"Son dəfə 5 saylı xəstəxananın əsas korpusunda düz 25 il əvvəl olmuşdum. Atam ağır əməliyyat olunmuşdu, orda yatırdı. Elə, o ağır əməliyyatdan sonra öldü. Xəstəxanadan çıxandan bir-neçə gün sonra, evimizdə hamımızla xudahafizləşdi, əlini son dəfə göyə qaldırıb bizə yellədi.
Atam, Natiq Səfərov, Əmiş əmim, hər üçü bu xəstəxanaya nisbətən sağlam gəlsələr də, ya ölü, ya da ölümcül burdan ayrılıblar. Bu səbəbdən, həmin xəstəxana ilə məni bir dənə də olsun xoş xatirə bağlamır". Yeniavaz.com xəbər verir ki, bunu nasir, tərcüməçi-yazar Şahbaz Xuduoğlu bildirib.
Onun 5 saylı Şəhər Klinik Xəstəxanası ilə bağlı qeydlərini qısa ixtisarla təqdim edirik:
"Üç gün əvvəl balıqdan zəhərləndim. Srağagün Bakı Sağlamlıq Mərkəzinə getdim. Günay həkim mənə sistem yazdı, bəxtimə ləng bir tibb bacısı düşmüşdü, bir sistemi taxmaq üçün mədəm iki dəfə qalxdı. Elə orda, soyuq bir otaqda iki saat sistem altında uzandım. Günay xanım hər yarım saatdan bir mənə baş çəkib kefimi soruşurdu. Birdən baş ağrımla maraqlandı və bir "Baralgin" də seruma qatdı. Allergiyalı olduğumu xatırlatdım, "bu, allergiya verməz", deyə məni əmin etdi.
Serumdan sonra işə gəldim, halım daha da pisləşdi. Üz-gözüm şişməyə başladı. Yolumu daha bir klinikadan salıb "Suprastin" iynəsi vurdurdum. Evə çatanda artıq mürgüləyirdim.
İki saat sonra yuxudan qalxanda özümü tanımadım. Bədənim övrə olmuşdu, üz-gözüm şişmişdi. Amma əhvalım pis deyildi, bir "Zaditen" atdım. Düşündüm ki, yemərəm, yalnız su içərəm və beləcə şişlər əriyib gedər. Axşama yaxın başa düşdüm ki, deyəsən, keçənə oxşamır. Allergiyanın gətirdiyi o qəribə bir həyəcan bədənimə yayıldı. Oğluma dedim gedək xəstəxanaya.
5 saylı xəstəxanaya budəfəki gəlişimin də kökündə göründüyü kimi ürək açan bir səbəb yoxdur.
Qəbul hissənin döşəməsi dəyişsə də, mərtəbələr arası pilləkənlər, ən ağır, dərin yatan xəstəni belə yuxudan oyadan o səs-küylü lift, dəhliz, dəhlizin başındakı qapısı daim açıq olan tualet, həkimlərin otağındakı nimdaş stol və stullar eyni qalmışdı. Atamın vaxtındakı gənc, şux, cəld, gülərüz tibb bacıları öz yerlərini saçları ağarmış, dişləri tökülmüş, ilk baxışdan əldə-göz, sonra isə bu artıq iştahlarının xarakterlərinə hopduğu təbii görünən sadə qadınlara (bir müddət sonra adam onları olduğu kimi qəbul edir) vermişdilər.
Aynur xanım şöbə müdiridir, mehribandır, yanında iki assistenti xəstəliyimin detalları barədə danışdıqlarımı və onun tövsiyələrini qeyd edirdilər. Qərar belə oldu ki, yenə serum taxılsın, içinə "Dekzametazon" vurulsun. Tibb bacısını səslədi. Mən onu dərhal tanıdım, zənnim aldatmasa o vaxtdan qalma tibb bacısı idi, bir az beli bükülmüş, gözləri çuxura düşmüşdü. Amma cəldliyi, işə ürəkli yanaşması elə eynən 25 il əvvəl olduğu kimi qalmışdı.
Doktor öz dilində tibb bacısını təlimatlandırdı. Məni bir palataya gətirdilər. Bir vaxtlar orda Atam yatıbdı - qapıdan girdikdə solda birinci çarpayıda. Yatağının ayaq tərəfində altı dağılmış əlüzyuyan qoyulmuşdu, üzdə olan dəmir sfonu da elə həminki idi, kranını açan kimi suyu döşəməyə çilənirdi.
Tibb bacısı üzümə baxdı, gözlərimdə narahatçılığı hiss etdi, dərhal gülümsədi (bəlkə də, gülümsəmək narahatçılığımı azaltmaq üçün deyil, yaxşı bir vərdişdən gəlirdi), yuxarı dişlərinin solda olan 3-ü qızıldan idi, yadıma düşdü ki, o vaxtlar yuxarı sol dişləri qızıl etmək dəb idi. Özü də o vaxt gülümsəyənlər ağızlarını tam açmazdılar, yuxarı sol dodağını azca qaldırardılar ki, qızılın xəfif parıltısı görünsün.
Tibb bacısı uzanmaq üçün Atamın çarpayısını göstərdi, özümdən biixtiyar başqa birini, ortadakı çarpayını seçdim.
Çarpayıya uzanıb pəncərəyə baxdım, çinar ağacları daha da böyümüşdü. Çinar yarpaqlarının bir-birini döyəcləyən səsini eşidəndə Atamın yerindən başını qaldırıb, üzünü balkona tərəf tutaraq "deyəsən, hava qalxdı" sözlərini xatırladım. Eynən o vaxtkı kimi, çinar yarpaqlarını əsdirdi, otağa çölün həlim havası doldu.
Məni üşütmə tutdu, üzümü çevirdim, tavanın künclərində hörümçəklər tor qurmuşdular. Bəs milçək niyə yoxdur, deyə düşündüm. Pəncərənin düyünlənmiş pərdəsinə milçəklər oturmuşdu. Toxunmasan, uçana oxşamırdılar. Beynimin bir küncündə, lap nöqtə boyda olan yaddaşım mənə dedi ki, Atam burda yatanda da o milçəklər, o hörümçək torları indiki yerindəydi. Kürəyimdən soyuq tər axdı. Sağ əlimi alnıma sürtdüm, alnımın dərisi sızıldadı.
Tibb bacısı uzun iynəsini qol damarıma yeritdi.
Serum bitmişdi. Belimin təri qurumuşdu. Gülümsəyən, mehriban tibb bacısı "bir az uzanın, sonra gedərsiz", - qayğılı səslə dedi və 25 ildə heç bir əşyası dəyişməyən otağın qapısını üzümə örtdü".