Bu qaydaları pozanlar məhkəmə qərarı ilə yaşadıqları evdən çıxarıla bilərlər

Yaşayış sahəsindən istifadə qaydalarını pozan, yaşayış sahəsindən istifadə hüququna xitam verilmiş şəxsin yaşayış sahəsindən çıxarılması ilə bağlı Azərbaycan qanunvericiliyində müxtəlif tələblər var. İnsanların bir çoxu hələ də bu tələblərdən xəbərsizdilər desək, yəqin ki, yalnışlığa yol vermiş olmarıq.

Yeniavaz.com xəbər verir ki, şəxsin yaşayış sahəsindən istifadə hüququna Ailə Məcəlləsi, digər qanunlar, müqavilədə nəzərdə tutulmuş əsaslara görə və ya məhkəmə qərarı əsasında xitam verildikdə, şəxs həmin yaşayış sahəsini boşaltmalıdır (ondan istifadəni dayandırmalıdır). Əgər müvafiq yaşayış sahəsinin mülkiyyətçisi tərəfindən müəyyən edilmiş müddət ərzində şəxs göstərilən yaşayış sahəsini boşaltmırsa, o, mülkiyyətçinin tələbi ilə məhkəmə qərarı əsasında yaşayış sahəsindən çıxarılmalıdır.

Yaşayış sahəsindən məhkəmənin bu Məcəllənin müddəaları nəzərə alınmaqla qəbul edilmiş qərar və ya vəsiyyət tapşırığı əsasında istifadə edən vətəndaş təyinatı üzrə istifadə etmədikdə, müntəzəm olaraq qonşuların hüquqlarını və qanuni mənafelərini pozduqda və ya yaşayış sahəsinin korlanmasına (dağılmasına, sökülməsinə) yol verməklə ondan kobud şəkildə istifadə etdikdə, yaşayış sahəsinin mülkiyyətçisi həmin vətəndaşa pozuntuların aradan qaldırılması barədə xəbərdarlıq etmək hüququna malikdir.

Ailə Məcəlləsinə əsasən, əgər göstərilən pozuntular yaşayış sahəsinin korlanmasına (dağılmasına, sökülməsinə) gətirib çıxarırsa, yaşayış sahəsinin mülkiyyətçisi yaşayış sahəsinin təmir edilməsi üçün müddət təyin etmək hüququna da malikdir. Əgər həmin vətəndaş yaşayış sahəsinin mülkiyyətçisi tərəfindən edilən xəbərdarlıqdan sonra qonşuların hüquqlarını və qanuni mənafelərini pozmaqda və ya yaşayış sahəsindən təyinatı üzrə istifadə etməməkdə davam edərsə və ya üzrlü səbəblər olmadan zəruri təmir işlərini aparmazsa, o, mülkiyyətçinin tələbi ilə məhkəmə qərarı əsasında yaşayış sahəsindən çıxarılmalıdır.

Məcəllədə vəsiyyət tapşırığı əsasında yaşayış sahəsindən istifadə ilə bağlı da maddələr var. Lakin bu məsələdən də vətəndaşların çoxu xəbərdar deyil.

Belə ki, vəsiyyət tapşırığı əsasında yaşayış sahəsindən istifadə hüququ olan şəxs müvafiq vəsiyyətnamədə göstərilən müddətə həmin yaşayış sahəsindən onun mülkiyyətçisi ilə bərabər istifadə edə bilər. Vəsiyyət tapşırığında müəyyən edilən müddət bitdikdən sonra həmin vətəndaşın yaşayış sahəsindən istifadə hüququna xitam verilir, bu şərtlə ki, həmin vətəndaşın bu yaşayış sahəsindən istifadə hüququ üçün digər qanuni əsaslar olmasın.

Vəsiyyət tapşırığı əsasında yaşayış sahəsində yaşayan mülki hüquqi fəaliyyət qabiliyyətli vətəndaşlar həmin yaşayış sahəsinin istifadəsindən irəli gələn öhdəliklər üzrə həmin yaşayış sahəsinin mülkiyyətçisi ilə birgə məsuliyyət daşıyır, bu şərtlə ki, göstərilən mülkiyyətçi ilə vətəndaşlar arasında başqa razılaşma olmasın.

Vəsiyyət tapşırığı əsasında yaşayış sahəsində yaşayan vətəndaş vəsiyyət tapşırığından irəli gələn yaşayış sahəsindən istifadə hüququnun dövlət qeydiyyatına alınmasını tələb etmək hüququna malikdir.

DİGƏR XƏBƏRLƏR

Top