Evi olmayan imkansızlar ipoteka kreditindən nə vaxt yararlana biləcəklər?

Hazırda Bakıda evi olmayan, ev almaq arzusu ilə yaşayan minlərlə ailə var. Hələ ipoteka krediti təzə-təzə verilməyə başlanılanda bu təbəqədən olan insanlar da ev ala biləcəklərinə ümidlənmişdilər. Lakin ipoteka krediti götürə bilmək üçün qoyulan şərtlər həmin insanların müəyyən hissəsinin bu arzusunu gözündə qoydu. Təkcə bu krediti götürmək istəyənlərə maaşla bağlı qoyulan tələb bəs edir ki, ipoteka götürə bilməyəsən. Halbuki özəl təşkilatlarda çalışan, heç bir imtiyazı olmayan insanlar ipoteka kreditinin verilmə şərtlərinin yumşaldılacağını gözləyirlər...

"Bir ömür boyu işləsələr belə, özlərinə ev ala bilməzlər"

Problemlə bağlı "Yeniavaz.com" saytının suallarını iqtisadçı Akif Nəsirli cavablandırıb: "Dünyanın bir çox ölkələrində dövlətlər öz vətəndaşlarını evlə təmin etmək üçün, yəni özünün qazancı ev almağa yetməyən insanlara müəyyən imkanlar yaradır. Söhbət o insanlardan gedir ki, bir ömür boyu işləsələr belə, özlərinə ev ala bilməzlər. Belə vətəndaşlar üçün dövlət layihəsi işlənilir, əhalinin həmin kəsimi üçün imkanlar verilir. Bütün demokratik, inkişaf eləmiş ölkələrdə dövlət sosial ipotekasının fəlsəfəsi bundan ibarət olur. Azərbaycanda da ipoteka krediti verilir. Ancaq ehtiyacı olan müəyyən bir təbəqə var ki, bundan yararlana bilmir. Dövlətin müxtəlif sorğulara əsasən reytinqinin indeksasiyası zamanı əhalidən soruşanda deyirlər ki, bəli, ipoteka krediti var, lakin biz ondan yararlana bilmirik. Ondan yararlanan adamları axtarıb tapmaq bizim üçün çətin məsələdir. Əslində isə bununla reytinqdə bir xal qazanır Azərbaycan hökuməti. Deyirlər ki, baxın, Azərbaycanda ipoteka krediti var, verilir. Reallıq elə olmalıdır ki, nağd pulla və yaxud kommersiya ipotekası ilə ev almağa gücü çatmayan vətəndaşlar ipoteka krediti götürə bilsin. Onlar da o layihədən yararlanmalıdırlar. Təəssüf ki, reallıq belə deyil. Əsasən, əhalinin orta təbəqəsi - azlıq təşkil eləyən orta təbəqə ipoteka kreditindən yararlana bilir".

"Əsas yük qoyulub ipoteka kreditindən yararlanmalı olanların çiyninə"

Ekspert deyir ki, inkişaf etmiş ölkələrdə tətbiq olunan layihəyə uyğun ipoteka imkanını reallaşdırmaq üçün hökumətin pulu olmalıdır: "Buna əsaslı şəkildə vəsait ayrılmalıdır, şərtlər yumşaldılmalıdır. Hətta mən deyərdim ki, ipoteka layihəsinin xərclərinin yarıdan çoxu dövlət büdcəsinin hesabına həyata keçirilməlidir. Bu, dünyada belədir. Elə hökumət var ki, ipoteka layihəsinin 85 faizini dövlət hesabına maliyyələşdirir, cəmi 15 faizi vətəndaşın üzərinə düşür. Eləsi var 50 faizini, 60 faizini, 70 faizini öz üzərinə götürür. Bu həm dövlətin gücündən, imkanlarından asılıdır, həm də onun hədəflədiyi əhali qrupunun gəlirlərindən. İkisi bir-biri ilə uyğunlaşdırılmalıdır. Hazırda isə vəziyyət belə deyil. Dövlət büdcəsindən daha az vəsait ayırılır və əsas yük atılıb ipotekadan yararlanmalı olan əhali qrupunun çiyninə. Ona görə də Azərbaycanda vəziyyət belə alınıb".

Şərtlərin yumşaldılacağı gözləniləndirmi?

"Qarşıdakı illərdə haqqında danışdığımız təbəqənin də ipoteka kreditindən yararlana bilməsi üçün şərtlərin yumşaldılacağı gözləniləndirmi?" sualımıza Akif Nəsirlinin cavabı belə oldu: "Əgər 2007-ci ildən 2015-ci ilə qədər münbit ipoteka şəraiti olmayıbsa, bundan sonra olacağı sual altındadır. Çünki dövlət büdcəsinin o illərdəki qədər gəlirlərinin olacağı qarşıdakı illərdə gözlənilmir. Məsələn, 2018-ci il üçün biz neftin qiyməti 70 dollara yaxınlaşanda sevinirik. Amma neftin qiyməti mən dediyim illərdə 110 dollar idi. 110 dollar olanda edilməyibsə, 60-70 dollar olanda da eləməyəcəklər. Azərbaycan dövlətinin də əsas güvənci təbii sərvətlərdən gələn gəlirlərədir, xüsusilə neftdən. Əgər xoşbəxtlik üz versə, neftin qiyməti nə vaxtsa qalxsa, onda bəlkə də imkan olacaq? Həmin vaxt hökumət məqbul sayacaq və ya saymayacaq - bu məsələ təkcə bizim istəyimizdən asılı deyil. Dövlətin imkanları olmalıdır, faktiki bu il üçün dövlətin belə bir imkanı yoxdur".

Nicat

DİGƏR XƏBƏRLƏR

Top