"2020-ci ilə kimi Azərbaycanda yoxsul qalmayacaq" deyən cənab baş nazirin müavini mənim yadıma keçmiş xanım nazirlərdən birinin açıqlamasını saldı. Təxminən 22-23 il öncə xanım nazir bir məsələyə münasibət bildirərkən belə demişdi: "Onu beşiyindəcə boğmaq lazımdı". "Yeniavaz.com" xəbər verir ki, bunu sosial şəbəkədə iqtisadçı Qalib Toğrul bildirib.
"Beşik" kəlməsi deyəndə, eşidəndə ilk olaraq insanın ağlına, təsəvvürünə, nə gəlir, yadına nə düşür? Ən azından körpə. İndi Siz təsəvvür edin ki, bir xanım - üstəlik o bir anadır - "beşik"lə "boğmaq" ifadələrini birlikdə işlədir. Qadınlıqdan, analıqdan nə qədər uzaqlaşmaq olar ki?! Demək ki, insan proqnozlaşdırıla bilməyəcək qədər gözlənilməzliklərə gedə bilən, hüdudsuz dəyişikliklərə hər an yelkən açan bir varlıqdır.
Xanım nazir boğur, onun sələfi isə kökünü kəsir. Düşüncə etibarı ilə Baş nazirinin müavininin hansısa bir təhsilsiz insandan fərqi yoxdur. Müqayisə üçün konkret peşə adı çəkməyə və ya "cahil" kəlməsindən istifadə etməyə çəkinirəm. Peşə adı çəkmirəm ona görə ki, kimisə rəncidə salmağı arzulamıram, "cahil" kəlməsinin isə Azərbaycan türkcəsində anlamı, yükü ağırdı, həddimi aşmaq istəmirəm.
Niyə fərqi yoxdu? Ona görə ki, həmin təhsilsiz insan da, baş nazirin müavini də yoxsulu, kasıbı qarnını doyuzdura bilməyən insan kimi təsəvvür eləyir. Amma belə deyil. Əgər belə olsaydı, Avropada, ABŞ-da yoxsul qalmazdı ki. Orda ki, hamının qarnını doyuzdurmaq, pis-yaxşı geyindirib-keçindirmək mümkündü.
Bəs, onda niyə onlar bizim baş nazirin müavinindən nümunə götürüb yoxsulluğun kökünü kəsmək istəmirlər? Bu sualın bircə cavabı var: yoxsulluq nisbi anlayışdı, bir ölkənin meyarları ilə yoxsul sayılan digər bir ölkədə tam təmin olunmuş sayıla bilər. Sadə bir nümunə, ABŞ-də aylıq gəliri təxminən 1000 dollardan aşağı olan yoxsul sayılır, Azərbaycanda 116 manatlıq ehtiyac meyarından, ən yaxşı halda 173 manatlıq yaşayış minimumundan az qazananlar.
Ona görə də, 2017-ci ilin statistikasına görə ABŞ-da 40 milyon nəfərdən çox (yoxsulluq səviyyəsi 14%), Avropa Birliyində 85 milyon nəfər (yoxsulluq səviyyəsi 17%) yoxsul var. Və o ölkələrdə yoxsulun maşını, evi, komputeri, interneti var, bizdə isə maşını olana, internetə qoşulana dövlətin kasıblar üçün nəzərdə tutduğu ünvanlı sosial yardım verilmir.
ABŞ-da yoxsulluq həddi minimum istehlak səbətinə uyğun müəyyən olunur, Avropada orta əmək haqqının 60%-dən aşağı gəliri olanlar yoxsul sayılır. Bizdə Minimum istehlak səbətinin yoxsulluq həddi sayılan Yaşayış minimum ilə heç bir əlaqəsi yoxdu, bəlkə də parallel xətlərin nə zamansa kəsişmək ehtimalı var, ancaq bu iki göstəricinin bir-birilə üzləşməsi mümkün deyil. Sayt bu iki xəbəri indi də saytın lap yuxarısına, manşetinə çıxarıb. Deyəsən, bu, sabotajdı, axı. Xahiş edirəm, Kərbəlayı kimi sadəlövh olub, “sabotaj nədi, əə” sualını verməyin",-deyə ekspert vurğulayıb.