Cinayətkarın izləri necə üzə çıxarılır? - REPORTAJ

Ekspertiza - tapıntı, maddi sübut və dəlilləri tərəfsiz və elmi üsullarla tədqiq edən fəaliyyət sahəsidir. Azərbaycanda məhkəmə ekspertizası fəaliyyətini həyata keçirən orqanlardan biri də Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzidir.

Hazırda mərkəzdə 41 məhkəmə eksperti tərəfindən 20 növ üzrə ekspertiza aparılır. Ənənəvi kriminalistik ekspertiza növlərindən olan ballistik, trasoloji (o cümlədən daktiloskopik), əlyazmaların və sənədlərin texniki ekspertizaları sahəsində 6 ekspert ixtisası üzrə 16 tədqiqat metodu İSO 17025 beynəlxalq standartı üzrə akkreditə edilib.

Qurumun rəhbəri Fuad Cavadov deyir ki, mərkəzdə 13 şöbə üzrə ekspertlər fəaliyyət göstərir: "Ekspert xüsusi biliyə sahib olan şəxsdir. Eyni zamanda bizim fəaliyyətimiz çoxsahəlidir. Bura riyaziyyat, kimya, fizika, mühəndislik, avtomobil mühəndisliyi və s. aiddir. Bizim əsasnaməyə əsasən müsabiqənin keçirilməsi qaydaları Ədliyyə Nazirliyi tərəfindən təsdiq olunur. Ona əsasən biz açıq müsabiqə yolu ilə kadr seçirik. Həmçinin qeyri-hüquqşünas kadrlarını seçirik. 8 müsabiqə keçirmişik. Bu müsabiqədə kifayət qədər çoxlu sayda namizədlər iştirak edib".

Ekspert olmaq istəyən şəxs yalnız "imza hüququ" əldə etdikdən sonra rəsmi olaraq ekspert kimi fəaliyyət göstərə bilər: "Maksimum 1 il, minimum 6 ay ərzində hazırlıq keçirik. Əgər stajorun elmi rəhbəri və stajor özünü hazır hesab edirsə, rəhbərliyə müraciət edir. Bundan sonra rəhbərlik sırf onun məşğul olduğu ixtisas üzrə ondan imtahan götürür. İşə qəbul üzrə sırf kimya üzrə bilikləri yoxlanırsa, artıq ekspert kimi sırf ekspertizaya dair bilikləri yoxlanılır. Bizim ixtisaslı kadrlardan ibarət komissiyamız var və bundan sonra həmin şəxs şəhadətnamə alır, el arasında "imza hüququ". Yalnız bundan sonra o, ekspert hüququ alır".

Məhkəmə Ekspertiza Mərkəzi üçün avadanlıqlar İngiltərənin "Foster+ Freeman" firmasından alınır. Avadanlıqlar əsasən məhkəmə bioloji, kimyəvi, ballistika, trasologiya şöbələrində istifadə edilir: "Müasir avadanlığın üstün cəhəti gəlinən rəyin mötəbərliyidir. Ekspertiza fəaliyyətində rəyin mötəbərliyi ən önəmli məsələlərdən biridir, çünki ekspert rəyi sübut növlərindən biridir. Məhkəmə, hüquq-mühafizə orqanları hansısa bir əmələ qiymət vermək üçün ekspertiza rəyinə əsaslanırlar. Bu da hansısa insanların taleyi və ya kiminsə tapdalanmış hüquqlarının qorunması deməkdir".

Cinayət hadisəsi ilə əlaqədar hadisə yerindən götürülmüş əl-barmaq izlərinin tədqiqatı məhz bu gördüyünüz aparat vasitəsilə həyata keçirilir.

Cinayət işlərinin istintaqı zamanı təyin edilən ekspertiza növlərindən biri də daktiloskopik ekspertizadır. Bu zaman istintaq tərəfindən hadisə yerindən götürülmüş əl-barmaq, ovuc və yalın ayaq izləri tədqiqat obyekti kimi ekspertiza tədqiqatına təqdim olunur.

Məhkəmə Ekspertiza Mərkəzinin Ballistik və trasoloji ekspertizalar şöbəsinin rəis müavini Hacıbala Hacıyev 20 ilə yaxındır bu işlə məşğuldur: "İzin diaqnostik hissəsində ümumi və xüsusi əlamətlər əsasında tədqiqat aparılır. Yəni izin yararlılığını müəyyən etmək üçün orada mütləq ümumi və xüsusi əlamətlər öz əksini tapmalıdır. Ümumi əlamətlər dedikdə, naxış növünün müəyyənləşdirilməsi nəzərdə tutulur. 3 naxış növü mövcuddur: ilgəkvari, dairəvi və qövsvari naxış növləri. Ümumi əlamətlərdən sonra xüsusi əlamətlərə nəzər yetirilir. Yəni izdə əks olunmuş popilyar xətlərin növləri göstərilməlidir. Popilyar xəttin başlanğıcı, sonu, birləşməsi, gözcük, qısa xətlər, körpücük formasında, nöqtəvari xətlər aydınlaşmalıdır".

İzlərin identifikasiyası, yəni müəyyənləşdirilməsi ekspertin müşahidəsi əsasında gerçəkləşdirilir. İz keyfiyyətli olarsa, ekspert bütün metodları tətbiq etməklə izin kimə məxsus olduğunu konkretləşdirir.

"Bizim mərkəzdə olan ən yeni texnika hesab edilən və müxtəlif Avropa və Şərq ölkələrinin istehsalı olan hissələrlə komplektləşdirilmiş qurğumuz var. Rəqəmsal fotoşəkil çəkən qurğu adlanır. "DCS-3" qurğusudur. Həmən qurğu vasitəsilə fiksasiya zamanı istifadə edilən həm kimyəvi, həm fiziki aşkarlama zamanı tozlardan istifadə edirlər, sonra isə həmin bu qurğuda izin daha keyfiyyətli şəkildə fotoşəkli çəkilir".

Mərkəzin digər ekspertiza şöbələrinin fəaliyyəti haqqında növbəti reportajlarımızda məlumat verəcəyik. Hələlik cinayətdən və cinayətkardan uzaq olun!

APATV

Cinayət

DİGƏR XƏBƏRLƏR

Top