MİDA ilə bağlı narazı vətəndaşların müraciəti araşdırılacaqmı? - RƏSMİ AÇIQLAMA

Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) ilk layihəsi olan Yasamal Yaşayış Kompleksində mənzillərin təkrar güzəştlə satışı zamanı ev ala bilməyən vətəndaşların sosial şəbəkədə müzakirələri, narazılıqları bitmək bilmir.

Yeniavaz.com xəbər verir ki, tanınmış ekspert Osman Gündüz məsələyə belə münasibət bildirib: "MİDA saat 15-də baş tutan onlayn satış prosesi ilə bağlı qısa bir rəsmi açıqlama verib. Düşünürəm ki, ilkin məlumat olaraq məqbul hesab oluna bilər. Amma hesab edirəm ki, sistemdə təcili olaraq, maraqlı tərəflərin iştirakı ilə geniş araşdırma aparılmalı, log fayllara baxışlar olmalı və bundan sonra aşağıdakı suallara cavablar verilməlidir:

1. Ümumiyyətlə, qabaqcadan müəyyən olunan qaydalara tam uyğun olaraq onlayn satış baş tutubmu?
2. Satış elan olunan kimi sistemdə hər hansı problemlər, yükləmələr, kənar müdaxilələr olubmu? Və hansı səbəbdən bu baş verib?
3. Ümumiyyətlə, satış elan olunandan etibarən neçə nəfər sistemə daxil ola bilib? Neçəsinin daxil olması mümkünsüz olub və hansı səbəblərdən?
4. Sistemə daxil olanlardan neçə nəfər ev seçimi edə bilib?
5. Bir nəfər ev seçimi üçün ortalama nə qədər vaxt sərf edib?
6. Satış prosesi dəqiq olaraq neçə dəqiqə çəkib? Yəni, neçə dəqiqədən sonra evlərin seçimi başa çatıb və heç bir seçim qalmayıb?
7. Qabaqcadan nəzərdə tutulan resurslardan necə istifadə olunub?
8. Təbii ki, saat 11.00-da başlamalı olan satış hansı səbəbdən təxirə salınıb?

Düşünürəm ki, prosesin nə qədər etibarlı, dayanıqlı, şəffaf və ədalətli olmasını məhz bu sualların cavablarından sonra demək mümkün olacaq".

"MİDA evimizi qaytar" adlı qrupda isə nazarı vətəndaşlardan biri - Sənan Abbasov yazıb: "Satış günü və ondan sonrakı 2 gün ərzində apardığım müşahidələr və təhlillərin nəticəsi olaraq belə qənatə gəlmək olar ki, "MİDA" tərəfindən mənzil satışı "tənzimlənən seçim" əsasında aparıldı:

1. Seçim günü hər kəsin sistemə sərbəst girişi təmin olunmadı ("seçilmişlər" sistemə girdi, bəlkə özləri də bunu bilmədən).

2. Saat 11-də işləməyən sistemin saat 15:00-də işə düşməsi, 40 dəqiqə ərzində evlərin satılması və operativ şəkildə "satış baş tutdu" elanının verilməsi.

3. KİV-də, xüsusilə "REAL" TV-də "obyektiv seçimlə bağlı" müsahibə və süjetlərin verilməsi.

4. "Güzəşli mənzil" sistemi vasitəsilə mənzil seçmiş vətəndaşların statistik məlumatlarında müəyyən edilmiş bütün kateqoriyaların əhatə olunması (güman edirəm ki, kateqoriyalar arasında faiz fərqi müraciət edən vətəndaşların sayına uyğun tənzimlənmişdir).

Sonda bildirmək istəyirəm ki, ümumiyyətlə "tənzimlənən seçim" bəlkə ən doğru çıxış yolu idi, lakin bu məsələnin də hər hansı bir təsdiq olunmuş qaydalara əsasən aparılması və seçimdə iştirak edən insanlara əvvəldən məlumat verilməsi mümkün idi. Arzu edirəm ki, heç olmasa gələn dəfə "seçilmişlərdən" olasınız".

Ceyhun Dövlətov yazır: "Yoldaşlar, siz bilirsinizmi, MİDA, cənab Prezidentin 2016-cı il, 16 noyabr tarixli 1113 nömrəli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə edilməsi Qaydası"nın 4-cü maddəsinin 2-ci bəndini kobud sürətdə pozub?

Qaydaların 4.2. bəndində göstərilir ki, elan satışın başlanması tarixinə ən azı 30 gün qalmış verilməlidir. Hamıdan xahişim budur ki, məhz bu səbəbi cənab Prezidentə göndərək və qanunvericiliyin tələbini pozaraq keçirilmiş satışın nəticələrinin ləğv edilməsini xahiş edək. MİDA nəyə açıqlama versə də, bu qanun pozuntusuna heç bir açıqlama verə bilməz. Çünki saat 11-də baş tutmayan satış, 1 aydan sonra keçirilməli idi. Hamı bu məktubu Cənab Prezidentə yazsın. Bizə kömək edəcək başqa bir qurum yoxdur".

Feysbukda bu kimi iradlar, şikayətlər kifayət qədərdir və hətta onlardan bəzilərində satışın ləğv olunmasını təklif edənlər də var.

Vətəndaşların bu şikayətləri ilə bağlı Yeniavaz.com saytı Mənzil İnşaatı Dövlət Agentliyindən mövqe öyrənib.

Agentliyin mətbuat xidmətinin rəhbəri Diana Dadaşova deyib ki, vətəndaşlardan kim ərizə ilə müraciət edibsə, onların müraciətinə baxılacaq və cavab veriləcək: "Amma bir məqamı da qeyd edim ki, 324 mənzil seçilibsə, digər vətəndaşların narazı qalması mümkündür. Çünki 9500-dən çox insan elektron kabinetə sahibdir və nəzərə alın ki, satışa 324 mənzil çıxarılıb. Həmin mənzillər seçiləndən sonra yerdə qalan digər vətəndaşlar narazı ola bilər, bunu başa düşmək olar. Vətəndaşlar anlamalıdırlar ki, hamı birdən ev ala bilməz, kiminsə qismətidir, bəxtidir, seçib alıb, digərləri ala bilməyib. Lakin kimin narazılığı varsa, yaxınlaşıb, ərizə yazıb, müraciət edibsə, onlara baxılacaq və cavab veriləcək".

Güzəştli mənzil almaq istəyən vətəndaşların çoxu texniki problemlə üzləşən zaman foto və ya videosunu çəkiblər. Bu barədə də Diana Dadaşovaya sual ünvanladıq. Agentlik rəsmisi: "Bununla bağlı açıqlamamız olacaq. İnterneti zəif olan, mənzillərin seçimi zamanı texniki problemlə üzləşən vətəndaşlarla bağlı ayrıca açıqlama veriləcək. Birmənalı şəkildə bildiririk ki, sistemdə çökmə problemi olmayıb".

Evlərin əvvəlcədən kimlərəsə satılması barədə iddialara gəlincə, Diana Dadaşova qəti şəkildə bunların doğru olmadığını bildirib: "Yəqin etiraz edəndə deyəcək söz yoxdur, elə deyirlər, nə desinlər? Siz zəhmət olmasa, ev seçib ala bilən vətəndaşları da danışdırın, görün onlar necə razılıq edirlər. Soruşun, görün onlar necə alıblar? Onlar özləri sistemə giriblər, ev seçiblər, alıblar. Telekanallar onları çəkiblər, sistemə necə daxil olublar, necə seçiblər - hamısını danışıblar. Bir daha bildirmək istəyirəm ki, belə bir ittihamın əsası yoxdur. Bütün hallarda MİDA-ya bu kimi şikayətlərlə bağlı yazılan ərizələrlə bağlı araşdırma aparılacaq və cavab veriləcək".

DİGƏR XƏBƏRLƏR

Top