Son illərdə bayağı, ara mahnılar oxuyan müğənnilərin sayı artmaqdadır. Doğrudur, həmin mahnı və müğənnilər ölkəmizdə birmənalı qarşılanmasa da, zaman-zaman başqa ölkələrdə çox sevildiyinin şahidi oluruq.
Məsələn, Üzeyir Mehdizadənin mahnıları bu gün də ölkəmizdə birmənalı qarşılanmasa da və ölkə hüdudlarından kənarda çox sayda pərəstişkarları var. Xüsusən də o, Türkiyə və Rusiyada, hətta Özbəkistanda məşhurdur. Belə ki, gənc müğənni bir neçə il öncə Özbəkistanda fanatları üçün konsert vermişdi. Yerli mətbuatda yayılan məlumata görə, müğənninin “O yana gedir, bu yana gedir” mahnısı telefon zənglərinə əlavə edilmək üçün gecə-gündüz özbək televiziyalarında reklam olunurmuş. Həmçinin məlumatlarda bildirilirdi ki, Daşkəndin “Türkistan” sarayının açıq havada olan pavilyonunda baş tutan konsertdə Üzeyir Mehdizadə ölkənin pop ulduzları ilə yanaşı səhnəyə çıxıb. Tamaşaçıların əksəriyyəti Üzeyir Mehdizadə səhnəni tərk etdikdən sonra stadionu tərk ediblər, yerli pop ulduzlarını dinləməkdən vaz keçiblər.
İfası və geyimləri birmənalı qarşılanmayan müğənnilərdən biri də Rəqsanə İsmayılovadır. Buna baxmayaraq, müğənni digər həmkarları kimi daha çox ölkə xaricində populyardır - xüsusən də Türkmənistanda. Məlum olduğu kimi, 2014-cü ildə Türkmənistanın prezidenti Qurbanqulı Berdımuhəmmədov müğənninin “İnanımmı” mahnısını oxumuşdu.
Eləcə də yenicə parlayan müğənni Damla son vaxtlarda Türkiyədə də sevilməyə başlayıb. Sosial şəbəkələrdə yayılan videogörüntülərdən belə məlum olur ki, müğənninin Türkiyədəki pərəstişkarları onun mahnılarının sözlərini əzbər bilirlər.
Təkcə bu sayaq mahnı və müğənnilər deyil, həmçinin ucuz, kommersiyaya hesablanmış bəzi komediyalarımız da var ki, onlar cəmiyyətdə heç də birmənalı qarşılanmır, bəzən də tənqid olunur. Məsələn, “Bozbaş Pictures”in çıxışları ölkədə bəziləri tərəfindən nə qədər tənqidlə qarşılanırsa, araşdırmalardan belə məlum olur ki, bir o qədər də İran və Türkiyədə sevilir, çoxsaylı pərəstişkarları var.
Maraqlıdır, niyə ara və bayağı mahnılar, müğənnilər, ucuz komediyalarımız xaricdə daha çox sevilir?
Türk sənətçisi Mahmut Akın mövzu ilə bağlı “Yeni Müsavat”a danışdı: “Türkiyədə 75 milyon insan yaşayır. Və bu qədər insanın musiqi duyumları, zövqləri də fərqlidir. İnsanların xarakteri ilə zövqləri, musiqi zövqləri eynidir deyə fikir var, amma bu, belə deyil. İkinci bir tərəfdən, sizin müğənnilər Üzeyir Mehdizadə, Rəqsanə və digərləri ifaları ilə Türkiyənin nəbzini tuta biliblər. Bir qrup kütlə də onların mahnılarını sevməyə başlayıb. İnsanlar səsdən çox, musiqinin ritminə, ahənginə qapılaraq, musiqini sözlərindən anlamaslar belə, onu sevməyə başlayırlar. Türkiyədə arabeska, pop üslubunda olan mahnılar hansısa kütlənin xoşuna gəlir. Bəzən biz türkiyəlilər də hansısa xarici pop ulduzlarının oxuduğu mahnıların sözlərini başa düşməsək də, onları sevirik. Amma bilmirik ki, sevdiyimiz mahnı və ya müğənni öz ölkəsində nə dərəcədə sevilir və yaxud hansı səviyyədə hesab olunur. Yəni insanları daha çox sevdirən musiqilərin ritmidir. Mən bir müddət Azərbaycanda yaşamışam, hətta musiqi təhsilimi orada almışam. Deyə bilərəm ki, Azərbaycanda da bəzən bizim çox da sevilməyən müğənnilərin daha çox sevildiyinin şahidi olmuşam”.
Müğənni Afət Fərmanqızı isə mövzuya bu cür şərh bildirdi: “Mən sizə onlarla xalq mahnısı sayaram ki, sözləri bayağı, biədəbdir. Xalq yığılıb mahnı yazmayıb ki, hər halda, kimsə sadə xalq dilində yazıb və zaman-zaman xalq mahnısına çevrilib. İndi də bayağı hesab etdiyimiz mahnıların taleyini gələcək göstərəcək. Onlardan bəziləri xalq mahnısı kimi qalacaq. Yaradıcılığa başlayanda mən də professional bəstəkarlarla işləyirdim. 15 il həmin bəstəkarların mahnılarını oxudum, amma bir adam mənə demədi ki, ”al bu qonorarı, gəl bizim toy məclisimizdə həmin mahnıları oxu". Amma son iki ildə mən də keçmişəm sadə xalq dilində yazılan mahnılara. Bunun nəyi pisdir ki? Əvvəllər bu cür mahnıları oxuyanda utanırdım, amma indi yox. Kim ki, bu cür mahnıları bayağı adlandırır, paxıllıqdan edir, hansı ki, mahnıları sevilmir".
Müğənni həmkarı Üzeyir Mehdizadənin Türkiyədə sevilməsindən də danışdı: “Bu yay Antaliyaya istirahətə getmişdim. Dəniz kənarında dincəldiyim vaxt gözümü açdım ki, uzaqdan Üzeyirin səsi gəlir. Bir an elə sandım ki, Azərbaycandayam. Sonra səs gələn tərəfə getdim. Deyim ki, hotel 5 ulduzlu idi və ora gələnlərin böyük əksəriyyəti ziyalılar, tanınmışlar, bəlli səviyyədə olan insanlar idi. Bir sözlə, səs tərəfə gedəndə gördüm ki, hotelin aşpaz qadınları Üzeyirin mahnısına xeyli səs verib dinləyir, iş görürlər. Turistlərdən də mahnıya böyük məmnuniyyətlə qulaq asanlar, hətta oynayanlar var idi. Aşpazlardan soruşdum ki, ”Oxuyanın kim olduğunu bilirsizmi?" Cavab verdilər ki, iranlı müğənnidir. Dedim ki, “Xeyr, bu bizim azərbaycanlı müğənnidir”. Yalan sözdür ki, həmin mahnılar bayağıdır".
Kinoprodüser, rejissor Fehruz Şamıyev isə xaricdə sevilən ucuz, kommersiya tipli komediyalardan danışdı: “Bu mövzunun arxasında daha çox kütləvilik meyarı dayanır. Yəni bizim ara, ucuz musiqilərimiz xaricdə bəyənildiyi kimi, ölkəmizdə də bəyənilir, eləcə də ucuz komediyalarımız. Onları sevməyənlərin sayı ölkəmizdə yetərincə azdır. Ola bilsin ki, mütaliəli, ziyalı insanlar onları bəyənməsin. Amma ən çox zalı dolduran bayağı, ara musiqiləri, komediyaları sevən şəxslərdir. Tutaq ki, ucuz kommersiyaya hesablanmış komediyalar sərf edilən maya dəyərinin iki qatını çıxarda bilir. Bu da o deməkdir ki, böyük əksəriyyət onları sevir. O cümlədən İran, Türkiyə, Orta Asiya, Rusiyanın cənub bölgəsində böyük kütlə bəyənmədiyimiz müğənniləri, onların ifalarını çox sevir. Bu məsələ həmişə olub, olacaq da”.musavat.com