Adın şərəflidir sənin, ey qadın!

8 mart dünyanın hər yerində Beynəlxalq Qadınlar Günü kimi qeyd olunur. Azərbaycan qadınının isə dünya qadınları arasında həmişə öz xüsusi yeri olmuşdur. Çünki Azərbaycan qadını tarix boyu cəmiyyətdə fəal mövqe tutmuş və xalqın taleyüklü məsələlərinin həllinə öz töhfəsini vermişdir. Xalqımızın mənəvi dəyərlərinin formalaşmasında, həmçinin inkişafında da Azərbaycan qadınının rolu danılmazdır. Məhz buna görə də, onların adı həmişə çoxəsrlik tariximizin səhifələrinə qızıl hərflərlə yazılmışdır. Bu yazımız isə müxtəlif sahələrdə ilk olan azərbaycanlı qadınlar barədədir...

Azərbaycanın ilk ali təhsil alan qadını - Nigar Şıxlinskaya

Nigar Hüseyn Əfəndi qızı Şıxlinskaya 1878-ci ildə Tiflisdə anadan olmuşdur. O, ilk azərbaycanlı şəfqət bacısıdır və Birinci Dünya Müharibəsinin iştirakçısıdır. Tiflisdə Zaqafqaziya Qızlar İnstitutunu bitirən (1889) ilk ali təhsilli azərbaycanlı qadındır. Nigar Şıxlinskaya rus, fransız, ərəb, fars dillərini mükəmməl bilirdi. O, 1909-cu ildə Əliağa Şıxlinski ilə tanış olur və elə həmin il də onunla ailə həyatı qurur. Bundan başqa, Nigar xanım General Əliağa Şıxlinskinin həyat yoldaşı kimi 1914-1918-ci illərdə zabit xanımlarının yaratdığı "Qırmızı xaç" adlı hərbi xəstəxanaya başçılıq edir. O, bütün vaxtını burada keçirir və yaralılara onların qohumlarına məktub yazmaqda kömək edir. Oktyabr inqilabından sonra Əliağa Şıxlinski istefaya çıxır və xanımı Nigarla birlikdə Bakıya qayıdır. Nigar Şıxlinskaya 15 avqust 1931-ci ildə Bakıda vəfat edir. Əliağa Şıxlinski öz xatirələrində yazırdı: "Mənim həyatımın ən xoşbəxt anları Nigar xanımla birlikdə keçirdiyim 22 ildir."

Azərbaycanın ilk maarifçi qadını - Hənifə Məlikova-Zərdabi

Hənifə Məlikova 1856-cı ildə Şimali Qafqazın Nalçik şəhərində dünyaya göz açmışdır. Hənifə xanım Tiflisdə "Müqəddəs Nina" qız məktəbində təhsil alır. Onda müsəlman qızların xristian ölkəsində təhsil alması çox nadir bir hadisə idi. O, təkcə ailəsinin yox, millətimizin də yolunda fədakarlıq göstərir və Həsən bəy Zərdabiyə təkcə həyat yoldaşı yox, həm də mübarizə yoldaşı olur. Azərbaycanda həyat yoldaşı haqqında memuar yazan altı qadından birincisi olan Hənifə xanım 16 il əri ilə birlikdə Zərdabda nəzarət altında yaşayır. O, 1875-1877-ci illərdə Həsən bəylə birlikdə "Əkinçi" qəzetinin nəşrində də çox böyük əmək sərf edir. Əri ilə Zərdabda yaşadığı illərdə mənzillərində pulsuz məktəb açır və bütün təqiblərə və təzyiqlərə baxmayaraq insanlara elm öyrədir. Bundan başqa, Hənifə xanımın təşəbbüsü ilə 1908-ci ildə "Nicat" cəmiyyətinin bir şöbəsi kimi "Bakı xanımlarının ilk təşkilatı" yaradılır. Bakı milyonçularından Murtuza Muxtarovun həyat yoldaşı Liza Tuqanovanın sədrlik etdiyi təşkilat tezliklə böyüyür və Bakı Müsəlman Qadınlarının Xeyriyyə Cəmiyyətinə çevrilir. Bakıda ilk qız məktəbinin yaradıcısı kimi tarixə düşən Hənifə Məlikova 1901-1905-ci illərdə Bakıda ilk müsəlman qız məktəbinin müdiri işləyir. O, 1909-cu ildən 1919-cu ilə qədər Bakı şəhər dövlət birinci rus-tatar qız məktəbində müdir vəzifəsini icra edir. Hənifə xanımın adı, onun maarifçilik fəaliyyəti Zaqafqaziyanın demokratik dairələrində məşhurlaşır. Onun həyatı təqiblərlə və təzyiqlərlə keçsə də, əsas amalı bacardığı qədər avam kütlənin, xüsusilə də türk qadınlarının mədəni səviyyəsini qaldırmaq olur. Hənifə xanım 1920-1926-cı illərdə Azərbaycan Xalq Maarif Komissarlığında məsul vəzifədə işləyir. Hənifə Məlikova-Zərdabi 1929-cu ildə Bakıda vəfat etmiş, sonralar cənazəsi həyat yoldaşı Həsən Bəy Zərdabinin məzarına köçürlmüşdür.

Şərqin ilk peşəkar rəssam qadını - Qeysər Kaşıyeva

Qeysər Kaşıyeva 1893-cü ildə Tiflisdə anadan olmuşdur. Yeddi yaşı olanda valideynləri onu Tiflisdəki qız pansionuna qoyurlar. Pansionda oxuduğu illərdə rus dilini öyrənir, daha sonra təhsilini gimnaziyada davam etdirmək qərarına gəlir. Gimnaziya illəri onun həyatını rəssamlığa qırılmaz tellərlə bağlayır. Bu illərdə o, rəssamlıqla yanaşı, bədii qurama və bədii toxuma işlərinə də maraq göstərir. Ancaq onun həyatının həlledici uğurları irəlidə idi. Onun təhsil aldığı illərdə Qafqazda xüsusi rəssamlıq məktəbi yox idi. Bir müsəlman qızının da Avropada rəssamlıq təhsili almasına din, adət-ənənə, mentalitet kimi amillər mane olurdu. Tiflis Qafqazın mədəni mərkəzi idi. Burada hər istedadlı insanın parlaması o qədər də asan deyildi. Ancaq Qeysər xanımın həm daxili, həm xarici gözəlliyi, həm də rəssamlıq istedadı onu tezliklə ədəbi-mədəni dairələrdə tanıdır. O vaxt "Molla Nəsrəddin" jurnalı üçün karikaturalar çəkən karikaturaçı-rəssam Oskar Şmerlinq də onun sorağını alan ilk insanlardan idi. Oskar Şmerlinq onun sorağını alır və onunla tanış olmaq qərarına gəlir. Əl işlərinə baxdıqdan sonra isə təhsilini davam etdirməsini məsləhət görür. Elə o illərdə - Şmerlinqlə tanış olandan qısa bir müddət sonra Tiflisdə incəsənəti təbliğ edən cəmiyyət fəaliyyətə başlayır. Həmin cəmiyyətin nəzdində rəssamlıq məktəbi də fəaliyyət göstərirdi və məşhur rəssamlar istedadlı gənclərə rəssamlığın sirlərini öyrədirdilər. Oskar Şmerlinqin yaxın dostu Riçard Zommer həmin cəmiyyətin sədri idi. Şmerlinq Qeysər xanımın Avropa təhsili almasının mümkünsüz olduğunu görür. Ona görə də, Zommerdən bu cəmiyyətdə onun mükəmməl təhsil alması üçün şərait yaratmağı xahiş edir. Beləcə, 1907-1908-ci illərdə burada təhsil alan Qeysər xanım rəssamlığın sirlərinə yiyələnir.

Şərqdə opera yazan ilk bəstəkar qadın - Şəfiqə Axundova

Şəfiqə Axundova 1924-cü ildə Şəki şəhərində anadan olmuşdur. Şəfiqə xanım 1943-1944-cü illərdə Asəf Zeynallı adına Bakı Musiqi Məktəbində oxuyarkən Üzeyir Hacıbəyovdan dərs alır. 1956-cı ildə isə Üzeyir Hacıbəyov adını daşıyan Azərbaycan Dövlət Konservatoriyasında bəstəkarlıq ixtisasını bitirir. O, 1972-ci ildə "Gəlin qayası" operasını yazmaqla Şərqin ilk opera yazan qadın bəstəkarı olur. Şəfiqə xanım həm də bir sıra gözəl mahnaların ("Leyla", "Bəxtiyar ellər" və s.), "Ev bizim, sirr bizim" operettasının (1965), simli kvartet üçün pyeslərin, "Aydın", "Əlvida Hindistan!", "Nə üçün yaşayırsan?" və s. kimi tamaşalar üçün musiqilərin müəllifidir. Onun Azərbaycan şairlərinin şerlərinə bəstələdiyi gözəl romanslar da xalq arasında çox məşhurdur. Şəfiqə xanım 1998-ci ildə Azərbaycan Respublikasının xalq artisti adına layiq görülmüş, 2004-cü ildə isə "Şöhrət" ordeni ilə təltif edilmişdir. Şəfiqə Axundova 26 iyul 2013-cü ildə vəfat etmişdir.

Azərbaycanın ilk oftalmoloq qadını - Sona Vəlixan

Sona Vəlixan 1908-ci ildə Peterburq Tibb İnstitutunu bitirmiş və Azərbaycanda ilk ali təhsilli həkim qadın olmuşdur. 1923-1939-cu illərdə o, Azərbaycan Tibb İnstitutunun göz xəstəlikləri kafedrasında assistent, dosent və professor vəzifələrində çalışmış, 1939-1971-ci illərdə isə Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun göz xəstəlikləri kafedrasının müdiri olmuşdur. 1946-1960-cı illərdə Azərbaycan Elmi-Tədqiqat Oftalmologiya İnstitutunun elmi işlər üzrə direktor müavini vəzifəsini tutmuşdur. Sona Vəlixan 60-dan artıq elmi əsərin, o cümlədən iki monoqrafiyanın müəllifidir. O, həm də tibb elmləri doktoru elmi dərəcəsinə layiq olan ilk azərbaycanlı qadındır. Onun rəhbərliyi altında 3 doktorluq və 18 namizədlik dissertasiyası müdafiə edilmişdir. 1945-1950-ci illərdə isə Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin sədri olmuşdur. Sona xanım Vəlixan əməkdar elm xadimi fəxri adına layiq görülmüş, orden və medallarla təltif olunmuşdur.

Azərbaycanın ilk qadın kinorejissor qadını - Qəmər Salamzadə

Qəmər Salamzadə 5 may 1908-ci ildə Naxçıvanda dünyaya göz açmışdır. 1912-ci ildə ailəsi Tiflis şəhərinə köçür. 1919-cu ildə atası menşeviklər tərəfindən qətlə yetirilir və Qəmər əmisi Rzaqulu Nəcəfovun himayəsində qalır. Qəmər xanım təhsilini Moskvada Dövlət Kinematoqrafiya Texnikumunda davam etdirir. 20-ci illərin sonu, 30-cu illərin əvvəllərində "Azərkino"da çəkilən filmlərin sayı artdığına görə, rəhbərlik onu geri çağırır. Bakıya qayıdan tələbə "Qızıl kol"da (1930) rejissor köməkçisi, "Əlsiz adamlar"da (1932) rejissor assistenti, "Rəqs edən bağalar"da (1935) II rejissor, "Dəcəl dəstə"də (1937) quruluşçu rejissor, "Səbuhi"də (1941) və "Bir ailə"də (1943) rejissor assistenti və s. işləyir. Qəmər Salamzadənin arzusu milli kinomuzun inkişafına xidmət olsa da, 30-cu illərin repressiyaları bu xanımın geniş fəaliyyətinə mane olur. Çox vaxt azərbaycanlı xanımı hansısa çəkiləcək bir filmə rejissor təyin etsələr də, son anda ya bir erməni, ya da Moskvadan gəlmiş kimsə bu vəzifəni yerinə yetirir. Qəmər xanımın "Azərbaycanfilm" Kinostudiyasındakı əsas fəaliyyəti Mehdi Hüseynin bu quruma rəhbərlik etdiyi dövrdən başlayır. Beləliklə, "Səhər" romanının motivləri əsasında çəkilən filmdə, nəhayət ki, azərbaycanlı qadın - Qəmər Salamzadə öz töhfəsini verir. Atası kimi Qəmər xanımın da mədəniyyətə marağı güclü olur. Hələ Bakıda Pedaqoji İnstitutda oxuduğu zamanlardan tamaşaya qoyulan əsərlərdə bir sıra rollar yaradır. Sonralar isə nəcib insanların köməyi sayəsində Qəmər xanıma etimad göstərilir. Azərbaycanın ilk qadın kinorejissoru həm öz niyyətini, həm də ömrü yarıda qırılmış atası

Əliqulu Qəmküsarın arzularını həyata keçirməyə qismən nail olur. Qəmər xanım əri, xalq rəssamı Salam Salamzadə ilə birgə böyük və mənalı ömür yaşamış və 1994-cü ildə 86 yaşında vəfat etmişdir.

Azərbaycanın ilk qadın redaktoru - Xədicə Əlibəyova

Xədicə Əlibəyova 1884-cü ildə Tiflisdə doğulmuşdur. Atası Ələddin Sübhanquliyev ruhani olmasına baxmayaraq, Xədicə xanım ilk təhsilini rus qız gimnaziyasında almış, sonra Zaqafqaziya Olqinskaya Mamalıq İnstitutuna qəbul olmuşdur. Burada təhsilini davam etdirərək 1907-ci ildə birinci dərəcəli mama ixtisasına yiyələnmişdir. Hüquqşünas Mustafa bəy Əlibəyovla ailə həyatı qurmuşdur. Azərbaycan qadınlarının həyatında, qadın xeyriyyə cəmiyyətlərinin işində yaxından iştirak edirdi. Qadınların öz hüquqlarını bilmələri və maariflənmələri məqsədilə Azərbaycanda ilk qadın məcmuəsi olan "İşıq" jurnalı işıq üzü görür. 1911-ci ildə nəşr olunmağa başlayan jurnalın redaktoru Xədicə Əlibəyova, naşiri isə Mustafa bəy Əlibəyov olur. Qadınları maarif və mədəniyyətə, öz hüquqlarını müdafiə etməyə çağıran "İşıq" jurnalında işləyənlər də əsasən qadınlar idi. Asiya Axundzadə, Xuraman Rəhimbəyzadə, Maral Nəbizadə, Gövhər Şövqiyyə, Səidə Şeyxzadə və s. kmi maarifpərvər qadınlar "İşıq" jurnalının ətrafında birləşmişdilər. Qadınların hüquq bərabərliyi, onları maarif və mədəniyyətə, ictimai həyatda iştiraka çağırış, qadın klublarının, savad kurslarının açılması, ailə və uşaq tərbiyəsi, ev işləri və sağlamlıq məsələləri Xədicə xanımın publusistik məqalələrinin əsas mövzusu idi. 1912-ci ildə "İşıq" jurnalı fəaliyyətini dayandırdıqdan sonra Bakı Müsəlman Qadınları Xeyriyyə Cəmiyyətinin fəal üzvlərindən biri kimi fəaliyyət göstərən Xədicə xanım Şəkiyə köçmüş və orada həkim-ginekoloq işləmişdir. 1920-ci ildən 1946-cı ilə qədər Şəkidə fəaliyyət göstərən Xədicə xanım burada da qadın klublarının, savad kurslarının təşkilində yaxından iştirak etmişdir. O, ömrünün sonuna yaxın Bakıya qayıtmış və 1961-ci ildə burada vəfat etmişdir...

"Ailəm" jurnalı

DİGƏR XƏBƏRLƏR

Top