Eyni bal yığan abituriyentin biri qəbul olur, digəri olmur - Səbəb nədir? - DİM-dən açıqlama

"Ali məktəblərə qəbul imtahanında az bal toplayan bəzi abituriyentlər müxtəlif vasitələrlə, müxtəlif üsullara əl ataraq valideynlərini, müəllimlərini və öz yaxınlarını aldatmağa çalışırlar".

Bunu Yeniavaz.com saytına açıqlamasında Dövlət İmtahan Mərkəzinin (DİM) mətbuat xidmətinin rəhbəri Xanlar Xanlarzadə deyib.

DİM rəsmisinin sözlərinə görə, belə hallar hər il baş verir: "Belə məsələlər çox olur. Görürsən kimsə dəqiq bilmir, yaxud məsələni tam aydınlaşdırmaq istəmir. Bildiyiniz kimi, DİM elektron arayışda abituriyentin niyə universitetə qəbul olmadığını göstərir. Yəni oradan aydın olur ki, abituriyentin keçid balı nə qədər olub və nəyə görə birinci yazdığı ixtisasa qəbul olmayıb və s. Bəzən 2 abituriyent eyni - deyək ki, 650 toplayır və eyni fakültəni seçir. Ancaq onlardan biri həmin fakültəyə qəbul olur, digəri qəbul olmur. Hay-küy qoparırlar ki, necə olur filankəs girib, mən girməmişəm. Biz onları başa salırıq - müəyyən meyarlar var ki, biz mütləq onları nəzərə alırıq. Əgər 2 abituriyent eyni bal toplayıbsa, onların attestat balına baxılır. Əgər attestat balları da eynidirsə, o zaman həmin abituriyentlərin qəbul imtahanında əsas fənlərdən topladıqları nisbi balların cəminə baxılır. Yenə də eyni olarsa, əsas fənlərdən düzgün cavablarının cəmi nəzərə alınır. Bunlar hamısı sıralanır və tutaq ki, hansısa parametrdə bir abituriyent uduzur, ona görə o biri qəbul olur. Amma valideynlər, elə abituriyentlər özləri də bunu bilmirlər və gəlirlər ki, bu niyə belədir".

Xanlar Xanlarzadə deyib ki, bu zaman bəzi abituriyentlər elektron ərizələrinin fotosunu feysbukda paylaşırlar: "Yazırlar ki, filankəs də bu qədər bal toplayıb, mən də, amma o qəbul olub, mən olmamışam. Amma onlar yuxarıda qeyd etdiyim digər parametrləri bilmirlər, bəziləri heç maraqlanmaq da istəmirlər, yalnız ittiham irəli sürürlər".

Mətbuat xidməti rəhbərinin sözlərinə görə, DİM-in səhv etdiyini iddia edənlər də olur: "Görürsən kimsə müraciət edir ki, ballar hesablanan zaman DİM səhv edib, yaxud anlaşılmazlıq olub. Onlara izah edirik ki, məsələ əslində necədir. Biz onsuz da universitetə qəbul olanların siyahısını "Abituriyent" jurnalının 8 nömrəli buraxılışında açıq şəkildə vermişik. Onların ballarını da açıq şəkildə göstərmişik ki, kim hara qəbul olub, neçə balla qəbul olub.

Götürüb tək-tək baxa bilərlər, hər şey şəffafdır və elektron ixtisas seçimində, elektron yerləşdirmədə hər hansı problem yoxdur".

DİM rəsmisinin dediyinə görə, hətta sınaq imtahanlarından da narazı qalan, ittiham irəli sürən valideynlərə rast gəlinir: "Sınaq imtahanından sonra bəzi valideynlər gəlib deyirlər ki, "mənim uşağım filan qədər bal toplayıb". Ancaq açıb baxırıq ki, o qədər deyil, azdır. Bəzi uşaqlar öz valideynlərini aldadırlar. Bu, dəfələrlə müşahidə olunan bir şeydir. Valideyn də məsələnin əslini bilmir, hissə qapılır, qışqır-bağır salıb deyir "mənim uşağımın balı filan qədərdir". Bəzi valideynlər də olur ki, övladlarının iş kodunu yazıb girib topladığı balın az olduğunu görürlər, ancaq deyirlər bunu siz dəyişmisiniz. Ona görə də biz imtahanın nəticəsini açıqlayanda səhifədə cavab kartını da qoyuruq ki, oradan hər şey aydın olsun".

DİGƏR XƏBƏRLƏR

Top