Azərbaycanda cinayət törədən şəxs hansı xəstəliyə tutulanda azad edilir?

Azərbaycanın mövcud qanunvericiliyində xəstəliyə görə cəzanı çəkməkdən azad etmə halları da nəzərdə tutulub. "Yeniavaz.com" saytı bir çox insanlar üçün maraqlı ola biləcəyini nəzərə alıb bununla bağlı bəzi məqamları təqdim edir. Belə ki, cinayət törətdikdən sonra psixi xəstəliyə tutulmuş və bunun nəticəsində öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və ya həmin əməli idarə etmək imkanından məhrum olmuş şəxs qanuni qüvvəyə minmiş hökmlə təyin edilmiş cəzadan və ya cəzanın qalan hissəsini çəkməkdən azad olunur. Belə şəxs barəsində məhkəmə tərəfindən tibbi xarakterli məcburi tədbirlər tətbiq edilə bilər.

Qanunvericilikdə qeyd olunur ki, cinayət törətdikdən sonra cəzanın çəkilməsinə mane olan ağır xəstəliyə düçar olmuş şəxs məhkəmənin qərarı ilə cəza çəkməkdən azad edilə bilər.

Bundan əlavə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəza çəkən hərbi qulluqçular, onların hərbi xidmətə yararsız hesab edilməsinə səbəb olan xəstəliklərə düçar olduqda, cəzanın qalan hissəsini çəkməkdən azad olunurlar. Belə hallarda məhkəmə həmin şəxslərə (onkoloji xəstəliyin terminal mərhələsində olan şəxslər istisna olmaqla) cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz edə bilər.

Mövcuq qanunvericiliyə əsasən, ictimai təhlükəli əməli (hərəkət və ya hərəkətsizliyi) törətdiyi zaman anlaqsız vəziyyətdə olmuş, yəni xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik nəticəsində öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etməyən və ya onu idarə edə bilməyən şəxs cinayət məsuliyyətinə cəlb edilmir.

Anlaqsız vəziyyətdə ictimai təhlükəli əməl (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs barəsində məhkəmə tərəfindən tibbi xarakterli məcburi tədbirlər tətbiq edilə bilər.

Anlaqlı vəziyyətdə cinayət törətmiş, lakin məhkəmə tərəfindən hökm çıxarılanadək psixi xəstəliyə tutulmuş və bunun nəticəsində öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və ya həmin əməli idarə etmək imkanından məhrum olmuş şəxs barəsində məhkəmə tərəfindən bu Məcəllə ilə nəzərdə tutulmuş tibbi xarakterli məcburi tədbirlər tətbiq edilə bilər.

Anlaqlı vəziyyətdə olan, lakin cinayət törətdiyi zaman psixikanın pozulması nəticəsində öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) faktiki xarakterini və ictimai təhlükəliliyini tam dərk etməyən və ya həmin əməli idarə edə bilməyən şəxs cinayət məsuliyyətinə cəlb edilir.

Anlaqlılığı istisna etməyən psixi pozuntu məhkəmə tərəfindən cəza təyin edilərkən nəzərə alınır.

Sonda qeyd edək ki, səbəbindən asılı olmayaraq (alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən və ya digər güclü təsir edən maddələrdən istifadə nəticəsində) sərxoş halda cinayət törətmiş şəxs cinayət məsuliyyətindən azad olunmur.

Qanunvericilikdə o da qeyd olunur ki, cinayəti başa çatdırmaq imkanına malik olduğunu dərk edən şəxs tərəfindən cinayətə hazırlıq hərəkətlərinin və ya bilavasitə cinayət törətməyə yönəldilmiş əməlin (hərəkət və ya hərəkətsizliyin) dayandırılması, cinayəti törətməkdən könüllü imtina etmə sayılır.

Cinayəti başa çatdırmaqdan könüllü olaraq qəti imtina edən şəxs cinayət məsuliyyətinə cəlb olunmur.

Cinayəti başa çatdırmaqdan könüllü imtina edən şəxs yalnız o halda cinayət məsuliyyətinə cəlb olunur ki, onun törətdiyi əməldə başqa bir cinayətin tərkibi olsun.

Cinayətin təşkilatçısı və cinayətə təhrikçi müvafiq dövlət hakimiyyəti orqanlarına vaxtında məlumat verməklə və ya digər tədbirlər görməklə icraçı tərəfindən cinayətin başa çatdırılmasını aradan qaldırdıqları halda, cinayət məsuliyyətinə cəlb olunmurlar. Köməkçi, bilavasitə cinayət törətməyə yönəlmiş əməllər başlananadək icraçıya qabaqcadan vəd olunmuş köməkdən imtina edirsə və ya artıq göstərilmiş köməyin nəticələrini aradan qaldırıbsa, cinayət məsuliyyətinə cəlb olunmur.

DİGƏR XƏBƏRLƏR

Top