Maşın bazarında QİYMƏTLƏR ciddi DƏYİŞƏCƏK - Təfərrüatlar açıqlanıb

Xəbər verdiyimiz kimi, avtomobillərin özgəninkiləşdirilməsi və qeydiyyata alınması ilə bağlı dövlət rüsumları artırılıb.

Minik avtomobillərinin dövlət qeydiyyatına alınmasına görə dövlət rüsumu aşağıdakı məbləğlərdə müəyyən edilib:

- 2000 kubsantimetrədək, mühərrikin həcminin hər kubsantimetrinə görə - 0,05 manat,

- 3000 kubsantimetrədək 100 manat + mühərrikin həcminin 2001-3000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə - 0,1 manat,

- 4000 kubsantimetrədək 200 manat + mühərrikin həcminin 3001-4000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə - 0,2 manat,

- 5000 kubsantimetrədək 400 manat + mühərrikin həcminin 4001-5000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə - 0,3 manat,

- 5000 kubsantimetrdən çox olduqda 1500 manat.

Minik avtomobillərinin istehsal tarixindən asılı olaraq, onların dövlət qeydiyyatına alınmasına görə isə aşağıdakı rüsumlar tətbiq ediləcək:

- İstehsal tarixi 4 ilədək olan minik avtomobillərinə - 1,0,

- İstehsal tarixi 4 ildən 10 ilədək olan minik avtomobillərinə - 0,8,

- İstehsal tarixi 10 ildən çox olan minik avtomobillərinə - 0,3 manat.

Bəs rüsumların artırılması nə məqsəd daşıyır və avtomobil bazarında nə ilə nəticələnəcək? Yeniavaz.com saytı bununla bağlı ekspertlərin fikrini öyrənib.

"MBA Group" konsaltinq şirkətinin baş direktoru Nüsrət İbrahimov deyib ki, bu dəyişiklik Azərbaycanda avtomobillərin qiymətinin bahalaşması ilə nəticələnəcək: "Bu dəyişiklik Azərbaycana gətirilən maşınlarla yanaşı, hazırda ölkədə mövcud olan maşınların da qiymətini bahalaşdıracaq. Son illər Azərbaycana gətirilən kiçik mühərrikli avtomobillərin sayında artım müşahidə olunur. Benzinin qiyməti bahalaşandan sonra bu, daha da sürətlənmişdi. Nazirlər Kabinetinin etdiyi son dəyişiklikdən sonra hesab edirəm ki, ölkəmizə belə avtomobillərin gətirilməsinə tələbat daha da artacaq".

"Azərbaycanda köhnə avtomobillərin satışı onsuz da çoxdur. Elə adamlar var ki, maşını 1 ildən bir dəyişirdi, elə adamlar var ki, 3 ildən bir dəyişirdi. İndi bunların sayı azalacaq.

Maşını 1 ildə dəyişən 3 ilə dəyişəcək, 3 ildə dəyişən 5 ildə dəyişəcək. Bütün bunlar isə Azərbaycanda avtomobil parkının köhnəlməsinə təsir edəcək",-deyə Nüsrət İbrahimov vurğulayıb.

İqtisadçı Rəşad Həsənov da avtomobillərin qiymətinin bahalaşacağını deyib: "Dəyişiklik avtomobil bazarına təsirsiz ötüşməyəcək. Ölkəyə yeni gətirilən avtomobillərin qiymətində müvafiq formada artımlar müşahidə olunacaq. Buna müvafiq olaraq ölkənin təkrar avtomobil bazarında da qiymətlər artacaq. Təkrar avtomobil bazarı son dövrlərdə daha çox tələbin olduğu bazarlardan biridir. İndiki halda avtomobil idxalı üzrə xərclərin artması fonunda təkrar bazara yönələn tələb yüksələcək ki, bu da qiymətləri artıran əsas faktor rolunu oynayacaq".

Rəşad Həsənov bir maraqlı məqama da diqqəti yönəldib: "Ehtimal olunur ki, bu dəyişiklik edilərkən Azərbaycanda yenicə fəaliyyətə başlamış "Xəzər" Avtomobil Zavodunun da potensialı nəzərə alınıb. Avtomobil zavodu il ərzində təxminən 10 min ədəd avtomobil istehsalı gücündədir. Böyük ehtimal hökumət idxal olunan avtomobillər üçün rüsumları artırmaq yolu ilə "Xəzər" Avtomobil Zavodunun istehsal etdiyi maşınların qiymət rəqabətliliyini yüksəltmək və bu istiqamətdə tələb yaratmaq istəyir.

Əgər həqiqətən də zavodun istehsal etdiyi maşınlar ənəvi formada deyil, müasir tələblərə uyğun, keyfiyyət, mövcud rəqabətlilik nəzərə alınmaqla istehsal olunarsa, alıcılarının sayı arta bilər. Bu, avtomobil istehsal edən digər yerli zavodlara da aiddir ki, nəticədə onların da fəaliyyəti və istehsalı genişlənə bilər".

Ekspertin sözlərinə görə, ya­na­ca­ğın ba­ha­laş­ma­sı, biz­nes­də və di­gər fə­a­liy­yət sa­hə­lə­rin­də mən­fə­ət nor­ma­sı­nın aşa­ğı düş­mə­si, gə­lir­lə­rin azal­ması, həm­çi­nin rü­sum­la­rın artırılmasına adekvat olaraq Azərbaycana kiçik motorlu avtomobillərin gətirilməsinə maraq və tələbatı daha da artıracaq".

Rəşad Həsənov hesab edir ki, bu dəyişikliyin nəticəsi olaraq Azərbaycanda avtomobil parkı köhnələcək: "2013-2014-cü illərdə hər il ölkəyə 100 mindən artıq avtomobil gətirilmişdi. 2015-ci ildə bu göstərici 25 minə, 2016-cı ildə hətta 6 minə qədər azaldı.

Qəbul edilən son rüsum siyasəti ölkədə orta və uzunmüddətli dövrdə avtoparkın sürətlə köhnəlməsini sürətləndirəcəkdir. Bu, qaçılmazdır. Qeyd edilən faktorlarla yanaşı, eyni zamanda iqtisadiyyatın hazırki vəziyyəti də bu məsələdə mühüm rol oynayacaq. Artıq 2008-2013-cü illər iqtisadiyyatı yoxdur, o dövrün vəsaitləri, o dövrün gəlirləri yoxdur. Bütövlükdə götürəndə bu faktorlar fonunda ölkədə avtomobil parkı sürətlə köhnələcək".

Nicat

DİGƏR XƏBƏRLƏR

Top