Yevlaxda mikroavtobusun qəzaya uğraması nəticəsində xəsarət alan 5 şagirddən 1-i evə buraxılıb.
Qalan 4 xəstədən digər 1-i isə Bakıya göndərilib.
Bu barədə İcbari Tibbi Sığorta Agentliyinin mətbuat xidmətinin əməkdaşı İhamə Musayeva məlumat verib.
İ.Musayeva bildirib ki, xəstələrin vəziyyəti stabildir:
"Əməliyyat olunan qız martın 13-də Bakıya göndərilib. Hazırda Respublika Neyrocərrahiyyə Xəstəxanasında müalicəsini davam etdirir. Qalan dörd nəfərdən biri martın 14-də evə buraxılıb. Digər 3 xəstənin müalicəsi davam etdirilir. Vəziyyəti orta-stabil olaraq qalır".
Qurum rəsmisinin sözlərinə görə əməliyyat keçirən şagird Bakıya göndərilərkən vəziyyəti orta-ağır-stabil qiymətləndirilib.
Respublika Neyrocərrahiyyə Xəstəxanasından Modern.az-a xəstənin vəziyyətinin stabil olduğunu bildiriblər.
Qeyd edək ki, martın 11-də respublikanın 27 şəhər və rayonunda ümumtəhsil müəssisələrinin məzunları üçün ümumorta təhsil səviyyəsi üzrə (9-cu sinif) buraxılış imtahanının birinci mərhələsi keçirilib. İmtahanda iştirak etmək üçün Yevlax rayonu Aran qəsəbə 1 nömrəli tam orta məktəbinin 15 şagirdi, 1 direktor müavini və 1 nəfər məktəbin əməkdaşından ibarət heyəti aparan mikroavtobus qəzaya uğrayıb.modern.az