Son 16 ildə əcnəbilərə satılan Türkiyə iqtisadiyyatı - RƏQƏMLƏR və ADLAR

Son günlər qardaş Türkiyə mətbuatında ciddi müzakirələrə səbəb olan məsələlərdən biri də, ölkənin ən böyük şirkətlərindən olan ASELSAN-ın özəlləşdirilməyə çıxarılmasıdır. Türkiyədəki şəkər fabriklərinin özəlləşdiriləməyə çıxarılmasından az sonra ASELSAN-ın özəlləşdriməsi xəbəri insanların ciddi narazılığına səbəb olub. Özəlləşdirilmə prosesində cəmiyyətinin narazılığına səbəb olan əsas məsələ isə ASELSAN-a məxsus səhimlərin 40%-nin əcnəbilərə satılması ilə bağlıdır.

Xatırladım ki, ASELSAN şirkəti 1975-ci ildə qurulub və hərbi sənaye sektorunda fəaliyyət göstərən ən böyük dövlət şirkətlərindən biri hesab olunur. Şirkətin əsas istehsalı hərbi təyinatlı İKT avadanlıqları istehsal etməkdən ibarətdir və şirkətin istehsal etdiyi məhsullar təkcə Türkiyə Silahlı Qüvvələrinin istifadəsinə verilmir, eyni zamanda Azərbaycan da daxil olmaqla dünyanın 63 ölkəsində istifadə edilir. Açıqlanan son məlumatlara görə, ASELSAN 2017-ci ildə 1,2 milyard dollar (5,4 milyard TL) gəlir əldə edib və şirkət 174 milyon dollar (784 milyon TL) dəyərində məhsul ixrac edib. Cəmiyyətin əsas narazılığı da məhz bunula bağlıdır: ASELSAN kimi yüksək gəlirli bir dövlət şirkəti niyə əcnəbi sərmayədarlara satılır?

Bu ilin aprel ayında ASELSAN-ın İdarə heyətinin sədri təyin olunan Gebze Universitetinin rektor, professor Haluk Görgün bir qədər əvvəl mətbuata verdiyi açıqlamada bildirib ki, özəlləşdirmə prosesi çərçivəsində aralarında İngiltərə, ABŞ, Macarıstan və Qətəri kimi ölkələri təmsil edən 33 xarici sərmayədarıla görüşlər keçirilib.

Dövlət şirkətlərinin satılmasından əldə olunan ümumi gəlirlərin 90%-ə yaxını AKP iqtidarı zamanında əldə olunub

ASELSAN-a məxsus səhimlərin satışa çıxarılması diqqətləri son illər ərzində əcnəbi sərmayədarlara satılan digər şirkətlərə çevirib. Türkiyə mətbuatının yazdığına görə, Ədalət və İnkişaf Partiytasının (AKP) hakimiyyətdə olduğu son 15 ildə 125 böyük özəlləşdirmə həyata keçirilib və ümumilikdə bu özəlləşdirmələrdən dövlət büdcəsinə 62 milyard dollar vəsait daxil olub. Müqayisə üçün bildirək ki, AKP iqtidarından əvvəlki 16 il ərzində - 1986-2002-ci illərdə özəlləşdirmədən cəmi 8 milyard dollar gəlir əldə olunub. AKP iqtidarı zamanında əldə olunan 62 milyard dollarlıq özəlləşdirmə gəlirlərinin 24 milyon dollara yaxını isə Beynəlxalq Valyuta Fonduna olan (İMF) borcların qaytarılmasına sərf olunub.

Eyni zamanda qeyd edək ki, Türkiyə Cümhuriyyəti tarixi ərzində dövlət məxsus şirkətlərin satılmasından əldə olunan ümumi gəlirlərin 90%-ə yaxını AKP iqtidarı zamanında əldə olunub.

Türkiyəli ekspertləri narahat edən məsələlərdən biri də əcnəbilərə satılan şirkətlərin arasında ASELSAN kimi strateji əhəmiyyət daşıyan dövlət şirkətlərinin olmasıdır. Məsələn, Türkiyənin nəhəng telekominikasiya şirkəti olan "Türk Telekom"un ərəblərə, "Tüpraş"ın ingilislərə, "Petkim"in azərbaycanlılara, "Tekel"in hollandlara satılması.

Hazırda Türkiyədə bank sektorunun 50%-i, sığorta sektorunun isə 70%-i xarici sərmayədarların nəzarəti altındadır. Bunlardan başqa dərman sektorunun 70%-i, yanacaq sektorunun 65%-i, təbii qaz sektorunun 15%-i, elektrik enerjisi sektorunun 20%-i əcnəbilərin əlindədir.

Əcnəbilərə satılan onlarla nəhəng şirkət...

Türkiyə mətbuatında yer alan məlumatlardan belə görünür ki, AKP iqtidarı dövründə əcnəbilərə satılan dövlət qurumlarının əksəriyyətinə ərəblər sahib olub. AKP iqtidarı zamanında əcnəbilərə satılan bəzi dövlət və özəl şirkətlərə baxdığımız zaman da bunu açıq şəkildə görmək mümkündür:

1. "Türk Telekom" - Səudiyyə Ərəbistanı şirkətinə

2. "Çaykur" - Qətər şirkətinə

3. "Telsim" - İngiltərə şirkətinə

4. "Başak Sığorta" - Fransa şirkətinə

5. "Adabank" - Küveyt şirkətinə

6. "Avea" - Livan şirkətinə

7. "Petkim" - Azərbaycan şirkətinə

8. "Finansbank" - Yunanıstan şirkətinə

9. "Oyakbank" - Hollandiya şirkətinə

10. "Dənizbank" - Belçika şirkətinə (sonra Rusiya, hazırda BƏƏ şirkətinə məxsusdur)

11. "Türkiə Finans" - Küveyt şirkətinə

12. TEB - Fransa şirkətinə

13. "C bank" - İsrail şirkətinə

14. "MNG Bank" - Yunanıstan şirkətinə

15. "Şekerbank" - Qazaxıstan şirkətinə

16. "Yapı Kredi" - İtaliya şirkətinə

17. "Türksell" - Finlandiya və Rusiya şirkətlərinə

18. "Beymen" - ABŞ şirkətinə

19. "Enerjisan" - Avstraliya şirkətinə

20. "Garanti" - ABŞ şirkətinə

21. "Eczacıbaşı" - Çexiya şirkətinə

22. "İzocam" - Fransız şirkətinə

23. "Demir Döküm" - Almaniya şirkətinə

24. "Döktaş" - Finlandiya şirkətinə

25. POAŞ - Avstarliya şirkətinə

26. "Migros" - İngiltərə şirkətinə

27. TGRT (Fox) - ABŞ şirkətinə

28. "MNG Kargo" - BƏƏ (Dubay) şirkətinə

29. "Viko" - Yaponiya şirkəti

30. "Hakan Plastik" -İsveçrə şirkətinə

31. "Sırma su" - Fransa şirkətinə

32. "Baymak" - Holandiya şirkətinə

33. "Yapı Kredi Sığorta" - Almaniya şirkətinə

34. "Abank" - Qətər şirkətinə

35. "Yemeksebeti" - ABŞ şirkətinə

36. "Penti" - ABŞ şirkətinə

37. "Flormar" - Fransa şirkətinə

38. "Damat" və "Tveen" - ABŞ şirkətinə

39. "TAV havalimanlıarı Holding" - Fransa şirkətinə

40. "Mustafa Nevzat İlaç Sanayi" - ABŞ şirkətinə

41. "Koton" - Hollandiya şirkətinə

42. "Bahçeşehir" - ABŞ şirkətinə

43. "Finans Emeklilik" - ABŞ şirkətinə

44. "Graniser" - İngiltərə şirkətinə

45. "Bento" - Yaponiya şirkətinə

46. "Hak Menkul" - Sinqapur şirkətinə

47. "İdaş" - ABŞ şirkətinə

48. "Mackolik" - İngilis şirkətinə

49. "Polimer Kauçuk" - ABŞ şirkətinə

50. "Pronet" - İngiltərə şirkətinə

51. "Silk&Cashmere" - BƏƏ (Dubay) şirkətinə

52. "İstanbul Fuar Hizmetleri" - İngiltərə şirkətinə

53. "Life Media Fuarcılık" - İngitərə şirkətinə

54. "Aras Kargo" - Avstriya şirkətinə

55. "Borsa İstanbul" - ABŞ-ın Nasdaq qrupuna (bir hissəsi)

56. "Tatil Sebeti" - İngiltərə şirkətinə

57. "Hisarlar" - Hindistan şirkətinə

AKP iqtidarı zamanında əcnəbilərə satılan şirkətlər arasında strateji əhəmiyyət daşıyan bəzi dəniz limanları da yer alır.

1. Türkiyənin ən böyük limanı "İzmir Limanı" - Honk-Konq şirkətinə

2. "Kuşadası Limanı" - İsrail şirkətinə

3. "Mersin Limanı" - Sinqapur şirkətinə

4. "Zeytinburnu Limanı" - İsrail şirkətinə

5. "İskenderun Limanı" - Fransa və İtaliya şirkətlərinə

2003-2013-cü illərdə 112 min xarici ölkə vətəndaşına torpaq satılıb

AKP iqtidarı zamanında Türkiyədə əcnəbilərə satılan şirkətlərin sayındakı artışla bərabər, torpaq və daşınmaz əmlakın da satışlarında ciddi artım müşahidə olunub. Türkiyə Cümhuriyyətinin qurulduğu dövürdən APK-nin iqtidara gəldiyi zamana kimi - 1923-2003-cü illərdə 450 nəfər xarici ölkə vətəndaşına ümumilikdə 11 milyon kv-metr torpaq satılıb. AKP iqtidarının ilk 10 ilində - 2003-2013-cü illərdə isə 112 min xarici ölkə vətəndaşına 136 milyon kv-metr torpaq satılıb. Bundan başqa hər il xarici ölkə vətəndaşlarına minlərlə mənzil satılır. Türkiyə Statistika İdarəsinin məlumatına görə təkcə ötən il əcnəbilərə 22 min 428 mənzil satılıb. Azərbaycan vətəndaşları 2017-ci il ərzində Türkiyədən 942 ədəd mənzil satın alıblar. Türkiyədən ən çox mənzil alanlar isə İraq (3805 mənzil), Səudiyyə Ərəbistanı (3345 mənzil) və Küveyt (1691 mənzil) vətəndaşları olub.

Allahverdi Aydın

DİGƏR XƏBƏRLƏR

Top