“Camaat elə bilir ki, biz bu sahədə heç bir iş görmürük”

Mingəçevir şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi çərçivəsində görülən işlərə şəhərin media qurumları və Su-kanal idarəsinin rəisi Mustafa Kərimovun iştirakı ilə baxış keçirib.

Yeniavaz.com-un məlumatına görə, Mustafa Kərimov məlumat verərək qeyd edib ki, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində “Mingəçevir şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi”nin icrasına 2011-ci ilin oktyabrında başlanıb. Dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilən layihə 2035-ci ilə qədər perspektiv inkişaf nəzərə alınmaqla Mingəçevir şəhərində 151 min nəfərin içməli su və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanıb.

Şəhərin yaşıllığını qorumaq üçün şəhərdə texniki suyun verilməsi ilə bağlı da işlərin aparıldığını bildirən Mustafa Kərimov deyib ki, hazırda əhaliyə verilən su xlorlanır. Xlorlu suyu təsərrüfatda işlətmək olmaz. Ona görə də bu layihə başa çatdıqdan sonra köhnə xətlər istismardan çıxarılır: “Nisbətən xəttin salamat hissəsini Şəhər İcra Hakimiyyəti Nazirlər Kabineti səviyyəsində “Azərsu”dan öz balansına götürsə, ordan su götürüb heç bir nasos istifadə etmədən şəhərin yaşıllığını suvarmaq mümkündür: “Hazırda bu sahədə işlər aparılır. Camaat elə bilir ki, biz bu sahədə (yaşıllığı qorumaq sahəsində) heç bir iş görmürük. Onu da qeyd edim ki, bu təmizləyici qurğu Azərbaycanda Bakıda Ceyranbatan su anbarında, Mingəçevir, Lənkəran və Qubada var. Mingəçevirdə tikilən bu qurğu Azərbaycanda ikinci ən böyük qurğudur. Şəhəri içməli su ilə təmin etmək üçün mənbə olaraq Mingəçevir su anbarı seçilib və onun yaxınlığında müasir sutəmizləyici qurğunun inşası layihələndirilib. İlkin mərhələdə burada təbii şəraitdə durulan suyun təmizləyici qurğuya ötürülməsi məqsədilə göldən təmizləyici qurğuya diametri 800 millimetr olan borularla 720 metr uzunluğunda əsas daşıyıcı kəmər inşa edilib. Təmizləyici qurğunun yeri elə seçilib ki, göldə suyun səviyyəsi minimum həddə düşəcəyi halda da buradan qurğuya su özüaxımlı rejimdə ötürüləcək. İstehlakçıların keyfiyyətli içməli su ilə təmin edilməsi üçün məhsuldarlığı sutkada 55 min kubmetr və ya saniyədə 636 litr olan müasir tipli qum süzgəcli təmizləyici qurğu tikilib. Diqqətinizə çatdırım ki, suyun təmizlənməsi heç bir kimyəvi reagentlərdən istifadə olunmadan aparılır və onun keyfiyyət göstəriciləri Dünya Səhiyyə Təşkilatının standartlarına tam cavab verir. Mingəçevir əhalisi üçün ən vacib obyekt bu su təmizləyici qurğu stansiyasıdır. Onu da deyim ki, gələcəkdə bu qurğudan Yevlax şəhərinə və əhalisi 8500 nəfər olan 7 kəndə içməli suyun verilməsi nəzərdə tutulur. Bu məqsədlə Mingəçevir su anbarından Yevlax şəhərinə 35 kilometr uzunluğunda yeni magistral kəmərin və hər birinin tutumu 5 min kubmetr olan iki anbarın tikintisi layihələndirilib. Artıq magistral kəmərin Kür çayının keçidinə qədər olan 2,8 kilometrlik hissəsi tikilərək hazır vəziyyətə gətirilib”.

Mustafa Kərimov jurnalistlərə açıqlamasında onu da qeyd edib ki, Mingəçevir şəhərinin ilk mərkəzləşdirilmiş içməli su təchizatı və kanalizasiya sistemləri 1950-1960-cı illərdə mərhələlərlə yaradılıb: “Şəhərin içməli su təchizatı Mingəçevir su anbarı, Kür çayı və Qarabağ kanalı hesabına aparılırdı. Şəhərdə mövcud olmuş 175 kilometr uzunluğunda içməli su şəbəkəsi bütün istehlakçıları əhatə etmirdi və istismara yararsız vəziyyətə düşmüşdü. İçməli su fasilələrlə verilirdi. Əhalinin qalan hissəsi tələbatını fərdi qaydada ödəyirdi. Mingəçevirdə mövcud olmuş kanalizasiya şəbəkəsi də şəhəri tam əhatə etmirdi və uzun müddət istismar olunaraq yararsız vəziyyətə düşmüşdü. Məhsuldarlığı sutkada 15 min 300 kubmetr olan tullantı sutəmizləyici qurğunun fəaliyyəti 1985-ci ildən dayandırılıb”.

Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top