
Xəbər verildiyi kimi, Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Prezident Administrasiyasının xarici əlaqələr şöbəsinin rəhbərinin müavini vəzifəsinə təyin olunub. Novruz Məmmədovun baş nazir təyin olunmasından sonra yeri boş qalmışdı. Hikmət Hacıyev şöbə rəhbərinin səlahiyyətlərini icra edəcək. H. Hacıyev 2014-cü ildə XİN-in mətbuat xidmətinin rəhbəri təyin edilmişdi.
Maraqlıdır ki, Hikmət Hacıyevin yeni təyinatından sonra, yəni hazırda XİN kimi önəmli bir dövlət qurumunun mətbuat xidməti jurnalistlərin suallarını cavablandırmır və ya cavablandıra bilmir. Adətən, dövlət qurumlarında mətbuat xidmətlərinin rəhbərləri başqa işə təyinat alanda, yaxud hansısa səbəbdən işdə olmayanda onları köməkçiləri əvəz edir, jurnalistləri həmin qurumun önəmli bir şəxsinə yönəldirlər və açıqlamalar verilir. Hazırda isə XİN-də belə deyil.
Məsələn, Yeniavaz.com saytı bu gün XİN-in mətbuat xidmətinə zəng vuraraq, xalq şairi Bəxtiyar Vahabzadənin oğlu, sabiq səfir İsfəndiyar Vahabzadənin mətbuata açıqlamasında səsləndirdiyi ittihamlara mövqe öyrənmək istəyib.
Qeyd edək ki, İsfəndiyar Vahabzadə iddiasında bildirib ki, XİN-in 18 əməkdaşının anası və ya həyat yoldaşı ermənidir və bununla bağlı vaxtilə Elmar Məmmədyarova məktub yazaraq, suallar ünvanlayıb, cavab almaq istəyib.
İsfəndiyar Vahabzadə onu da deyib ki, Elmar Məmmədyarov Azərbaycan dilində danışa bilmir və kimlərəsə əl verir ki, Azərbaycan dilini bilməyən şəxs XİN-in rəhbəri olsun.
XİN-in mətbuat xidmətinə etdiyimiz zəngə cavab verən xanım mövzu ilə maraqlandıqdan sonra deyib ki, Hikmət Hacıyevi əvəz edən şəxs olmadığı üçün bu suallarımıza cavab verə bilməyəcək: "Hikmət müəllim başqa işə keçib və hazırda onu heç kim əvəz eləmir. Ona görə sualınıza mən də cavab verə bilməyəcəyəm. Hər şey rəhbərlikdən asılıdır, əgər qərar verilsə, onun yerinə kimsə tezliklə təyin olunacaq, hazırda isə belə bir təyinat yoxdur. Sizin cavab almaq istədiyiniz mövzudan xəbərdar oldum, qeyd edirəm, şöbədə məsləhətləşək, görək nə edə bilərik".
Xanım əməkdaşdan soruşduq ki, bəlkə XİN-in saytında qeyd olunan "[email protected]" emailinə sorğu göndərsək, sualımıza tez cavab verilər? Münasibəti belə oldu: "Sizi başa düşürəm, ancaq hazırda XİN mətbuat xidmətinin rəhbəri yoxdur və onu kimsə əvəzləmir deyə qısa zamanda köməklik edə bilməyəcəyik".