Regionda ən ucuz cins şalvarları azərbaycanlılar geyinir - QİYMƏTLƏR

Hazırda dünyada, eləcə də Azərbaycanda insanlar cins paltarlar geyinməyə daha çox üstünlük verirlər. Xüsusən gənclər və orta yaşlı insanların geyim seçimində cins paltarlar mühüm yer tutur. Yeniavaz.com xəbər verir ki, cins paltarların ilk dəfə XIX əsrdə hazırlandığı bildirilir. Bu paltarlar ilk zamanlar gec cırılması səbəbindən zavod və fabriklərdə, həmçinin yeraltı şaxtalarda ağır işlərdə işləyən işçilər üçün hazırlanıb. Daha sonra cins paltarlar ABŞ-da kovboyların və məhbusların daha çox geyindiyi paltar kimi tanınıb. Nəhayət XX əsrin ikinci yarısından başlayaraq cins paltarlar, xüsusən də cins şalvarlar gənclər arasında populyarlıq qazanmağa başlayıb.

Məlumat üçün bildirək ki, cins parçallar pambıq, kətan və yunun qarışığından istehsal olunur. Bu parçanın ilk dəfə XVI əsrdə İtaliyanın Genuya şəhərində hazırlandığı bildirilir. Cins (Jeans) sözünün isə Fransız dilindəki "bleu de Genus" (Genuyanın mavisi) sözündən yarandığ söylənilir.

Hazırda dünyada cins paltar istehsalı ilə məşğul olan yüzlərlə şirkət və onlara məxsus çoxsayı brendlər mövcuddur. Lakin qeyd etmək lazımdır ki, onların arasında bəziləri uzun illərdir öz populyarlığını qorumaqdadır. Hazırda dünyada ən çox satılan cins paltar brendlərindən olan "Levis"in tarixdə ilk cins şalvar istehsalçısı olduğu bildirilir.

Əvvəllər yalnız mavi rəngli cins şalvarlar istehsal olunsa da, hazırda istehsalçılar tərəfindən fərqli rənglərdə cins şalvarların istehsalına üstünlük verilir.

Dünyanın ən populyar və uzun illərdir dəbdən düşməyən geyim növü olan cins paltarlar hazırda dünyanın müxtəlif ölkələrində fərqli qiymətlərə satılmaqdadır.

Yeniavaz.com maraqlı olacağını nəzərə alaraq məşhur numbea.com portalına istinadən dünyanın əksər ölkəsində "Levis 501" markası altında satılan cins şalvarların qiymətini təqdim edir. Qeyd edək ki, qiymət fərqinə əsas səbəb cins şalvarların hazırlanmasında istifadə olunan parçanın keyfiyyəti və tikilmə texnologiyasıdır.

Maraqlı məqamlardan biri odur ki, Azərbayanda "Levis 501" adı ilə satılan cins şalvarların orta qiyməti region ölkələrində qeydə alınan ən ucuz qiymət olub.

Azərbaycanda "Levis 501" " adı ilə satılan cins şalvarların orta qiyməti 34 dollara (58 manat) bərabər olub. Bu göstərici region ölkələrindən Türkiyədə 35,4 dollara, İranda 37,3 dollara, Gürcüstanda 50,4 dollara, Qazaxıstanda 52 dollara, Ukraynada 57,3 dollara, Moldovada 61,6 dollara, Rusiyada 76 dollara, Belarusda 78,8 dollara bərabər olub.

Dünyada ən bahalı cins şalvarın İslandiyada (133 dollar), İsveçrədə (112 dollar), Danimarkada (108 dollar) və Norveçdə (107 dollar) satıldığı bildirilir.

DİGƏR XƏBƏRLƏR

Top