244 saylı məktəblə bağlı yayılan məlumatın əsası varmı? - "Heç kim uşaqlardan analiz götürməyib"


Dünən övladı Bakının Binəqədi rayonu, 244 saylı orta məktəbdə təhsil alan valideynlər arasında yayılmış bir məlumat onların narahatlığına səbəb olub. İddia edilib ki, hələlik kimliyi bizə məlum olmayan bir qadın məktəbin korpuslarından birinə daxil olaraq uşaqlardan analiz üçün sidik nümunəsi götürüb. Yeniavaz.com saytına verilən məlumata görə, bu barədə valideynlərin "Whatsapp" qrupunda da məlumat verilib, narahatlıq ifadə olunub.
Qeyd olunub ki, bir xanım məktəbin korpusuna daxil olduqdan sonra çoxlu sayda uşaqdan analiz üçün sidik nümunəsi götürüb. Qəribədir ki, valideynlər həmin şəxsin haradan gəldiyi, kim olduğu, ümumiyyətlə, belə bir söz-söhbətin nə dərəcədə əsaslı olması barədə tam məlumatlı deyillər. Bütün bunlara baxmayaraq, eşidən-bilən valideynlər narahat olublar. Bəziləri hətta indi də həmin xanımın kimliyini bilmədikləri üçün nigarandılar.
Məktəbin tərbiyə işləri üzrə direktor müavini Ləman Sadıqova Yeniavaz.com-un əməkdaşına bu barədə söz-söhbət yayılmasından xəbərdar olduqlarını deyib. Onun sözlərinə görə, məktəbin bütün korpuslarına tam nəzarət var və narahatlığa əsas yoxdur: "126 saylı məktəbin ibtidai sinifləri bizim məktəbə birləşdirilib və bu da çoxlarının ürəyincə deyil. Yəqin ki, belə məlumatların, şayiələrin yayılmasında kimlərsə maraqlıdır, narahatlığa əsas yoxdur".
Direktor müavini məktəbdə belə bir hadisənin olması barədə deyilənlərin əsassız olduğunu qeyd edib.

DİGƏR XƏBƏRLƏR

Top