Təhsil Nazirliyinin tanımadığı diplomla Azərbaycanda işə necə girirlər?

Bir neçə gündür telekenallarda Anadolu Universitetinin Bakıdakı tərəfdaşlığının nümayəndəliyində distant (məsafəli) təhsil verilməsi ilə bağlı reklamlar yayımlanır. Reklamlarda bildirilir ki, Bakıdan kənara çıxmadan, 4 il distant təhsil almaqla Anadolu Universitetinin diplomunu ala bilərsiniz.

Qeyd edək ki, hazırda Azərbaycanda distant təhsilalma formasında xarici ali təhsil müəssisələrindən alınmış diplomlar Təhsil Nazirliyi tərəfindən tanınmır.

Yeniavaz.com olaraq məsələ ilə bağlı əvvəlcə Anadolu Universitetinin Bakıdakı tərəfdaşı kimi təqdim olunan nümayəndəliyə zəng vurub bir vətəndaş kimi suallarımıza cavab aldıq.

Qəribədir ki, nümayəndəlikdən Bakıda distant təhsilalma formasında məzun olub diplom alanların hazırda müxtəlif dövlət və özəl qurumlarında çalışdıqları bildirildi: "Anadolu Universiteti Türkiyənin dövlət universitetidir, həmin ölkədə yerləşir. Azərbaycandan tələbələr isə Bakıda 2009-cu ildə distant formada təhsil alırlar. 4 il müddətində Azərbaycanı tərk etmədən, distant təhsilalma fotmasında təhsil alırlar. Sonda məzun olduqları zaman diplom Azərbaycana birbaşa Türkiyədən göndərilir.

Bu günə qədər məzunlarımızı araşdırmışıq, kiçik statistika aparmışıq. Əlimizdə olan nəticələrə əsasən deyirik ki, məzunlarımızın çoxu özəl sektorda, bəziləri isə dövlət sektorunda işləyirlər. Bu diplomla rahatlıqla istədikləri yerlərdə işləyə bilirlər. Anadolu Universiteti Türkiyənin dövlət təhsil müəssisəsidir və məhz bu səbəbdən diplomu Türkiyədə və dünyanın demək olar ki, bütün ölkələrində tanınır".

"Burada təhsil almaq istəyənlərdən hansı sənədləri tələb edirsiniz?" sualımıza nümayəndəliyin xanım əməkdaşı belə cavab verdi: "Təhsil alacaq şəxsin şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş forması, 4x5-ə 4 ədəd şəkil və attestat.

Bu sənədləri bizim qeydiyyat mərkəzimizə gətirə bilərsiniz, orada sizə daha ətraflı məlumat veriləcək - həm universitet, həm qəbul şərtləri, həm də qəbul olduqdan sonrakı tələbəlik həyatında nələr baş verəcəyinə aid bütün məlumatlar barədə".

Onun dediyinə görə, 4 illik təhsil üçün hər semestr 480 avro təhsil xərci ödəmək lazımdır: "Təhsil haqqı semestr üzrə tam olaraq 480 avro təşkil edir. Birinci il məbləğ tam formada ödənilir, 2, 3, 4-cü kurslarda isə yarıbayarı ödəmək mümkündür. Hazırda 2000-dən çox aktiv tələbəmiz var. Digər illərdə olduğu kimi, bu il də müraciətlərin sayı yetərincədir.

Biz Anadolu Universitetinin rəsmi tərəfdaş qurumu olduğumuz üçün burada videokonfrans dərslər təşkil edilir.

Yəni tələbə gəlir və videokonfrans dərslərdə istədiyi zaman iştirak edir. Onu da qeyd edim ki, dərsə gəlmək məcburiyyəti yoxdur, bu halda ona qayıb yazılmır. Təhsil aldığı 4 il ərzində lazım olan bütün kitablar diplomatik karqo vasitəsi ilə Azərbaycana göndərilir. Mərkəzimiz "Azadlıq" metrosunun yaxınlığında, 8-ci mikrorayon, İbrahimpaşa Dadaşov küçəsində yerləşir".

"Sizin məzunlarınız həmin diplomla necə işləyirlər, axı distant təhsilə görə verilmiş diplomlar Təhsil Nazirliyi tərəfindən tanınmır?" sualımıza cavab belə oldu: "Distant təhsil mexanizmi hazırda Azərbaycanda hazırlanmaqdadır. Təsdiq olunub (?). Lakin mən bir daha bizim bu günə qədər olan məzunlarımızın nəticələrinə əsasən bildirirəm ki, onların çoxu artıq müxtəlif sahələrdə işlə təmin olunublar. Bu səbəbdən dolayı heç bir problem yaşanmır".

Bəs Təhsil Nazirliyində bu məsələ ilə bağlı nə düşünürlər? Nazirlikdən Yeniavaz.com saytına bildirilib ki, "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən təhsilalma formalarından biri də distant təhsildir. Lakin tədrisin distant formada təşkilinin mexanizmi yaradılmadığından respublikanın ali təhsil müəssisələrində distant təhsilalma forması tətbiq edilməyib.

"Təhsil haqqında" Azərbaycan Respublikası Qanununun 10.5-ci maddəsində distant təhsilalma forması üçün müvafiq təhsil proqramının tətbiq edilməsi tələbi nəzərdə tutulub. Lakin, bununla əlaqədar hazırda müvafiq icra mexanizmi təsdiq edilmədiyindən, distant təhsilalma formasında xarici ali təhsil müəssisələrinin məzunlarının diplomlarının ölkə ərazisində tanınması (nostrifikasiya) həyata keçirilmir. Bu sahədə müvafiq normativ-hüquqi akt qüvvəyə mindikdən sonra qeyd edilən məsələyə baxılacaqdır.

DİGƏR XƏBƏRLƏR

Top