Regionların sosial-iqtisadi inkişafına istiqamətlənmiş üçüncü Dövlət Proqramının icrasını əhatə edən 1 yanvar 2014-cü ildən 1 iyul 2018-ci il tarixinə qədər olan dövr ərzində Azərbaycanda ümumilikdə 843,5 min olmaqla 595,1 min daimi iş yerləri açılıb. Yeniavaz.com Dövlət Statistika Komitəsindən açıqlanan məlumatlara istinadən bildirir ki, təkcə bu ilin ilk yarısı ərzində ölkədə 122,3 min yeni, o cümlədən 64,7 min daimi iş yerləri açılıb.
Məlumat üçün bildirək ki, Statistika Komitəsinin bu ilin iyul ayının 1-nə olan məlumatına görə, ölkədə iqtisadi fəal əhalinin sayı 5 milyon 108,9 min nəfər olub və onlardan 4 milyon 856,5 min nəfərini məşğul əhali təşkil edib. Ötən ilin analoji dövrü ilə müqayisədə iqtisadi fəal əhalinin sayı 64,7 min nəfər, məşğul əhalinin sayı isə 63,8 min nəfər artıb. Bu ilin ilk 6 ayı ərzində isə iqtisadi fəal əhalinin sayı 35,1 min nəfər, məşğul əhalinin sayı isə 34,4 min nəfər artıb.
Komitənin digər bir məlumatında isə göstərilir ki, bu ilin ilk yarısı ərzində ölkədə 22,6 min iş yeri bağlanıb.
Açıqlanan rəqəmlərdən belə görünür ki, bu ilin ilk 6 ayı ərzində bağlanan iş yerlərini çıxdıqdan sonra ölkədə 99,7 min yeni iş yeri açılıb. Bu qədər iş yerinin açılmasına baxmayaraq məşğul əhalinin, yəni işləyən əhalinin sayı bundan 2,9 dəfə az (34,4 min) artıb.
Maraqlıdır ki, yeni iş yerlərinin açılmasına baxmayaraq onların əksəriyyətində (65,3 min) heç kim işləməyib.