Prezident pensiyalarla bağlı sərəncam imzalayır: Komitə dəqiq məlumatı 4 ay sonra açıqlayır

Bu ilin yanvarın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ötən illə müqayisədə 0,7 faiz artaraq 1 milyon 525 min nəfər olub, onlardan 878,7 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 646,3 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib. Yeniavaz.com Dövlət Statistika Komitəsinbdən açıqlanan məlumatlara istinadən bildirir ki, muzdla işləyənlərin 21,9 faizi təhsil, 19,1 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 12,9 faizi sənaye, 8,6 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7,1 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 6,7 faizi tikinti, 4,6 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,4 faizi peşə, elmi və texniki fəaliyyət, 3,2 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,6 faizi maliyyə və sığorta fəaliyyəti, 10,9 faizi isə iqtisadiyyatın digər sahələrində məşğul olub.

2017-ci ildə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilə nisbətən 5,7 faiz artaraq 528,5 manat olub. İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, tikinti, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub.

Məlumat üçün qeyd edək ki, ilin əvvəlində açıqlanan ilkin məlumatda göstərilirdi ki, 2017-ci ilin yanvar-dekabr aylarında orta aylıq nominal əməkhaqqının məbləği 528,2 manat olub.

Onu da bildirək ki, 2006-2017-ci illər ərzində əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi (artıb-azalması) inflyasiya səviyyəsinə görə hesablansa da, ötən il “Əmək pensiyaları haqqında” Qanuna edilən dəyişikliyə uyğun olaraq bu ildən etibarən əmək pensiyalarının sığorta hissəsi Dövlət Statistika Komitəsi tərəfindən açıqlanan orta aylıq nominal əməkhaqqının artım tempinə görə indeksləşdirilir. Bu baxımdan orta aylıq nominal əməkhaqqı ilə bağlı açıqlanan ilkin və dəqiqləşdirilmiş (illik) məlumat arasında qeydə alınan fərq pensiyaların indeksləşdirilməsi baxımından böyük əhəmiyyət daşıyır.

Azərbaycan Respublikası Prezidenti bu ilin fevral ayında "Əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında Sərəncam" imzalayıb və bu sərəncama əsasən əmək pensiyaları Dövlət Statistika Komitəsinin açıqladığı ilkin məlumatlara əsasən artırılıb.

Belə ki, 2016-cı ildə orta aylıq əməkhaqqının dəqiqləşdirilmiş məbləği 499,8 manat olub. 2017-ci il üçün orta aylıq əməkhaqqının ilkin məbləği isə 528,2 manat olub. Artım 5,68% oduğuna görə bu göstərici yuvarlaqlaşdırılıb və Prezidentin sərəncamı ilə əmək pensiyaları 5,7% artırılıb.

Halbuki, Prezidentin fevral ayının 9-da imzaladığı sərəncamda qeyd olunur ki, bütün növ əmək pensiyalarının sığorta hissəsi 2017-ci il üzrə orta aylıq nominal əmək haqqının Dövlət Statistika Komitəsi tərəfindən müəyyən edilən illik (dəqiqləşdirilmiş) artım tempinə uyğun olaraq artırılsın.

Lakin açıqlanan məlumatlardan belə görünür ki, Prezident sərəncam imzalayarkən nə Dövlət Statistika Komitəsinin, nə də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əlində orta aylıq əməkhaqqının illik məbləği barədə dəqiq məlumat olmayıb.

Statistika Komitəsi 2017-ci il üçün orta aylıq əməkhaqqının dəqiqləşdirilmiş məbləğini açıqladıqdan sonra məlum olur ki, orta aylıq əməkhaqqının artımı 5,74% olub. Rəqəmlərdən də göründüyü kimi ilkin məlumatla dəqiqləşdirilmiş məlumat arasında 0,06% və ya 0,3 manat fərq var.

Komitədən bildirirlər ki, 5,74%-i də yuvarlaqlaşdırıldığı zaman 5,7% edir və bu səbəbdən də ilkin və dəqiqləşdirilmiş məlumat arasında qeydə alınan fərq əmək pensiyaların indeksləşdirilməsilə bağlı Prezident sərəncamına təsir etməyəcək.

Maraqlıdır ki, əgər orta aylıq əməkhaqqı ilə bağlı ilkin və dəqiqləşdirilmiş məbləğdə 30 deyil, 40 qəpik fərq olsaydı o zaman artım faizi 5,76% olacaqdı ki, bu zaman əmək pensiyaları 5,7% deyil, 5,8% həddində artırılması necə təmin olunacaqdı?

DİGƏR XƏBƏRLƏR

Top