Qiymət ucuzlaşıb, fermerlər "başlarına döyür"

Fermerlər kənd təsərrüfatı məhsullarının əllərində qalmasından, alıcı tapa bilməmələrindən gileylənirlər. Əvvəllər məhsullarını Rusiya bazarına çıxaran fermerlər indi məhsulun xaricə ixracı üçün yol tapmaqda çətinlik çəkdiklərini, daxili bazarı təmin etsələr də, nəinki mənfəət əldə edə, heç məhsulun istehsalına sərf etdikləri xərci çıxara bilmədiklərini deyirlər.

Hazırda kənd təsərrüfatı sahələrində kartof və sarımsaq yığılır. Xüsusən Cəlilabad rayonunda əkini həyata keçirilən məhsulların yığım mərhələsi uğurla həyata keçirilsə də, fermerlər zəhmətlərinin bəhrəsini görmədiklərindən gileylənirlər. Bazarlarda və küçə ticarətində kartofun qiyməti 30-80 qəpik, sarımsağın qiyməti 1-3 manat arasındadır. İlboyu kartofu bazarlardan və marketlərdən 1 manat və ya 1 manat 20 qəpiyə, sarımsağı 7-8 manata almaqdan gileylənən alıcılar üçün bu qiymət az qala göydəndüşmə olsa da, faraş tərəvəzçiliklə məşğul olan fermerlərə sərf etmir. Onlar məhsulun bol olmasından sevinsələr də, qiymətin ucuzlaşması və mənfəət əldə edə bilməmələri, nəticədə ziyanla işləmələri fikrində israrlıdırlar.

Rəsmi qurumlar məhsulların ucuz satılmasını məhsuldarlığın bol olması ilə əlaqələndirir. Fermerlər məhsulların satışını təşkil etməkdə böyük çətinliklərlə üzləşirlər. Faraş kartofu 19-20 qəpikdən, sarımsağı 60, soğanı 15 qəpikdən gəlib yerində alırlar. Bu da iqtisadi baxımdan fermerlərə sərf etmir. Çünki məhsulu əldə edənə qədər fermer külli miqdarda vəsait xərcləyir. Sahənin, alaqların təmizlənməsi, kultivasiya işlərinin görülməsi və s. işlər ucuz başa gəlmir.

Keçən il məhsulu 35-40 qəpiyə topdan "TIR”lara yükləyib yola saldıqlarını deyən fermerlər indi məhsulların işbazlar tərəfindən ucuz əldə edildiyini deyir və çıxış yolunu satış üçün bazarların müəyyən olunmasında görürlər.

Fermerlər məhsullarının Kənd Təsərrüfatı Nazirliyinin paytaxtda təşkil etdiyi yarmarkalarda satışa çıxarılmasını çıxış yolu hesab etmir.

İqtisadçı-ekspert Fuad İbrahimli açıqlamasında məhsul bolluğu zamanı fermerlərin həmişə əziyyət çəkdiyini deyib. Onun sözlərinə görə, məhsulun yerləşdirilməsi və pərakəndə satış məntəqələrində satışını təmin etmək çətinliyi yaranır:

"Kənd təsərrüfatının inkişaf etdiyi sahələrdə nəzarətçi dövlət qurumu illik proqnozlar hazırlayır və növbəti il üçün fermerləri daxili bazarın tələbatı ilə bağlı məlumatlandırırlar. Fermerlər də həmin proqnozlara uyğun əkəcəkləri məhsulun miqdarını proqnozlaşdırırlar. Bizdə isə bu sahədə ciddi kortəbiilik var. Bu sahədə ciddi bir tənzimləmə olmadığı üçün məhsulun bol olması da, qıtlıq da problem yaradır. Fermerler istehsal etdiyi məhsulu istehlakçıya gətirib çatdıra bilmir. İstehlakçının da seçimi çox olduğu üçün qiymət ucuzlaşır”.

İqtisadçının sözlərinə görə, məhsulun xarici bazara çıxış imkanlarının məhdud olduğunu proqnozlaşdırmaq lazımdır:

"Bu gün üçün Rusiya bazarında yer tutmaq çətin olduğu üçün daxili bazara diqqət yetirmək lazım idi. Əvvəlcə istehsalçılar öz məhsullarını Rusiya bazarında daha baha qiymətə satmaq imkanına malik idilər. Bu, fermerlərə Rusiya vasitəsilə daha çox gəlir əldə etmək şansı yaradırdı. Bu sahədə mövcud olan məhdudiyyətlər istehlakçılar üçün müəyyən mənada sərfəli olsa da, istehsalçıların uduzmasına səbəb olur. Biz artıq Rusiya tərəfindən qadağaların tətbiq olunmasının fermer təsərrüfatlarının maliyyə imkanlarına mənfi təsir göstərdiyini müşahidə edirik. Ümid edirəm ki, yeni kənd təsərrüfatı naziri növbəti sezondan bu məsələlərə xüsusi toxunacaq və qismən də olsa fermerlərin ziyana uğramasının qarşısı alınacaq”.

("Şərq”)

DİGƏR XƏBƏRLƏR

Top