
“Ona görə oğurluq edirdim ki, yaxşı yaşayım. Ona görə də harda açıq pəncərəli ev görürdümsə, ora pəncərədən keçib qızılları, pulu götürüb, çıxırdım. Beləliklə, Mingəçevirdə 7 ev yarmışam. Oğurluğa tək gedirdim. Mən də yaxşı yaşamaq, geyinmək, gəzmək istəyirəm. Amma gördüm ki,bu çıxış yolu deyil. Bilirdim ki, səhv yoldayam, amma əlim öyrənmişdi. Törətdiyim cinayət əməlindən peşimanam”. Bu sözləri Yeniavaz.com saytına Mingəçevir polisi tərəfindən tutulub istintaqa təhvil verilən 1990-cı il təvəllüdlü Mingəçevir şəhəri, H. Əliyev pr. ev ½, mən 35-də yaşayan Allahverdiyev Asiman Məcid oğlu polis bölməsinin tanıtma otağında çəkiliş zamanı bildirib.

Mingəçevir Şəhər Polis Şöbəsinin İstintaq bölməsinin müstəntiqi, polis baş leytenantı Kərim İsmayılbəyli bildirib ki, şəhər sakinəri polis şöbəsinə yaşadıqları mənzillərdən qızıl-zinət əşyalarının oğurlanması ilə bağlı ərizə ilə müraciət ediblər. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində müəyyən olunub ki, qeyd edilən hadisələr Mingəçevir şəhər sakini 28 yaşlı Allahverdiyev Asiman Məsid oğlu tərəfindən törədilib. Asiman Allahverdiyev törətdiyi cinayət əməlləri nəticəsində Mingəçevir şəhər sakinlərinə 7 min manat dəyərində maddi ziyan vurub. Hazırda Asiman Allahverdiyev barəsində Şəki Appelasiya Məhkəməsinin qərarı ilə 3 ay müddətinə həbs qəti imkan tədbiri seçilib. Qeyd edək ki, Mingəçevir polisi son 6 ayda şəhərdə oğurluq hadisələri törədən bir qrup dəstəni də aşkar edərək, cinayət məsuliyyətinə cəlb edib.
Esmira Hidayətova, Mingəçevir