İmişli rayonunun Əliyetməzli kəndində təhsil alan şagirdlərin valideynləri Yeniavaz.com saytına müraciət ediblər. Onlar övladlarının oxuduğu məktəbdə qeyri-leqal fəaliyyətlərin vüsət aldığını bildiriblər.
Kənd sakinlərindən - Şamil Məmmədov, Rasim Məmmədov, İbad Əbilov, Zahir Əbilov, məzunlardan Şaiq Məmmədov bildiriblər ki, məktəbdə bir neçə ildir adına əməkhaqqı yazılmasına baxmayaraq, Gülnar adlı Azərbaycan dili müəlliməsini nəinki şagirdlər, heç müəllimlər də tanımırlar: "Dövlət büdcəsinə öz maraqları naminə ziyan vurmuş direktor niyə cəzalandırılmır? Məktəbin psixoloqu kimdir? Bəli, psixolq da var, lakin nə biz tanıyırıq, nə də ki övladlarımız. Staj yazılsın, adını belə bilmədyimiz psixoloqun maaş kartı isə direktorda, bu hansı qanun, hansı qayda ilə tənzimlənir?".
Şikayətçilərin iddiasına görə, məktəbdə 1 ildir Tarix müəlimi də yoxdur: "Bəli, müəllim analıq məzuniyyətində olub, qanunla bu mümkündür, lakin 1 il yox, 124 gün. Bəs geridə qalan günlər? Adına əməkhaqqı yazılıb, amma... Dəyən yenə bizim övladlarımıza dəyib, bəs bunun cavabını kim verəcək? Məktəbdə bundan öncəki illərdə Fizika müəllimi olmamasına, Riyaziyyat müəlliminin imtahan balının az olmasına baxmayaraq, yerlər niyə neçə ildir vakansiyaya çıxmayıb?".
Şikayətçilər onu da qeyd ediblər ki, Təhsil Nazirliyinin keçən il təyinat verib göndərdiyi İnformatika müəllimi ailə həyatı qurub, yeri də vakansiyaya çıxarılmayıb: "Artıq məktəb şagirdləri buna vərdiş ediblər, bizim isə səbrimiz tükənib. Məktəbin təşkilatçı müavinini də tanımırıq, xahiş edirik, onu da məktəbin şagirdlərinə və biz valideynlərə tanıtsınlar".
Kənd sakinlərinin sözlərinə görə, məktəbdə adıçəkilən fənlər üzrə müəllimlərin dərsə gəlməməsi, dərslərin lazımınca keçilməməsi yekun nəticədə şagirdlərin təhsilinə mənfi təsir göstərir: "Övladının ali məktəbə girməsini istəyən valideynlər məcbur qalıb uşaqlarını ya hazırlığa göndərirlər, ya başqa müəllim tutub hazırlaşdırırlar ki, bu da maddi olaraq baha başa gəlir. Valideynlər olaraq bu məsələlərin ciddi şəkildə araşdırılmasını, suallarımızın cavablandırılmasını istəyirik. Bununla əlaqədar İnsan Resursları Mərkəzinə, Təhsil Nazirliyinə, sosial şəbəkədəki "Təhsil şikayətləri" qrupuna müraciətlər etmişik, ancaq hələlik bir nəticəsi yoxdur".
Məsələ ilə bağlı Yeniavaz.com saytı ittiham olunan tərəfin - İmişli rayon Əliyetməzli kənd orta məktəbinin direktoru Tahir İsmayılovla əlaqə saxlayıb. Tahir müəllim ittihamlara belə cavab verib: "Hələ dərslər başlamayıb, başlayanda inşallah, gəlin, maraqlanın. Düzdür, ola bilər ki, dərs başlayanda hansısa müəllim gəlməz, işi çıxar, yaxud deyər "xəstəyəm, müalicə olunmalıyam", ona nə deyim? Hazırda elə şey yoxdur. Ola bilər haqqımda ittiham səsləndirən adam umacaqlıdır, nə isə deyiblər, alınmayıb. Bura normal fəaliyyətini göstərən məktəbdir, göstəricisi də babatdır. Direktor təyin olunmağımın 1 ili hələ tamam deyil. 62 yaşım var, 3 il idi direktoru əvəz edirdim, sonra mən təsdiq olundum. Mənim heç kimlə işim yoxdur, nə də bu yaşda durub saxta nə isə etməyim düz gəlməz axı. Kiçik məktəbdir, müəllim də çoxdur, elə bir ucdan da yeniləri gəlir, hamısı təsdiq olunacaq, inşallah.
Hər yerdə müdiriyyətin imkanı, səlahiyyəti var ki, 1-2 adama yeri gələndə xəstəliklə bağlı, uzaq yerdə yaşayana hansısa problemlə bağlı 1 gün, yarım gün icazə verə bilər. Davamlı şəkildə kiməsə icazə vermək olmaz axı.
Deyirlərsə, məktəbinizdə ixtisası uyğun gəlməyən müəllim çalışır, onda soruşuram - hansı müəllim? Məktəbimizin Azərbaycan dili müəllimi var, desəm gecə dərs keç, gecə də keçər. Məktəbimizə keçən il gəlib, özü də heç uşaqlardan ayrılmır. Bəzən olurdu ki, özüm deyirdim ay "Kənanə müəllimə, dərsin vaxtı qurtarıb, dur get evinizə".
Tarix müəllimi isə kəndimizdə qalırdı, indi uşağı var, yeni dərs ilində gəlib kənddə qalacaq-qalmayacaq, bəlkə öz hesabına icazə götürəcək, bunlar yeni dərs ilində bilinəcək. Fakt gəlib-gedir, bəzən deyir ki, "müəllim, evdə uşaq var, mənə icazə ver". Ona da demişəm ki, bala, dərs başlayanda belə olmayacaq, indi dərs keçilmir deyə, icazə verə bilirəm. Dərs olan vaxt biləcəyik ki, nə edəcəyik. Əgər hansısa müəllim gələ bilməsə, qonşu kənddən onu əvəz etmək üçün müəllim gətirəcəyik".
Məktəbdə təşkilatçı müavinin olmaması barədə deyilənlərə gəlincə, direktor bunları bildirib: "Əvvəl rus dili müəllimi var idi, bu işdə çalışırdı, sonra işdən çıxdı. Bizim kənddən olan çox savadlı bir müəllim var - Şaiq Məmmədov, özü də mənim qohumumdur, istəyirdik ki, o olsun. Özləri də Təhsil Şöbəsinə bununla bağlı müraciət etmişdilər. Şaiq Məmmədov qonşu kənddə - Xəlfəlidə işləyir. Təzə təlimat var ki, başqa məktəblərdən vəzifəyə getmək üçün onlar ya vəzifədə olmalıdır, ya da Nazirliyin xüsusi məktubu olmalıdır. Əgər Şaiq müəllimin əmri gəlməsə, məktəbimizin müəlliməsi Azadə xanım bu işdə çalışmaq istəyir. Mən özüm-özümə Şaiq müəllimi bu işə götürə bilmərəm, o başqa məktəbin müəllimidir, təyinatla gedib".