Hakerlər 50 milyon “Facebook” istifadəçisinin profilini nəzarətə götürdü

 
“Facebook” şirkəti təhlükəsizlik sistemində problemlərin aşkarlandığı barədə məlumat verib. Yeniavaz.com “RİA Novosti” agentliyinə istinadla xəbər verir ki, problem sosial şəbəkənin təqribən 50 milyon istifadəçinə toxunub.
 
Şirkətin mühəndisləri təhlükəsizlik sistemindəki problemi sentyabrın 25-də aşkarlayıblar. Belə ki, hakerlər “Facebook”un şifrəsindəki boşluqdan istifadə ediblər, bu da “Mənim profilimə baxış” funksiyasına təsir göstərib.
 
Bu onlara giriş markerlərini oğurlamağa imkan verib, cinayətkarlar insanların akkauntları üzərində nəzarəti ələ keçirmək üçün markerlərdən yararlanıblar. Giriş markerləri istifadəçilərə “Facebook”da avtorizasiyadan keçmiş kimi qalmağa imkan verir və sosial şəbəkədən hər dəfə istifadə zamanı şifrəni yığmağa ehtiyac qalmır.
 
Şirkətdən bildiriblər ki, boşluq aradan qaldırılıb və hüquq-mühafizə orqanlarına məlumat verilib, eləcə də problemin toxunduğu 50 milyon istifadəçinin giriş markerləri yenidən tənzimlənib. Şirkət, həmçinin ehtiyat tədbiri olaraq daha 40 milyon istifadəçinin giriş markerlərini yenidən tənzimləmək qərarına gəlib.
 
Nəticədə təxminən 90 milyon insan “Facebook”da, yaxud “Facebook” loginin istifadə edildiyi digər tətbiqlərdə təkrar avtorizasiyadan keçməlidirlər. “Mənim profilimə baxış” funksiyası təhlükəsizliyin yoxlanılması üçün müvəqqəti dayandırılıb.

DİGƏR XƏBƏRLƏR

Top