Bizdə göyərçin əti niyə yeyilmir?

Cahiliyyə dövründə Məkkədə ləpirçilik peşəsi çox inkişaf etmişdi. Elə ləpirçilər vardı ki, dəvənin ayaq izinə baxıb onun cinsini, haradan gəlib hara getdiyini, yükünün nə olduğunu belə deyə bilirdilər.

Rəsulullah (s.ə.s.) dostu Həzrəti Əbubəkrlə (r.a.) Məkkədən Mədinəyə hicrət edəndə əks istiqamətə hərəkət etdilər və gəlib Sevr mağarasına girdilər. Öndə ləpirçilər, arxada da Rəsulullahı qətlə yetirmək istəyən kafirlər ayaq izi ilə düz mağaranın ağzına qədər gəldilər. Amma heç ağıllarına da gəlməzdi ki, Allah-Təala mağaranın ağzında onlara elə qəribə sürpriz hazırlayıb ki, bu zamana qədər bütün öyrəndikləri, bütün təcrübələri heç bir işə yaramayacaq. Belə ki, Allahın əmri ilə mağaranın ağzında kiçik bir ağac bitmiş, bir quş o ağacın üstündə yuva qurmuş, hörümçək də mağaranın ağzına tor hörmüşdü. Mağaranın ağzına çatan ləpirçilər heyrətdən donub qalmışdılar. Çünki onlar yanılmamışdılar, uzun illərin təcrübəsi onları bu qapıya gətirmişdi. Amma bu hörümçək toru hər şeyi alt-üst edirdi. Düşünə bilmirdilər ki, Allah istəyəndə öz sevdiyini bir hörümçək toru ilə də qoruya bilir.

Həzrəti-Əbubəkir sonradan deyirdi ki, mən onların ayaqlarını görür, bütün danışdıqlarını eşidirdim və əgər əyilib baxsaydılar, bizi görəcəkdilər. Amma əyilib baxmadılar və danışa-danışa, heyrətlər içində dönüb getdilər.

Bu hadisəyə hörmət əlaməti olaraq xalq arasında göyərçin əti yeyilmir, hörümçük toru dağıdılmır.

Əli Çərkəzoğlu

DİGƏR XƏBƏRLƏR

Top