Ölən süpürgəçinin ailə üzvləri iş adamı Mübariz Mənsimova müraciət etdilər - FOTO+VİDEO

Bir neçə gün öncə avtomobil yolunu süpürərkən vurulan və hadisə yerində ölən süpürgəçi Salahova Cəmilə İsmayıl qızının 2 qızı və onun yaxınları hələ də hadisənin şokundadılar.

Məlumat üçün bildirək ki, martın 27-də 1982-ci il təvəllüdlü Musayev Zaur Komissar oğlu etibarnamə olmadan idarə etdiyi 60-ZA-135 dövlət qeydiyyat nişanlı qoşqusu olan "Kamaz" markalı, 60-BX-765 dövlət qeydiyyat nişanlı yük avtomobili ilə paytaxtın Sabunçu rayonu ərazisində hərəkətdə olarkən qoşqunun arxa dəmir qapısı açılaraq yolun sağ tərəfində təmizlik işləri aparan Cəmilə Salahovaya dəyib, sonuncu aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Yeniavaz.com saytının əməkdaşları mərhumun övladları və bacısı ilə birgə uzun illər kirayədə yaşadığı mənzildə olub və onların hazırki vəziyyətləri ilə maraqlanıblar.

Mərhumun bacısı Tünzalə Salahova hazırda qardaşının evində yaşadıqlarını bildirir: "Bacımın 2 qızı var idi. Hər ikimiz süpürgəçi işləyib kirayədə yaşayırdıq. Mən ailə qurmuşam, həyat yoldaşım dünyasını dəyişib, övladlarım yoxdur. Elə bu 2 qızı özümə övlad bilirdim. Aldığımız maaşı bacımla üst-üstə qoyub bir hissəsini evin kirayəsinə, bir hissəsini də yemək-içməyə verirdik. Bacım həyat yoldaşından ayrılıb, yoldaşı ona dəhşətli əzablar verirdi. Yoldaşı içki düşkünü, narkoman olduğu üçün ailəsinin qədrini bilmirdi. Bacımdan sonra 4 dəfə evlənib. Bacım hər zəhmətə qatlaşıb qızlarının qeydinə qalırdı. Heç kimə ağız açmırdı. Böyrəyi onu çox incidirdi, əməliyyat olunmuşdu. Gündüzlər süpürgəçi işləyirdi, axşamlar evdə ağrıdan zarıyırdı, bəzən qızdırması qalxırdı, ancaq uşaqlarının xətrinə hər çətinliyə dözürdü. Normal bir gün yaşamadı bacım. Maaşımızı bir yerə qoyub qızları birtəhər kirayələrdə dolandırırdıq ki, bu hadisə baş verdi. İndi qızlar mənimlə qalırlar. Uzun illər kirayədə qaldığımız bu rütubət, nəmişlik evə bacımsız qayıdıb girə bilmirik, ürəyimiz az qalır partlasın. Ona görə qardaşımın evində yaşayırıq. Onların da şəraiti yoxdur, qaldıqları ev çox darısqaldır. Bacımın ən böyük arzusu bu idi ki, özünün 1 otaqlı evi olsun, bu 2 qızı ilə birgə yaşasın. Heyif, o gün qismət olmadı. İndi bizim yaxşı insanlardan, xeyirxah adamlardan, vəzifəli şəxslərdən xahişimiz budur ki, bu 2 qız uşağının böyüyüb başa çatmaları, kirayədən canlarını qurtara bilmələri üçün 1 otaqlı da olsa ev verilsin. Bilmək olmaz sabah başımıza nə gələcək, mən özüm də süpürgəçi işləyirəm, kirayə pulunu vermək, üstəlik, onlara baxmaq ağır olacaq. Qardaşım xəstədir, 1 oğlu nişanlıdır, şərait olmadığı üçün balasını evləndirə bilmir, biz də gedib onlara yük olmuşuq".

Mərhumun digər bacısı - Fənara Salahova deyir ki, anaları dünyasını dəyişəndən qızlar özlərinə gələ bilmir: "Qəbiristanlıqdan onları evə gətirə bilmirdik. Uşaqlarına çox bağlı bir insan idi bacım, xüsusilə sonbeşik hər gecə onun qucağında yatırdı. İndi uşaqlar yerə-göyə sığmırlar. Hadisə baş verən gün böyü qızı Zümrüd də onunla birgə işə getmişdi. Hələ də baş verənlərin təsirindən çıxa bilmir, elə hey ağlayır. Bacımın ən böyük arzusu qızlarını böyüdüb boya-başa çatdırmaq, onları xoşbəxt görmək idi. Özüm də xəstəyəm, ürəyimdən əməliyyat olunmuşam. Bu qızların dərdi bizi öldürür. Xeyirxah insanlardan bu 2 gözəl balaya dəstək olmalarını, onların 1 otalı da olsa evlə təmin olunmalarına köməklik etmələrini xahiş edirik. Deyilənə görə, xalqımızın çox qeyrətli, Mübariz Mənsimov adlı bir iş adamı var, imkanı olduğu qədər yardımını əsirgəmir. Bu qızlar da Azərbaycanlıdılar, anaları süpürgəçi olub, amma zəhmətkeş olub, xəstə canı ilə balalarını saxlayıb, heç kimə ağız açmayıb. İndi şərait indi elə gətirib ki, biz özümüz yardım istəyəsi olmuşuq. Mübariz Mənsimovdan xahiş edərdik ki, bu 2 qız uşağının evlə təmin olunmasına yardımını əsirgəməsin, eşitmişik ki, o çox xeyirxah, mərd, yardımsevər insandır. Allah inşallah, bir gün etdiyi yaxşılıqların əvəzini verər".

Süpürgəçinin kiçik qızı Jalə Məmmədova göz yaşlarını saxlaya bilmir və anası üçün çox darıxdığını deyir: "Keşkə anama bir şey olmamaydı, mən öləydim. Anamı istəyirəm".

Süpürgəçi qadının digər qızı Zümrüd Məmmədova isə həmin gün baş verənləri belə xatırlayır: "Anamın işlədiyi yer kirayə qaldığımız evə yaxındır. O, məni də aparmışdı ki, evdə tək qalmayım. Həm də anamın böyrəyi xəstə olduğu üçün ona kömək edirdim. Anam məni evə göndərdi ki, gedim çay gətirim. Çay və konfet götürüb geri qayıdanda gördüm göy geyimdə bir qadın yerə yıxılıb, hamı da toplaşıb başına. Bildim ki, anamdır, ağlamağa başladım. Yaxınlıqda çox adam var idi, məni onun yanına qoymadılar. Nə qədər yalvardım, icazə vermədilər. Təcili yardım gələndə qışqıraraq yalvardım ki, tez aparın, anam ölməsin. Amma anam artıq ölübmüş. Onun üçün çox darıxıram. İndi bizə xalam baxır, çıox istəyərdik ki, bir evimiz olsun, xalam aldığı maaşla bizi saxlaya bilsin, kirayələrdə qalmayaq".

Qeyd edək ki, hazırda hadisə ilə bağlı araşdırmalar davam edir və söhbətimizin axırına yaxın uşaqların xalası Tünzalə Salahovanı bu məsələ ilə bağlı başqa bir yerə çağırdılar.

Ailə hadisəni törədən "Kamaz"ın sürücüsü Zaur Musayevin qohumlarından isə narazıdır. Dediklərinə görə cəmi bir dəfə yas məclisində iştirak ediblər və söhbətlərindən də belə çıxıb ki, sanki mərhumun yaxınları sürücünü bağışlamalıdırlar: "Deyəsən, onlar da "Kamaz" sürücüsü idilər, qohuma oxşamırdılar. Dedilər filan vaxtı filan yerdə də belə bir hadisə baş verib, onlar sürücünü bağışlayıblar. Sözlərindən belə çıxdı ki, guya biz də sürücünü bağışlamalıyıq".

Bu günədək rayonun deputatı və Sabunçu Rayon İcra Hakimiyyəti bu ailəyə yardım etməyib.

Onlardan ayrılıb sağollaşanda gücümüz ancaq təsəlli verməyə çatdı. Dedik ki, inşallah, ölkə rəhbətliyi, xeyirxah insanlar, xalqımızın imkanlı övladları bu 2 gül balaya köməklik edər, onlar evlə təmin olunarlar və böyüyüb xalqımız, vətənimiz üçün xeyirli övlad olarlar...

Nicat İntiqam, Rasim Məmmədli

supurgeci

DİGƏR XƏBƏRLƏR

Top