Prezident icra başçılarını NİYƏ ÇIXARIR? - Deputatdan açıqlama

Prezident seçkilərindən sonra yeni formalaşan Nazirlər Kabinetində aparılan ciddi kadr dəyişikliklərindən sonra növbə yerli icra hakimiyyəti başçılarına çatıb. Dövlət başçısının sərəncamı ilə artıq bir neçə rayon, şəhər icra hakimiyyəti başçıları işdən azad olunublar. Prosesin davamlı olacağı gözlənilir. Yeniavaz.com saytının suallarını cavablandıran millət vəkili Zahid Oruc icra hakimiyyəti başçılarının işdən çıxarılmalarına münasibət bildirib, yeni təyin olunanlardan gözləntiləri açıqlayıb: "Bəli, ölkə rəhbərinin seçkilər dönəmində və ondan öncə xüsusilə hökumətdə həyata keçirdiyi dəyişikliklərin davamı olaraq icra orqanlarında həyata keçirilən təyinatların şahidiyik.

Əgər 2015-ci ildən baxsaq, hökumətin istər iqtisadi sfera, istər təhlükəsizlik orqanları ilə bağlı sistemində çox mühüm kadr dəyişikliklərinə gedilib.

Bəzi strukturlar təyinatını dəyişib, bəzilərinə funksional istiqamətdə yeni yanaşmalar tətbiq olunub. Bu o anlama gəlir ki, ümumiyyətlə dövlət tərəfindən vətəndaşların çağırışlarına, istəklərinə, ictimaiyyətdən gələn siqnallara adekvat bir reaksiya var. Buna politologiyada deyirlər əks əlaqə sistemi.

Yəni vətəndaşların, bütövlükdə cəmiyyətin və millətin gördükləri, həyatlarında yaşadıqları ölkənin rəhbəri tərəfindən nəzərə alınır. Buna deyirlər xalq hakimiyyəti.

Məsələnin bir mühüm cəhəti də ondan ibarətdir ki, dövlət rəhbəri daha mühüm ambisiyalı proqramları qarşıya qoyub və bu hər zaman qeyd olunduğu kimi menecerliyi, innovasiyalarla işləməyi, böyük investisiyaları cəlb etməyi, birbaşa münasibətlər qurmağı, paytaxtdan asılılıqdan qurtulmağı və s. tələb edir.

Əgər bu gün siz Abşeron yarımadasına baxsanız görəcəksiniz ki, əhalinin 4 milyondan çox hissəsi burada təmərküzləşib. Bu, avtomatik olaraq əmək bazarına, mənzil bazarına da basqı edir. Bunların hamısını körpülərlə, tunellərlə daşıyıb gərginliyi ortadan qaldırmaq mümkün deyil. Doğrudur, intensivlik azalıb, əvvəlki qədər axının sürəti yoxdur. Amma biz arzulayırıq ki, əks proses getsin, paytaxtdan bölgələrə insanlarımız dönsün və bu daxili miqrasiya bir qədər səngisin, hətta dayansın.

Bundan ötrü də regionlarda iş yerlərinin açılmasının sürəti artmalıdır, istehsalat sahələrinə yönəlik vergi, əgər xarici əlaqələrlə məşğuldurlarsa, gömrük rüsumları ilə mühüm üstünlüklər verilməlidir. Bu keyfiyyətdə də icra orqanlarının işinə münasibət göstərilməlidir. Xatırlayırsınızsa, cənab Prezident müşavirədə çıxışında qeyd etmişdi ki, icra başçılarının fəaliyyəti açılacaq iş yerləri və cəlb olunacaq investisiyanın əsasında dəyərləndiriləcək.

Amerika Birləşmiş Ştatlarında qurulmuş hazır bir sistem var və Prezidentin çiyinlərində elə bir ağırlıq yoxdur.

Azərbaycan dövlət rəhbərinə bu konteksdə yanaşanda görürük ki, o yetərincə həm daxili sosial, ictimai, həm mənəvi, psixoloji məsələlər bir missiya kimi onun çiyinlərində daşınır. Həm də o regional təhlükəsizlik məsələlərini, dövlətlərlə danışıqları, qlobal layihələrin həyata keçirilməsini də birbaşa özünün müəllifliyi ilə reallaşdırır.

Təyinatlardan yaranan mənzərəni oxumağa çalışsaq, deməliyik ki, dövr dəyişir. Dünən çox yararlı çalışan bir komanda üzvü sabahın təlimlərinə uyğun olmaya bilir və burada bir dəhşət axtarmağın əleyhinə olmalıyıq".

Gədəbəy, Tovuz, Ağdam rayonlarının bilavasitə sərhəd bölgələri olmasını xatırladan Zahid Oruc deyir ki, Prezident Administrasiyası ölkə rəhbərinin ən güclü komandasının toplandığı bir mərkəz olaraq bütün sahələrlə bağlı çox vacib təhlilləri aparır və ölkənin birinci şəxsinə önəmli hesabatları, rəyləri, arayışları təqdim edir: "Bu çox önəmli bir məsələdir. Əgər vətəndaş sadəcə sosial səbəbə görə öz ərazisini və doğma evini qoyub bölgədən paytaxta gəlirsə, nə fərqi var ki, bu erməni gülləsindən baş verdi, yaxud sosial "güllədən", səbəbdən qaynaqlandı? Nəticə boşalmadır və ön cəbhədə dayanan əsgər arxada mülki insanları görməyəndə təbii ki, bu onun mənəvi-psixoloji aləminə də təsir edəcək.

Regionların inkişafı yerlərdə çalışan insanlarımızdan çox asılıdır. Onlar kommunikasiya sistemlərindən baş çıxaran, müasir informasiyaları izləyən, həm də bölgədə paralel şəkildə sahibkarlarla, iş adamları ilə işləyən bir insan olmalı, sahibkarların xarici əlaqələrini qurmaq bacarığına yiyələnməlidirlər. Belə olacağı təqdirdə hesab edirəm ki, dövlətin bütün ağırlığı bir qədər bölgələrə paylanmış olar və bu, Azərbaycanın gücünü də artırar. Prezidentin komandasında apardığı dəyişikliklər həm islahatların gələcəyinə böyük inam verir, həm şəffaflığı artırır, yeni meyarlar və prinsiplər əsasında çalışmalara önəm verildiyi mesajını cəmiyyətdə bərqərar eləyir. Düşünürəm ki, bu qərar insanlarımız tərəfindən müdafiə olunur, rəğbətlə qarşılanır. Bununla Prezident ölkə quruculuğunda yeni bir dönəmin, yeni bir mərhələnin başlandığını elan eləyir".

Nicat

DİGƏR XƏBƏRLƏR

Top