Ölkədə gündəm olan qazaxlı heykəltaraşdan Qazax İcra Hakimiyyətinin xəbəri yoxdur

Qazax rayonunda rəssam-heykəltəraş Ramiz İsmi-Qayanın emalatxanasının işığının, qazının kəsilməsindən, dəyərli sənətkarın ona edilən haqsızlıqlara etiraz olaraq Rusiyaya getmək istəməsindən indi demək olar bütün Azərbaycan danışır.

Məlumat üçün bildirək ki, Ramiz İsmi-Qaya çoxlu sayda fundamental abidələrin, heykəl və barelyeflərin müəllifidir.

Gördüyü işlərlə Qazaxı heykəllər rayonuna çevirib. Qərb bölgəsində, Sumqayıtda, Bakıda böyük abidələr ucaldıb, kompozisiyalar yaradıb. Ancaq indi onun vəziyyəti işsizlik və imkansızlıq ucbatından ürəkağrıdıcıdır.

Ramiz İsmi-Qaya çalışdığı emalatxananı öz adına keçirə bilmir, üstəlik, dolana bilmədiyi üçün dəyərli əsərləri bir kənara qoyub satış üçün suvenirlər hazırlamağa məcbur qalıb. O isə imkan olsa, daha çox dəyərli əsərlər, sənət əsərləri hazırlamaq istədiyini bildirib.

Qedy edək ki, Ramiz İsmi-Qayanın video müsahibəsi qısa müddət ərzində sosial şəbəkədə minlərlə insan tərəfindən paylaşılıb, sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib. Onun videomüsahibəsi sosial şəbəkələrdə Azərbaycanın tanınmış şəxsləri tərəfindən də paylaşılıb.

Bəs Qazax Rayon İcra Hakimiyyəti yaradılan süni maneələrlə az qala ölkə gündəminə çevrilən bu rəssam-heykəltaraşın problemlərinin həlli ilə bağlı hansı addımlar atır?

Yeniavaz.com saytı Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gülayə Həsənova ilə əlaqə saxlayaraq bu məsələlərə aydınlıq gətirməyə çalışıb. Ancaq qəribə olsa da, Gülayə Həsənova məsələdən xəbərsiz olduqlarını bildirib: "Ramiz İsmi-Qaya ilə bağlı yazılanlardan, paylaşılanlardan, onun problemlərindən xəbərim yoxdur. Ona görə mən bu barədə heç bir açıqlama verə bilmərəm".

G. Həsənovaya dedik ki, axı son günlər demək olar Azərbaycanda hamı rəssam-heykəltaraş Ramiz İsmi-Qayanın problemlərindən danışır, sosial şəbəkədə paylaşılır, necə ola bilər ki, bundan sizin xəbəriniz yoxdur? Cavabı belə oldu: "Mən bu barədə eşitməmişəm, onun problemlərindən xəbərim yoxdur. Xəbərim yoxdursa, nə deyim? Sağ olun".

Qazax Rayon İcra Hakimiyyəti rəsmisinin məsələyə belə biganə münasibətinə təəccüblənməmək mümkün deyil. İcra Hakimiyyəti başçısının, İcra Hakimiyyətinin şöbə müdirinin rayonla bağlı aktual bir məsələdən xəbərsiz olmaları qətiyən inandırıcı görünmür...

DİGƏR XƏBƏRLƏR

Top