Dollar krediti götürüb əsgər oğlunu müalicə etdirən ailə görün nə halda yaşayır - Bakıda

2014-cü ildə ön cəbhədə xidmət edən əsgər oğlunun müalicəsi üçün "Bank VTB (Azərbaycan)”dan dollar krediti götürən ailə hazırda acınacaqlı halda yaşayır. Bu barədə Yeniavaz.com saytına müraciətində Bakının Nəsimi rayonu, 28 may küçəsi, ev 29, mənzil 3 a ünvanında yaşayan vətəndaş Səfər İsmayılov məlumat verib.

Səfər İsmayılov bildirib ki, qardaşı Sərvər 2014-cü ildə ön cəbhədə N saylı hərbi hissədə xidmət edərkən düşmən təxribatının qarşısını alarkən ağır xəstələnib və sonra orudan tərxis olunub: "Qardaşım sarsıntı keçirmişdi və şizofreniya xəstəliyinə tutulmuşdu. 2 dəfə Ağdamda, 1 dəfə də Bakıda intihara cəhd etmişdi. Sonradan orduda tərxis olundu. Onun xəstəliyi ağır idi deyə çoxlu xərc tələb edirdi. Ona görə də dolların kursu 78 qəpik olan vaxt valideynlərim belə qərara gəldilər ki, evimizi girov qoyub "Bank VTB (Azərbaycan)”dan 20 min dollar, yəni 14 min 700 manat kredit götürdük.

Həmin pullar qardaşımın müalicəsinə sərf olundu".

S. İsmayılovun sözlərinə görə, hazırda qardaşı 2-ci qrup əlil kimi dövlətdən 50 manat pensiya alır: "Devalvasiya olanadək, yəni fevral ayınadək kreditin ödənişini edirdik. Ümumilikdə 5900 dollar ödəniş etmişdik. Dollar bahalaşandan sonra vəziyyət bir qədər qəlizləşdi və ödəmək imkanımız olmadı. Hazırda ödədiyimiz puldan əlavə bank bizdən 40 min manata yaxın pul tələb edir. Bizim bu pulu ödəməyə imkanımız yoxdur, bank isə güzəşt etmir, əksinə bizi məhkəməyə verib".

Bu azmış kimi, 2017-ci il aprel ayının 28-də ailə daha bir problemlə üzləşib: "Səhər saat 7 radələrində yaşadığımız evin tavanı uçdu. Qardaşım, yoldaşı və körpə balası həmin vaxt evdə idilər. Uçqundan sonra qardaşımın uşağı qumun altında qalmışdı.

Həmin vaxt qardaşımın yoldaşı 6 aylıq hamilə idi, xəstəxanaya yerləşdirdilər, çiyin sümüyü qırılmışdı. Onu əməliyyat etmək üçün 2500 manat lazım idi, ancaq imkanımız olmadı deyə qaldı. Qardaşımın yoldaşının ciyəri də zədələnmişdi, uşağı tələf oldu".

Səfər İsmayılovun sözlərinə görə, Fövqəladə Hallar Nazirliyinin nümayəndələri yaşadıqları mənzilin qəzalı vəziyyətdə olması barədə rəy verib: "Mənim 2 oğlum, qardaşımın 1 qızı var. Hər gün evin tavanından, divarından qəribə səslər gəlir, uşaqlar çox qorxurlar. Evin tavanı uçan gün Nəsimi Rayon İcra Hakimiyyətinin nümayəndələri hadisə yerinə gəlmişdilər. Bu hadisədən sonra çox yerlərə müraciət etmişik, ancaq Nəsimi Rayon İcra Hakimiyyəti, yerli Mənzil İstismar Sahəsi bizə kömək etmədi.

Mən və ailəm qəzalı evin 1-ci mərtəbəsində yaşayırıq, orada vəziyyət heç olmasa bir az normaldır, amma qardaşımın və ailəsinin yaşadığı üst mərtəbədə hər an yenə uçqun ola bilər. Ombudsmana, Nəsimi Rayon İcra Hakimiyyətinə, Mənzil İstismar Sahəsinə və digər yerlərə müraciət etdik ki, əlil qardaşımın ailəsi başqa yerə köçürülsün, onlara ev verilsin.

Ombudsman ona ünvanladığımız məktubu baxılması üçün Nəsimi Rayon İcra Hakimiyyətinə göndərdi, oradan isə gətirib bizə 2 ədəd tol verdilər. Ombudsmana cavab məktubu göndərilib ki, necə lazımdırsa, evi təmir etmişik, halbuki heç nə etməyiblər.

Müraciətimizin və bu məsələni ictimailəşdirməyə cəhd etməyimizin səbəbi isə budur ki, bizə acınacaqlı vəziyyətimiz nəzərə alınaraq həm dollar kreditinin məbləğində güzəşt etsinlər, həm də 2-ci qrup əlil qardaşımın ailəsi normal şəraiti olan bir yerə köçürülsün, onlara ev ev verilsin. 100 il bundan əvvəl tikilmiş evdir, hər an çökə bilər. 15 ilə yaxındır deyirlər ki, biz yaşadığımız ərazilər söküləcək, ancaq hələ bir şey yoxdur. Həm evimiz qəzalıdır, həm də bir yandan bank sıxışdırır. Ev bankda girovdadır. Bank bizi məhkəməyə verib. Mən ayda 450 manat maaş alıram, aylıq ancaq 150 manat ödəməyə imkanım çatır.

"Atasığorta" da bizim bu vəziyyətimizə sahib çıxmır. Deyirlər ki, sığorta edərkən bu məqamlar əvvəldən nəzərdə tutulmamışdı. Halbuki kredit götürərkən "Atasığorta"ya nə qədər pul ödənmişdi. Prezident seçkiləri öncəsi deyirdilər ki, seçkidən sonra dollar krediti olanlara güzəşt ediləcək. Çox ümidlənmişdik, amma özünü doğrultmadı, dollar krediti olanlara heç bir güzəşt edilmədi. Xahiş edirik, bizə köməklik göstərilsin".

Məsələ ilə bağlı Nəsimi Rayon İcra Hakimiyyətinin və "Bank VTB (Azərbaycan)”ın mövqeyini yaxın günlərdə işıqlandırmağa çalışacağıq.

DİGƏR XƏBƏRLƏR

Top