Azərbaycanda, beşulduzlu “Quba Rixos” oteli rebrendinq edərək 2018-ci il aprelin 1-indən otel “Quba Palace” adı ilə fəaliyyət göstərəcək. Bununla da otel şəbəkəsi Azərbaycanı ümumiyyətlə tərk edib. Bu barədə qurumun ictimayyətə açıqladığı press-relizdə bildirilir.
Məlumatda qeyd edilir ki, yeni adla çıxış edəcək “Quba Palace” eyni komanda ilə yeni brend altında fəaliyyətini davam etdirəcək.
Hotelin Baş Meneceri Kənan Ağayevin sözlərinə görə, “Quba Palace”, yüksək səviyyəli xidməti ilə sektorda uğurlu və peşəkar imicini saxlayaraq yeni brendini daha da məşhurlaşdırmağa çalışacaq.
“Rixos” oteldən adını niyə götürdü?
Otel rəhbərliyi Rixos brendinin otelin adından çıxarılmasının yeni çağırışlarla əlaqəli olduğunu bildirib. Belə ki, Rixos brendi regionu tərk etmək haqqında qərarını açıqlayaraq rəsmən həm Azərbaycan, həm də Gürcüstan bazarından çıxır. Nəticə etibarilə aprel ayından Azərbaycandakı “Quba Rixos” oteli “Quba Palace”, Gürcüstandakı “Rixos Borjomi” isə “Borjomi Likani” adını daşıyacaqlar.
Məlumat üçün bildirək ki, “Rixos” brendi hazırda Türkiyə, Qazaxstan, BƏƏ, İsveçrə, Xorvatiya, Misir, Rusiyada fəaliyyət göstərir. banker.az