"Qazax pomidoru" adı ilə satılan pomidorlar Bakıya haradan gətirilir? - FOTO

El dili ilə desək, indi pomidorun ən ləzzətlə yeyildiyi mövsümlərdən biridir. Yeni mövsümün pomidorunun nübarını edənlər də var, etməyənlər də.

Yeniavaz.com xəbər verir ki, hazırda pomidor almağa tərəddüd edənlər onun gübrəli olması, istixanalarda yetişdirilməsi ilə əlaqələndirirlər. Onların fikrincə, növbəti aylarda satışa çıxarılan pomidorlar istixanalarda yetişdirilmədiyindən gübrəsi də az olur, ona görə gözləmək məsləhətdir.

Məlumat üçün onu da əlavə edək ki, hazırda paytaxt bazarlarında və pərakəndə satış mərkəzlərində 3 adda pomidor satılır: Bakı pomidoru, Şəmkir pomidoru və Qazax pomidoru.

Qazax pomidoru adı ilə satılan pomidorlar digərlərindən görünüşcə bir qədər fərqlənirlər. Həmin pomidorlar daha iri olsalar da, üstündə ləkəyə bənzər qaraltılar çox olur. Üstəlik, bu pomidorlar qiymətinə görə digərlərindən daha ucuz satılır.

Bakı sakinləri arasında isə belə söhbət gəzir ki, guya "Qazax pomidoru" adı altında satılan pomidorlar Qazax rayonunda yetişdirilmir. Hətta Qazaxda hələ pomidorun yetişmədiyini bildirənlər də var. Qiyməti digərlərindən ucuz olsa da, elə bu söz-söhbətlərə görə "Qazax pomidoru" adı altında satılan pomidorları almaqdan çəkinənlər az deyil.

Bir maraqlı məqam isə "Qazax pomidoru" adı altında satılan pomidorların digərləri ilə müqayisədə daha tez xarab olmasıdır. Əgər Bakı pomidorları bir neçə gün ərzində xarab olmursa, Qazax pomidorları 2 gün qalan kimi boşalır, çürüyür.

İddialara görə, Qazaxda hələ pomidor yetişməyib, hətta Qazax bazarlarında Şəmkir pomidorları satılır.

Yayılan bu məlumatların, söz-söhbətlərin nə dərəcədə doğru olduğunu Qazaxda yaşayanlardan öyrənməyə çalışdıq.

Məlumat üçün bildirək ki, Qazax rayonunda pomidor yetişdirilən əsas kəndlərdən biri də Çaylıdır. Hər il bu kənddə yetişdirilən pomidorlar Bakı bazarlarına göndərilir.

Çaylı kənd bələdiyyəsinin sədri Baxış Hüseynov Yeniavaz.com saytına açıqlamasında kənddəki istixanalarda pomidorların yetişdiyini bildirdi: "Bəli, pomidorlar yetişib və satış üçün Bakıya da göndərilir. Özü də pomidorlar indi yox, 2 ay əvvəldən göndərilir".

Baxış Hüseynovun sözlərinə görə, Çaylı kəndindəki istixanalarda yetişdirilən pomidorlar Bakı ilə yanaşı, hər il Rusiya bazarlarına da göndərilir: "Alıcıları kifayət qədərdir. Kənddə bu işlə məşğul olan xeyli ailə var. Onların dolanışıq yeri məhz bu işdən çıxır. Qazax pomidoru elə öz rayonumuzda, Ağstafada və digər ətraf rayonlarda da satılır".

Bələdiyyə sədri pomidorun topdan satış qiymətinin nə qədər olduğunu bilmədiyini dedi.

"Pomidor Qazaxın digər kəndlərində də yetişdirilir. Qiymətlər kənd əhlini qane etməsəydi, yəqin ki, bu işlə məşğul olmazdılar. İstixanalarda çalışanlar da elə kənd sakinləridir. Qazax pomidoru öz dadına görə digərlərindən geri qalmır",-deyə Baxış Hüseynov vurğulayıb.

Nicat

DİGƏR XƏBƏRLƏR

Top