamışıq. Yəni, ailədaxili münaqişələr, onların səbəbləri, çıxış yolları. Bu çox ciddi məsələdir. Son illərin statistikasına görə Azərbaycanda hər qurulan 5 ailədən biri dağılır. Bu olduqca ciddi problemdir. Ailə dağılanda, təkcə ailəyə yox, cəmiyyətə də zərər dəyir. Biz sosial çarx çəkmişik, o çarxda ailə münaqişələrinin səbəbləri göstərilir və o problemlərdən biri də erkən nikahdır. Erkən evliliyin çox ciddi fəsadları var. Bu problemə daha çox regionlarda rast gəlirik".
Solmaz Əmirli qız uşaqları ilə bağlı müşahidə etdiyi çox ciddi və onu ağrıdan məsələlərdən də danışdı. O qeyd etdi ki, qız uşaqlarının sosial mediadan aldığı dəyərsizliyin arxasınca getməsi çox ciddi problemdir: "Əgər biz qız uşaqlarımıza ailə dəyərlərini izah edə bilmiriksə, onların gələcəkdə dəyərli ana olmağına zəmin yarada bilmiriksə, onlara doğru tərbiyə verə bilmiriksə, bu gələcəkdə ailənin, cəmiyyətin probleminə çevrilir. Bu da dolayısı ilə gətirib ailələrin dağılmasına çıxarır".
 
"Tərbiyə ailədən başlayır"
Tanınmış aparıcı gənc analarla bağlı da fikirlərini dedi: "Dinimizdə səbir deyilən böyük bir anlayış var. Ailə quran qadınlarda, gənc analarda səbir olsa, təxminən 3 il sonra onlara bu gün problem kimi görünən şeylər əslində problem olmayacaq. Mən qız uşaqları ilə bağlı problemləri ailə ilə bağlayıram. Çünki qız uşağı ailədən gəlir, ailə qurur, ana olur və s. Məşhur pedaqoqlar da həmişə deyirlər: "Tərbiyə ailədən başlayır".
Bizim analarımız necədirsə, 99 % qızlarımız da elədir. Mən qız uşaqları ilə bağlı bütün problemləri və həlli yollarını ailədə görürəm. Mən dini dəyərlərə bələd və bu məsələlərlə uzun illər məşğul olan bir adam kimi bu mövzuda Space Radiosunda 17 ildir veriliş aparıram. Dinimizdə həm qadınların, həm kişilərin, həm də uşaqların üzərinə düşən vəzifələr Allah tərəfindən çox gözəl müəyyənləşdirilib. Biz bu dəyərləri olduğu kimi övladlarımıza çatdıra bilsək, onları bu dəyərlərlə tərbiyə edə bilsək, inandırıram sizi heç bir problem olmaz. Biz bu dəyərləri uşaqlara vermədən cəmiyyətə buraxırıq".
 
"Ən vacib problem düşüncə və stereotip problemidir"
"Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova da qız uşaqları günü ilə bağlı hazırkı vəziyyətdə ən narahatedici məsələlərdən danışdı: "Bir neçə məsələ var ki, bunlar da zəncirvari xarakter daşıyır. Xüsusilə də, selektiv abortlar, erkən nikah, qızların təhsili və s. kimi problemlər ciddi narahatlıq doğurur. Lakin mənə görə ən vacib problem düşüncə və stereotip problemidir. Yəni, bu problemlər əsasən insanların qız uşaqlarına qarşı münasibətdə formalaşdırdıqları stereotiplərdən yaranır. Mən deməzdim ki, ölkədə qız uşaqlarına qarşı kütləvi təzyiq var. Məsələn, əksinə son illər ataların qız uşaqlarını dəstəkləməsi və qız uşaqlarına qarşı münasibətdə pozitiv rəyləri sevindirməyə bilmir. Lakin etiraf edək ki, stereotiplər və ya başqa sözlə, köhnə adətlərə yeni çalar verərək gündəmə çevrmək həqiqi narahatlıq doğurur. Düşünürəm ki, bu məsələyə daha çox diqqət artırılmalıdır və qızların təhsili məsələsi də bu stereotiplərdən irəli gələrək əngəllənməməlidir".
 
Selektiv abortların səbəbi nədir?
Birlik sədri selektiv abortlarla bağlı danışarkən bildirdi ki, cinsə görə abortlar qız uşaqlarına qarşı nifrətdən irəli gəlmir: "Bu qatı stereotiplərə bağlı insanlar namus adı altında özlərini sığortalamaq üçün ana bətnində uşağı öldürür. Elə erkən nikah da onu kimi. Yəni, məntiqlə yanaşanda bu problemlər nə iqtisadi, nə sosial məsələlərlə bağlı deyil. Problem mənəvi əxlaqi məsələlərə köklənib. Doğrudur, bir sıra ekspertlər ciddi cəhdlə bunu sosial və iqtisadi məsələ ilə bağlayırlar. Amma onda sual verirəm, niyə oğlan uşağının dünyaya gəlməsinə sosial iqtisadi amil təsir etmir? Əgər qız uşağına kapital yatırımı (beyin yatırımı) etməkdən imtina edirlərsə, gələcəkdə qızın qazancının başqa evə axmasını əsas gətirirlərsə, bu yanlışdır. Çünki, lap dərin qatda yatan səbəb mənəvi əxlaqi məsələdir. Ümumilikdə isə qız uşağının peşəyə yönəldilməsi bizdə hələ ənənə halına keçməyib. Qız uşaqlarının erkən ailəyə hazırlığı bizdə qab-qaşıq yumaq öyrətmək tendensiyasında özünü büruzə verir. Amma mahiyyətcə qız uşağının ailə və uşaq tərbiyəsinə hazırlığı, vətəndaş böyütmək bacarığı kifayət qədər təbliğ edilmir. Ailələr qız uşaqlarının öz hüquqlarını öyrənməsinə də ciddi əngəl törədir. Bu sadəcə olaraq ənənəvi ailə davranışıdır".
 
"Valideynlər uşaqlarının cinslərinə görə ayrıseçkilik etməməlidirlər"
Sosioloq Cavid İmamoğlu bildirdi ki, Azərbaycan reallığında, xüsusilə yeniyetmə yaş dövründən etibarən qız uşaqlarının tərbiyəsində, yönləndirilməsində ciddi problemlərə rast gəlirik: "Bu həm də oğlan uşaqları ilə bağlıdır. Son illər Azərbaycanda cinayət törətmiş uşaqlar içərisində oğlanlar daha qabarıq görünür. Qızlarla müqayisədə oğlanların problemləri daha acınacaqlıdır. Amma standartlarla müqayisə edəndə görürük ki, Azərbaycan ailəsində qız uşaqlarının tərbiyəsində, onların psixologiyasının formalaşdırılmasında ciddi nöqsanlarımız var. Qız uşaqlarının hüquqlarına hörmət dedikdə bizdən nə tələb olunur? İlk növbədə, Azərbaycan Respublikasının uşaq hüquqları ilə bağlı qanunda nəzərdə tutulduğu kimi onların uşaqlıq hüququnu tanımaqdır. 18 yaşından əvvəl onları ailə qurmağa məcbur etməməkdir. Bunu təkcə valideynlər yox, ümumilikdə cəmiyyət tələb etməlidir".
Sosioloq qız uşaqlarının problemlərinin həlli yollarından danışanda təhsil almağın vacibliyini də qeyd etdi: "Ailələrdə valideynlər qız uşaqlarına "Qız köçəri quşdur" məntiqi ilə yanaşırlar. Yəni, ailə qurub gedəcəklər. Ona görə də, qız uşaqlarına sərmayə qoymağı vacib hesab etmirlər. Halbuki bu qız uşaqlarının gələcək taleyinə birbaşa təsir edir. Hər bir valideynin borcu həm də öz övladına təhsil verməkdir. Valideynlər uşaqlarının hüquqlarına riayət etməli, onların cinslərinə görə ayrıseçkilik etməməlidirlər".
Cavid İmamoğlu selektiv abortlardan da danışdı. Bildirdi ki, dölün cinsinə görə abort edilməsi ilə bağlı cəmiyyət öz sözünü deməlidir: "Cəmiyyət birmənalı şəkildə cinsinə görə edilən abortu qınamalıdır. Qız uşaqlarına münasibət dəyişməsə, qız uşaqlarının dəyəri bilinməsə, onlara qarşı həm fiziki, həm psixoloji zorakılıq heç vaxt azalmayacaq".
 
"Ailəm" jurnalı, oktyabr sayı
Rasim Məmmədli

DİGƏR XƏBƏRLƏR

Top