Bakıda ölümlə çilingağac oynayan adam: binanın damına çıxıb... - VİDEO

Bu görüntülər Bakının Binəqədi rayonu, 7-ci mikrorayon ərazisində tikilməkdə olan binadandır.

Videodan bu qənaətə gəlmək olar ki, binanın tikintisində çalışan fəhlələrin təhlükəsizlik qaydalarına riayət olunmur.

Qeyd edək ki, sözügedən bina keçmiş "Bolluq bazarı"nın yerində tikilir. Bina "Bolluq" İK tərəfindən inşa edilir və 20 mərtəbəli olacağı bildirilir.

Başında kaska, belində qoruyucu kəmər olmadan binanın tikintisində çalışan fəhlələrin riskli iş şəraiti görənlərin təəccübünə səbəb olur.

Təqdim etdiyimiz bu videodan da görünür ki, fəhlələr tikinti gedən mərtəbədə sözün həqiqi mənasında ölümə meydan oxuyurlar.

Bu vəziyyətə tikinti şirkəti rəhbərliyinin nədən biganə qaldığı isə təəccüb doğurur. Axı sabah fəhlələrdən biri yıxılıb ölərsə və ya sağlamlığını itirərsə, hüquq-mühafizə orqanları ilk növbədə tikinti şirkətinin rəhbərliyini məsuliyyətə cəlb edəcək.

Qeyd edək ki, bu ilin aprel ayında sözügedən binada yanğın olmuşdu. Nəticədə tikintidə istifadə olunan taxta konstruksiyalar yanmışdı.

Sözügedən binanın tikintisində çalışan fəhlələrin təhlükəsizlik qaydalarına əməl olunmaması ilə bağlı Yeniavaz.com saytı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən münasibət öyrənib.

Nazirliyin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı: "Qanunvericiliyə əsasən təhlükəsizlik qaydalarına əməl olunmalıdır. Əgər bu barədə Dövlət Əmək Müfəttişliyi Xidmətinə müraciət, şikayət daxil olarsa, biz bu məsələni araşdıra bilərik. Amma bilirsiniz ki, sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında qanun mövcuddur.

Sözügedən qanunvericiliyə əsasən, dövlət orqanları sahibkarlıq sahəsində yoxlama aparmırlar. Lakin insan həyatına və sağlamlığına təhlükə varsa, bununla bağlı hər hansı bir xoşagəlməz fakt varsa, bizə işçilər və ya vətəndaşlar tərəfindən, sakinlər tərəfindən rəsmi müraciət olarsa, Dövlət Əmək Müfəttişliyi Xidməti qanunvericiliyə əsasən yoxlama apara bilər. Buna görə inzibati məsuliyyət nəzərdə tutulur",-deyib.

Nicat

bina

DİGƏR XƏBƏRLƏR

Top