Bananın vətəni Hindistandır. Sonradan onu Cənubi Amerika qitəsinə ispan keşişi Tomas de Berlankanın gətirib əkdiyi bildirilir. Banan Asiya, Afrika və Avstraliyanın tropik və subtropik bölgələrində yayılıb. Bananın 70-ə yaxın növünün olduğu bildirilir. Azərbaycanın bəzi bölgələrində bananın Basjoo növü dekorativ bitki kimi əkilir. Buna misal olaraq Zaqatala və Lənkəranı misal göstərmək olar. Bananın dünya bazarlarında satılan, o cümlədən ölkəmizə gətirilən növünün ağacında meyvələr salxım formasında yetişir. Hər salxımda 250-dən çox meyvə olur.
Bananın tərkibində 10-20% şəkər, 4-7% nişasta, 1,5%-dək protein olur. B1, B2, B6, C, D və E vitaminləri ilə zəngindir. Bu vitamin və maddələr orqanizmdə maddələr mübadiləsini yaxşılaşdırır, immuniteti gücləndirir, əsəbləri sakitləşdirir, depressiyadan qoruyur, qan çatışmazlığı olan insanlara müsbət təsir göstərir, təzyiqi normallaşdırır, beyinin fəaliyyətini yaxşılaşdırır, qəbizliyə qarşı müsbət təsir göstərir.
Dünyanın məşhur idmançıları arasında keçirilən sorğu nəticəsində məlum olub ki, onların ən çox yediyi meyvələr içərisində birinci yerdə banan gəlir. Banan mədəsində yara olan insanlara da faydalıdır. Mütəxəssislərin araşdırması nəticəsində məlum olub ki, banan hüceyrələrin və mədənin selikli qişasının bərpasına yardım edir. Bananın tərkibində kalsium, mis, dəmir, maqnezium, fosfor, kalium, natrium, sink var.
Bananın çəhrayı, qırmızımtıl, bənövşəyi və qara qabıqlıları olan növləri də var. Bu növlərin dadı yaxşı olsa da, Azərbaycan da daxil olmaqla əksər ölkələrdə satılmır. Səbəbi isə budur ki, bananın bu növü qısa zaman ərzində xarab olur, daşınan zaman tələf olur.
Bananın göy olanını yemək mütəxəssislər tərəfindən məsləhət görülmür. Qabığı sarı olanlar, üzərində qara nöqtələr olanını yemək məsləhətdir. Bildirilir ki, belə bananlar təbiidir, süni şəkildə yetişdirilməyib.
Bananın qabığından xoş qoxu gəldiyi hər kəsə məlumdur. Bananın özü kimi qabığı da faydalıdır. Odur ki, ondan da yararlanmaq məsləhətdir.
Məsələn, bananın qabıqlarından istifadə etməklə ayaqqabıları təmizləməkə və parıldatmaq mümkündür.
Banan qabığı dişləri də ağardır. Bunun üçün qabığını sürüşkən iç hissəsini hər səhər dişlərə sürtmək dişləri ağardır.
Sızanaqları sağaldır. Bunun üçün yatmazdan qabaq üzdəki qızartı olan nöqtələri banan qabığı ilə ovuşdurmaq olar.
Bananın qabıqlarından dünyanın bir çox ölkələrində dəri, gümüş və metal əşyaları parıldatmaqda istifadə olunur.
Yeniavaz.com