At əti, bəzi Orta Asiya ölkələri istisna olmaqla, əsas qida maddəsi kimi qəbul edilməsə də dünyanın bir çox ölkəsində sevilən ərzaq məhsuludur. İslam ölkələri (Orta Asiya istisna olmaqla ) və İngilis dilli ölkələr at ətini istehlak etməyən ölkələr qrupuna aiddir. Yeniavaz.com Kənd Təsərrüfatı Nazirliyindən açıqlanan məlumatlara istinadən bildirir ki, at əti eyni zamanda Fransa, İtaliya, Belçika və Almaniya kimi ölkələr başda olmaqla, müxtəlif Avropa ölkələrində ən çox istifadə olunan ət növlərindən biri hesab edilir. Regionda ixtisaslaşmış qəssabxanalar və ətlik istiqamətdə yetişdirilən at cinsləri mövcuddur. ABŞ dünyada at ətinin istehlakına ən çox mənfi reaksiyanın olduğu ölkədir. Lakin buna baxmayaraq ABŞ-da hər il orta hesabla 25 min tondan çox at əti istehsal edilir.
Dünya üzrə hər il təqribən 370 milyon dollar dəyərində at əti idxalı həyata keçirilir. Son 5 ilin göstəriciləri qlobal idxalda azalmanın müşahidə olunduğunu göstərir. Dünya üzrə ən böyük idxalatçılar qismində İtaliya, Belçika və Fransa çıxış edir ki, bu ölkələr də cəmi idxalın 50%- dən çoxunu reallaşdırırlar.
Qlobal bazarda at ətinin orta idxal qiyməti bir ton üçün təxminən 3800 dollarıdır.
Azərbaycanda at (ətlik istiqamət üzrə) ixracı ilk dəfə olaraq 2016-cı ildə başlanıb. Həmin ildə 1155 baş at ixrac olunub. 2017-ci ilin yanvar-oktyabr aylarında ixrac 2016-cı ilin göstəricisi ilə müqayisədə 5,5 dəfə artaraq 6316 baş at olub. 2017-ci ilin yanvar-oktyabr aylarının göstəricilərinə əsasən Azərbaycandan 1 baş atın (ətlik) orta ixrac-satış qiyməti 148 dollar olub, ötən il müvafiq göstəricisi isə 141 dollar olub. Azərbaycanın ixrac qiymətlərinin cəlb edici olmasını nəzərə alaraq, at ətinin ən böyük idxalçısı, eyni zamanda istehsalçılarından olan Çin və Rusiya ölkəmiz üçün potensial ixrac bazarları hesab oluna bilər. Son iki ildə kəsim məqsədi ilə atlar Azərbaycandan yalnız Qazaxıstana ixrac olunub. Bu ölkə hər il təqribən 3-4 min ton at və qatır əti idxal edir. Qazaxıstan həm də, at ətinin istehsal həcmina görə dünyada ikinci yerdədir. At ətini yüksək qiymətlərlə idxal edən Avropa regionu da ölkəmiz üçün potensial ixrac bazarıdır. Azərbaycanın iqtisadi əməkdaşlığının yüksək olduğu digər qonşu dövlətlər və region ölkələrində (xususilə İslam ölkələri) at ətinin istehlakı ilə bağlı olan qadağalar və digər sosial amillər bu ölkələrə ixracı mümkünsüz edir.
At ətini ən baha qiymətə idxal edən ölkələr Avropa regionundadır. Luksemburq, Slovakia və Slovenia regionda at ətini az həcmdə və daha yüksək qiymətə idxal edən ölkələrdir.