Son 1 ayda Azərbaycanda suda boğulma halları ilə bağlı xəbərlərin çoxluğu diqqət çəkir. Az qala hər gün bir rayondan suda boğulma ilə bağlı xəbərlər gəlir. Yeniavaz.com saytı son vaxtlar suda boğulan şəxslərin siyahısını təqdim edir.
İyunun 17-də Kür çayının Zərdab rayonunun Bıçaqçı kəndi ərazisindən keçən hissəsində 2006-cı il təvəllüdlü Səmədov Kənan Cabir oğlu batıb. Onun cəsədi hələ də tapılmayıb.
İmişlidə çayda çimən 16 yaşlı yeniyetmə boğulub. İmişli rayonu Bəhrəmtəpə qəsəbə sakini, 2002-ci il təvəllüdlü Quluzadə Şükür Teyyub oğlu Araz çayı üzərində yerləşən hidroqovşağın yaxınlığında çimərkən boğulub. Yeniyetmənin cəsədi boğulduğu yerdən çıxarılıb.
Goranboyda iki yeniyetmə kanalda batıb. Rayonun Dəliməmmədli qəsəbəsindən keçən su kanalına girən 13-14 yaşlı iki oğlan boğulub. Hadisə yerinə xilasedicilər cəlb olunub, yeniyetmələrin meyiti sudan çıxarılaraq, ailələrinə təhvil verilib.
Kanalda batan yeniyetmələr Dəliməmmədli qəsəbə sakinləri Vəliyev Bayram Taleh oğlu və Bayramov Məhəmməd Elçin oğludur. Onlar evdən müəllim yanına hazırlığa getmək adı ilə çıxıblar. Xoylu kəndində kanalda çimmək istəyərkən boğulublar.
Şəmkirdə 18 yaşlı oğlan suda boğulub. Hadisə rayonun Düz Cırdaxan kəndi ərazisində baş verib. Kənd sakini, 2000-ci il təvəllüdlü Süleymanov Kamil Məmməd oğlu yaradılan süni göldə çimən zaman boğulub. Onun meyiti sudan çıxararaq aidiyyatı üzrə təhvil verilib.
Şamaxı sakini göldə çimərkən batıb. 1985-ci il təvəllüdlü Nuriyev Mübariz Məhəmmədəli oğlu Şirvangölün kənarındakı kafedə dostu ilə yeyib-içdikdən sonra çimmək istəyib.
Mübariz Nuriyev Şirvangöldə çimərkən ehtiyatsızlıq səbəbindən suda boğulub. Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Daha bir suda boğulma Lerikdə qeydə alınıb. Rayon sakini, 1992-ci il təvəllüdlü Ramin İlqar oğlu Həbullayevin meyiti batdığı yerdən bir neçə metr aralıda aşkar edilib və ailəsinə təhvil verilib.
Yevlaxda isə Kür çayında 16 yaşlı gənc batıb. Ceyhun Eldar oğlu Əlili ehtiyyatsızlıqdan çaya düşərək boğulub.
Neftçala sakini də Kür çayında boğulub. Hadisə Neftçala rayonunun Surra kəndi ərazisində qeydə alınıb.
Rayonun Aşağı Qaramanlı kənd sakini, 1976-cı il təvəllüdlü Novruzov Baba Fəxrəddin oğlu sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Samuxda məktəbli su kanalında boğulub. Gəncə sakini, 2009-cu il təvəllüdlü Baxışov Kamran Xəyal oğlu Şəmkir su kanalının Samux rayonu ərazisindən keçən hissəsində batıb. O, Gəncədən Samuxa bibisigilə qonaq gedibmiş.
Qazaxda - Ağstafaçayda çimən 8-ci sinif şagirdi Elnar Muradxan oğlu Mustafayev suda batıb. Onunla birlikdə olan uşaqlar qorxub ərazidən uzaqlaşıblar. Yaxınlıqdan keçən şəxslərdən biri çayın sahilində paltar və mobil telefon tapıb. Bununla bağlı polisə məlumat verilib. E. Mustafayev Bakı şəhərindən Qazax rayonunun Ağköynək kəndinə qonaq gedibmiş.