"Azərbaycan vətəndaşlarının orta ömür müddəti aşağı düşə bilər" - SƏBƏB

Bir vaxtlar şəhərlərdə yaşayanlar kənd yerlərində yaşayanlara həsəd aparırdılar. Düşünürdülər ki, ən təbii, ən təmiz qidaları məhz kənd yerlərində yaşayanlar yeyir.

Ancaq şərait elə gətirib ki, bu gün keyfiyyətsiz qidaların çoxu məhz kənd yerlərində, rayon yerlərindəki mağazalarda satılır. Düzdür, aidiyyəti qurumlar tez-tez yoxlamalar keçirib keyfiyyətsiz qidaları satışdan çıxarırlar, ancaq problem bununla həll olunmur. Adı çoxlarına bilinməyən, məşhur olmayan, kiçik sexlərdə istehsal edilən müxtəlif içki və ərzaq məhsulları regionlardakı market və mağazalarda gen-bol əhaliyə satılır.

Məsələ ilə bağlı Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Yeniavaz.com saytına açıqlama verib.

Onun sözlərinə görə, indi insanların sosial vəziyyəti ilə əlaqədar olaraq malın ən yaxşısı şəhərə gətirilir: "İctimai rəy ən gözəl ekspertizadır. Əvvəlki illərdən fərqli olaraq malın yaxşısı şəhərə gətirilir, pisi kənddə qalır. Kəndlinin sosial vəziyyəti, dolanışığı ağır olduğu üçün baha qiymətə gedən yaxşı məhsulu şəhərə gətirir.

Biz müəyyən layihələr çərçivəsində ən ucqar kəndlərdə, xüsusən Qubanın ən yuxarı dağlıq kəndlərində olmuşuq. Məlum oldu ki, hər yerdə heyvanlara, toyuqlara iynə vurulur. Biz isə düşünürdük ki, dağlıq kəndlərdə heyvanlara iynə vurmağa ehtiyac qalmaz. Heyvan xəstəlikləri, bitki xəstəlikləri demək olar ki, ölkənin hər yerini əhatə edib. Heyvanlara, toyuqlara vurulan antibiotiklərin qalıqları onların ətini yeyərkən insanların bədənində tez-gec öz təsirini göstərir. Kəndlilər bilmirlər ki, neçə gündən sonra onu kəsmək, neçə gündən sonra ətini yemək olar və s. Bu kimi problemlər necə deyərlər, kəndlə şəhəri bərabərləşdirib".

AİB sədrinin fikrincə, mərkəzdən uzaqlaşdıqca keyfiyyətin aşağı düşməsi də proporsional, mütənasib olaraq artır: "Mərkəzdən uzaqlaşdıqca keyfiyyət aşağı düşür. Cürbəcür konfetlər, spirtli içkilər, limonatlarla bağlı bizə daim telefon zəngləri daxil olur. Düşünürük ki, Qida Təhlükəsizliyi Agentliyi bu məsələlərlə bağlı problemləri həll edəcək. Yeri gəlmişkən, hazırda biz Şirvanda Qida Təhlükəsizliyi Agentliyinin görəcəyi işlərlə bağlı tədbirdən gəlirik. Orada bir tədbir keçirdik - "Qida Təhlükəsizliyi Agentliyinin işinə dəstək vermək üçün ictimaiyyət hansı işi görməlidir" mövzusunda.

Bir sözlə, əgər əhali fəal olmasa, maariflənmə tədbiri güclü getməsə, problem getdikcə dərinləşəcək və Azərbaycan vətəndaşlarının orta ömür müddəti aşağı düşəcək".

Nicat

DİGƏR XƏBƏRLƏR

Top