Kəramət Böyükçöl: "Bu ölkədə çoxdan intihar etməli idim" - Atası: "Desəm ki, bu nədir, qızışacaq"

"Mən əslində, bu ölkədə çoxdan intihar etməli idim və gec-tez edəcəm. Sadəcə, intiharım müəyyən səbəblər üzündən gecikir. Amma ki, çox az qalıb, bunu sizə açıq deyirəm. Səbəb isə sosial zülmdür. Daha heç kimdən də heç nə ummuram. Çünki bezmişəm və artıq yaşaya bilmirəm". Yeniavaz.com xəbər verir ki, bu fikirləri dünən sosial şəbəkədəki səhifəsində gənc yazar Kəramət Böyükçöl yazıb.

Yazar bu gün də eyni mövzulu status paylaşıb: "Dünən status yazmışam ki, artıq get-gedə bıçaq sümüyə dirənir, Azərbaycanda yaşamaq şərtləri get-gedə həyatla əlaqələrimi kəsir və belə davam edə bilməyəcəyimi açıq-aydın hiss edirəm. Vəziyyət o həddə çatıb ki, yeganə xilas yolunu intiharda görürəm. Bilirəm ki, bir az gec-bir az tez intihar etməklə Azərbaycanda yaşamaqdan, daha doğrusu, yaşamamaqdan canımı qurtaracam. Ola bilər ki, son sözümü deməyə özümə imkan verməyim. O zaman bilin ki, mənim intiharımın səbəbi Azərbaycanda sosial zülmə qarşı bir etirazdır. Kim desə ki, Kəramətin əsəbləri pozulub-zad, inanmayın. Kim desə ki, Kəramət Böyükçöl Qumda təhsil alıb, Suriyada təlim keçib, orda beynini yuyublar, inanmayın. Səbəb sosial zülmə etirazdır: pulsuzluq, yoxsulluq, işsizlik və yaxud, insan şəxsiyyətini alçaldan iş şərtləri və s".

Qeyd edək ki, tanınmış jurnalist Səbuhi Məmmədli də intihara cəhd edib. O da bir müddət öncə sosial şəbəkədə intihar edəcəyini bildirmişdi.

Yeniavaz.com saytı Kəramət Böyükçölün intihar edəcəyini bildirməsi ilə bağlı onun atası, şair, Əməkdar mədəniyyət işçisi Qəşəm Nəcəfzadə ilə əlaqə saxlayıb.

Qəşəm Nəcəfzadə oğlunun yazdıqlarını internetdən oxuduğunu, hazırda Bakıda olmadığını bildirdi: "Kəramət bunu çoxdan yazır - biz bir yerdə olanda da yazırdı. İndi mən Bakıda deyiləm, uzaqdayam, onun yazdıqlarını internetdə oxudum. Axşam da yazıb, indi də yazıb, amma nə məsələdir, bilmirəm, zəng eləməmişəm. Səbəb nədir, niyə belə deyir mən bilmirəm. Yazıb ki, sosial zülm, problem - nə bilim, yazıb də. Gərək elə etməyəydi".

Qəşəm Nəcəfzadə oğlunun bu vəziyyətinə kədərləndiyini bildirib: "Əvvəl ona deyirdim niyə belə yazırsan, heç mənə cavab vermirdi. Mən atayam - pis oluram, kədərlənirəm oğlumun bu vəziyyətinə. Ona dəfələrlə öyüd-nəsihət vermişəm, hamısını demişəm. Birazdan özü ilə danışıb soruşacam ki, nə olub, niyə yazmısan, nə baş verir? Mən 1 aydır Bakıda deyiləm, ona görə hadisələrdən xəbərim yoxdur. Yeni bir sayt var, orada yazılarını oxuyuram, yaxşı yazıları var. İstedadlı bir oğlandır, niyə elə yazır, bilmirəm. İntihar zəiflik əlamətidir, nəyə nail olursan, özünü öldürdün, guya nə olacaq? Səbuhi Məmmədlinin intihar cəhdi ilə bağlı xəbəri də oxudum. Səbuhi kifayət qədər tanınmış jurnalistdir, iradəli adamdır, gərək belə etməyə.

Kəramət bizimlə bir yerdə yaşayırdı, 1 ay bundan əvvəl ayırmışam başqa yerə. 3-4 günə qayıdırıq yoldaşımla Bakıya. Sonuncu dəfə Kəramətlə danışanda əhvali-ruhiyyəsi yaxşı idi. Gərək elə şeylər yazmaya, Kəramət balaca oğlan deyil, 30 yaşı var. Səbuhinin də etdiyi səhvdir, yəni bu çıxış yolu deyil. Böyük insanlar olub ki, fəhlə işləyiblər, məhrumiyyətlər içərisində yaşayıblar. İndi Ləman Ələşrəfqızının gözəl bir yazısını oxudum. Həqiqətən, necə olur ki, bunlar yaşamağa pul tapmırlar, araq içməyə pul tapırlar? Düz yazıb Ləman xanım. Söhbət Kəramətdən, Səbuhidən getmir, bir dəfəyə 17 şüşə pivə içənlər var. 17 şüşə pivənin pulu ilə 1 həftə arvad-uşaq saxlamaq olar. Bilirsən, bir az gözləmək lazımdır, bir az ağıllı olmaq lazımdır. Özlərini öldürənlərin çoxu cəmiyyəti özlərinə borclu bilirlər. Başa düş ki, bu cəmiyyət səndən ayrıdır də, sənə düşməndir, indi buna görə özünü öldürməlisən sən? Guya indi bununla nəyə nail olursan? Öldün getdin, nədən xəbərin olacaq ki, kim ağladı, kim ağlamadı".

Qəşəm Nəcəfzadə hesab edir ki, cəmiyyət intihar edənlərə laqeyd münasibət göstərsə, bəlkə də belə eləməzlər: "Kəramət gözəl, yaxşı, istedadlı oğlandır, övladı var, onu çox istəyir, mən də çox istəyirəm - Kəraməti də, övladını da. Sadəcə olaraq belə statusları oxuyanda matım-mutum quruyur. "Mat" can deməkdir, "mut" ruh deməkdir, Dədə Qorqudda da var. Yəni canım da qurudu, canımdakı ruhum da qurudu. Səhərdən şokdayam Kəramətin yazdıqlarından. Nəyə lazımdır belə şeylər? İstəyirəm özü qərar qəbul eləsin, mən ona desəm ki, bu nədir, daha da qızışacaq. Bir az soyuq münasibət bəsləmək lazımdır. Bəzən adamlar intihar edənə tərəf yüyürürlər, intihar edən bu addımı daha tez atır. Amma cəmiyyət intihar edənlərə laqeyd münasibət göstərsə, bəlkə də eləməzlər. Bəlkə də səhv edirəm, sözüm səhv başa düşülər, psixoloji cəhətdən deyirəm də.

Kəramət çox istedadlı oğlandır, mən onun yazılarını sevə-sevə oxyuram. Mənim sevimli balamdır, amma niyə elə yazır bilmirəm və özümü pis hiss edirəm. Anasının Kəramətin yazdıqlarından xəbəri yoxdur, desəm, pis olar. Neyləyim, hamısına Allah kömək olsun. İnsan haqqını almayanda özünü öldürməz. Haqqını vermirlər vermirlər də, get yaşa.

Kəramətin nə istədiyini özündən soruşun. Kəraməti sevənlər çoxdur, elə o sevənlərə görə yaşamaq lazımdır. Kəramət gərək belə etməyə, sevənlərini incitməyə, o cümlədən məni və anasını. Ata üçün bilirsən bu nə qədər ağırdır?"

Nicat

DİGƏR XƏBƏRLƏR

Top