Rublun ucuzlaşması Bakıda ev alanların sayına təsir edəcəkmi?​

Rusiyanın milli valyutasının - rublun məzənnəsi dollara nisbətdə sürətlə dəyərdən düşür. Rusiya Mərkəzi Bankının məlumatına görə, son günlər rubl 7 faizdən çox ucuzlaşıb. Rubl Azərbaycan manatına nisbətdə də xeyli ucuzlaşıb. Belə ki, əgər son bir neçə ayda banklar 100 rublu 2,9-3 manata alırdılarsa, indi 2,5 manata alırlar. Rublun daha da ucuzlaşacağı ehtimal olunur.

Rublun ucuzlaşmasına səbəb ABŞ-ın Rusiyaya tətbiq etdiyi sanksiyalardır.

Rublun manat qarşısında dəyərdən düşməsi heç şübhəsiz, Rusiyada işləyib vətənə çörəkpulu göndərən, yaxud Azərbaycanda daşınmaz əmlak almaq istəyən soydaşlarımızın vəziyyətinə təsirsiz ötüşməyəcək.

Hazırda Rusiyanın Xabarovsk şəhərində yaşayan Səlim Abbasov deyir ki, Bakıda 2 otaqlı ev almaq üçün xeyli müddətdir pul toplayır, lakin rublun ucuzlaşması ona problemlər yaradacaq: "Pulumuzu rublda saxlayırıq, ucuzlaşacağını gözləmirdik. Rublun manat qarşısında 5 manata yaxın ucuzlaşması məni təqribən 5-6 min manat ziyana salıb. Ucuzlaşma davamlı olmasın, yoxsa maddi itkilərimiz daha çox olacaq".

S. Abbasovun düşdüyü vəziyyətdə olan soydaşlarımız az deyil. Bəs bu proses Azərbaycanda daşınmaz əmlak bazarına ciddi təsir göstərə bilərmi?

Daşınmaz əmlak üzrə ekspert, Bakıda mənzillərin alqı-satqısı ilə məşğul olan Şamo Mikayılov bununla bağlı Yeniavaz.com-un sualına belə cavab verdi: "Aprel-may aylarında Bakıda və yaxud Azərbaycanın digər bölgələrində ev alan Rusiyadakı soydaşlarımızın sayı elə də çox olmur. Tək-tək hallarda ev alanlar ümumi bazara ciddi təsir edə bilməz. Əgər indiki vəziyyət avqust-sentyabr aylarında baş versəydi, bəli, ciddi təsirləri olardı. Çünki Rusiyada yaşayan soydaşlarımızın 70-80 faizi Azərbaycanda evi avqust ayında və ondan sonrakı aylarda alırlar".

Ş. Mikayılovun dediyinə görə, avqust ayından sonra Bakıda daşınmaz əmlak bazarında təqribən 40 faizə yaxın canlanma olur: "Həmin 40 faizə yaxın canlanma məhz Rusiyada yaşayan, işləyən və Bakıda daşınmaz əmlak alan soydaşlarımızın hesabına olur".

"Rusiyada yaşayan soydaşlarımız əsasən kupçalı evlər alırlar. Onların arasında kupçası olmayan ev alanların sayı yox dərəcəsindədir. Yeni tikililərdən də ev alanlar var. Onlar bu evləri alır və kirayə verirlər",-deyə həmsöhbətimiz vurğuladı.

Nicat

DİGƏR XƏBƏRLƏR

Top