“Omeqa-3” yağ turşularının beynə faydaları araşdırılıb

Son illər alimlər “Omeqa-3” doymamış yağ turşularının beynə təsiri ilə bağlı geniş tədqiqatlar aparıblar. ABŞ-ın Milli Səhiyyə İnstitutunun məlumatına görə, beyində ciddi proseslərə səbəb olan bu faydalı yağ turşularından hazırlanan həblərin satışında yüksək artım davam edir.

“Time” jurnalı xəbər verir ki, Böyük Britaniyanın Bornemuaus Universitetinin professoru Saymon Dial “Omeqa-3” doymamış yağ turşularının özünüifadə genlərinə, habelə stressin azaldılması və beynin qanla təchizi üçün müsbət təsirini qeyd edib. Onun sözlərinə görə, bu yağlar insan beyni üçün divardakı kərpic rolunu oynayır.

Digər alim – İllinoys Universitetinin Beyin Mərkəzinin direktoru, professor Aron Barbinin apardığı tədqiqatlar nəticəsində məlum olub ki, “Omeqa-3” insanın qavrama qabiliyyətini artırır və beyin nahiyəsində məlum strukturların funksiyalarını gücləndirir. Lakin o, ingilis həmkarının bu yağların depressiya əleyhinə təsiri ilə bağlı fikirlərini qəbul etmir. Bundan başqa, onun tədqiqatları “Omeqa-3” həblərinin 40 yaşdan yuxarı insanların beynində qavrama funksiyalarının artmasına təsir etmədiyini göstərir. Professor Barbi sözügedən həblərin qəbulu zamanı orqanizmin xüsusiyyətlərini nəzərə alaraq fərdi yanaşmanın zəruriliyini də vurğulayıb.

Niderland alimlərinin tədqiqatları da maraqlı faktları üzə çıxarıb. Məlum olub ki, menyusunda əsasən balıq yeməkləri olan 55 yaşdan yuxarı insanlarda kəmağıllıq 60 faiz, Altsheymer xəstəliyi riski isə 70 faiz azalır. Amma alimlərin qənaətinə görə, bu kateqoriyadan olanlar üçün fiziki aktivliyin də həlledici rolu var. Bundan başqa, alimlər “Omeqa-3” yağ turşularını həb vasitəsilə deyil, təzə balıq əti yeməklə qəbul etməyi daha faydalı hesab edirlər.

(Azertac)

DİGƏR XƏBƏRLƏR

Top