İsti hava taksilərdə “hərarəti” artırıb - Kim neçəyə aparır? ​

Son günlər havaların isti keçməsi insanların ünvana qısa zaman kəsiyində və rahat çatmaq istəklərini artırıb. Bu da taksi sifarişlərinin çoxalmasına gətirib-çıxarıb.

Bazardakı tələbat taksi xidməti şirkətlərinin qiymətlərinə təsir edib.

Belə ki, taksilər adi günlərdə sərnişini üç manata apardıqları məsafəyə 5-8 manat qiymət biçirlər. Vətəndaşların şikayətlərinə görə, xüsusilə “Salam taksi” (*9933) , “City Taxi”, “Felix Taxi” (*5959) iyulun 3-də qiymətləri qaldırıblar.

Qeyd edək ki, hazırda əksər taksi şirkətlərində gediş haqqı 1 km üçün 40-50 qəpik arasındadır. İlkin məsafə üçün ən bahalı gediş haqqı Baku (London) taksi şirkətindədir – 70 qəpik. Amma yol uzandıqca şirkət gediş haqqını 1 km/məsafə üçün 20 qəpikdən hesablayır.

Onu da bildirək ki, taksi şirkətləri tarifləri müəyyən edən zaman avtomobil tıxaclarını və yollarda itirilən vaxtı nəzərə alırlar. Yəni şirkətlər üçün pik saat anlayışı var. Bu pik saat 17:00-dan başlayıb saat 20:00-dək olan müddəti nəzərdə tutur.

Düzdür, bir sıra şirkətlərdə pik saata giriş 16:30, bəzilərində 17:30-dur. Bəzilərində isə pik saat anlayışı yoxdur və bu saatlarda tariflər dəyişmir.

Son günlər taksi şirkətləri tarif siyasətlərinə gecə saatlarında fərqli qiymətə olan xidmətləri də əlavə ediblər. Saat 22:00-dan sonra məsəfalər üzrə qiymətlər dəyişir. Xidmət 20-30 qəpik ətrafında bahalaşdırılır.

Kim neçəyə aparır?

Qiymətlərdəki dəyişiklikləri şirkətlərin özləri ilə əlaqə saxlayıb, müqayisəli təhlil etdik. Ünvan kimi şərti olaraq “Memar Əcəmi” metrostansiyasından “Nəriman Nərimanov” metrostansiyasına kimi olan ərazini seçdik. İki metrostansiya arasındakı məsafə yeddi kilometrdir:

“Salam taksi” (*9933) – 4 manat

“189 Taxi” (*189) – 5 manat

“City Taxi” (*8844) – 5.10 manat

“Ekonom taksi” (*9111) – 4 manat

“Taxi24” (*2424) – 3.90 manat

“Felix Taxi” (*5959) – 4.40 manat

OK taxi (*3003) – 3.70 manat

“Ulduz taksi” (*5000) - 3.60 manat

Xatırladaq ki, bir il əvvəl müxtəlif mətbu orqanların qiymətlərlə bağlı apardıqları araşdırmalarda bu şirkətlərin eyni məsafə üzrə tarifləri aşağıdakı kimi olub:

“Salam taksi” (*9933) – 2.67 manat

“189 Taxi” (*189) – 4.20 manat

“City Taxi” (*8844) – 3.98 manat

“Ekonom taksi” (*9111) – 3.90 manat

“Taxi24” (*2424) – 3.80 manat

“Felix Taxi” (*5959) – 3.69 manat

OK taxi (*3003) – 3.51 manat

“Ulduz taksi” (*5000) – 3.51 manat.

İsti hava “Taxify”ın qiymətini isidib

Azərbaycan bazarına 2017-ci ildən daxil olan Estoniyanın bu şirkəti əvvəllər nə qədər sərfəli qiymət təklif edirdisə, son zamanlar bir o qədər bahalı olub. Yəni hava isindikcə “Taxify”ın qiymətləri “hərarətlənir”.

Marketoloqların fikrincə, “Taxify”ın xidmətinin bahalaşması normaldır. Çünki “application based” adlı taksi şirkətlərinin işləmə texnologiyası var:

“Əsas səbəb “high demand”dır.

“High demand” - taksi sifarişlərinə olan tələbatın artması ilə sistem tərəfindən alqoritmik olaraq qiymətin artması deməkdir. Bu, sistem tərəfindən edilir və alqoritmik bir həldir. Yəni “Taxify”da kimsə, yaxud hansısa taksi sürücüsü demir ki, “ qiymətləri qaldıraq”.

Əgər “high demand” zamanında o qiymətə sifariş verən olmasa, qiymət yenidən düşəcək. Amma “high demand” vaxtında sifariş verən olur və qiymətlə razılaşır deyə düşüş qeydə alınmır. Yəni, “high demand” anında sifarişlər qiymətləri qaldırır”.

Bildirilir ki, alqoritmin fundamental dəyəri biznes əsasında formalaşıb:

“Mərkəzdə tələb çoxdur və maşın azdır. Sistem qərar verir və müəyyən əmsal əsasında qiyməti qaldırır”.

Bahalaşmaya əsas yoxdur

Nəqliyyat üzrə ekspert Eldəniz Cəfərov bildirir ki, qiymət artımının heç bir iqtisadi əsası yoxdur. Konkret olaraq belə ifadə edə bilərik ki, bu, süni qiymət artımıdır:

“Rəsmi avtomobil servis mərkəzlərindən aldığım məlumata əsasən deyə bilərəm ki, bu aylar ərzində ehtiyat hissələrində, usta işində və mühərrik yağı qiymətlərində artım olmayıb. Yanacağın qiymətində artım baş verməyib.

Bir sözlə, amartizasiya xərcləri artmadığından gediş haqqında belə kəskin artım qanunsuzdur. İlk növbədə bu, Azərbaycan Respublikası İstehlakçıların müdafiəsi haqqında qanuna ziddir.

Qiymət artımını isti hava və kondisionerin işlədilməsi ilə əlaqələndirən taksi xidmətləri bilməlidir ki, daşıyıcı və ya əlaqələndirici şirkət sərnişini komfortlu və təhlükəsiz gedişlə təmin etməyə borcludur”.

E.Cəfərovun sözlərinə görə, hazırda Azərbaycanda 30-dan çox taksi şirkəti fəaliyyət göstərir. Bunların az hissəsi online və ya proqram təminatı üsulu ilə, böyük qismi əlaqələndirici kimi, digər qismi isə öz balansında olan avtomobillərlə xidmət göstərir. Yaxşı haldır ki,istehlakçının bu sahədə seçim imkanları var:

“Əgər taksi xidmətləri vətəndaşların iradını nəzərə almasa və qiymətləri yüksək səviyyədə saxlasa, nəticədə bu işə, yəqin ki, Bakı Nəqliyat Agentliyi qarışmalı olacaq. Bu, heç də bəzi taksi şirkətlərinin xeyrinə olmayacaq. Yəni, dövlət qurumları belə şirkətlərə xüsusi tələblər müəyyən edə bilər.

Bu tələblərə cavab verməyən taksi şirkətləri fəaliyyətlərini dayandırmalı olacaqlar. Onu da deyim ki, taksi xidmətlərinin qəfil bahalaşması ictimai nəqliyyatda, sərnişindaşımada problemlər yarada bilər. Ona görə də yaxşı olardı ki, konsensus olsun və taksi xidmətinin qiymətləri süni qaldırılmasın”. (Oxu.az)

DİGƏR XƏBƏRLƏR

Top