Dünyanın əksər ölkələrində insanların Yeni ili qarşılamağa hazırlaşdığı bugünlərdə mətbuatın diqqəti paytaxt şəhərlərində qurulan yolkalara yönəlib. Yeniavaz.com xəbər verir ki, Yeni il ərəfəsində Azərbaycanın paytaxtı Bakı da daxil olmaqla dünyanın əksər şəhərlərinin mərkəzi meydanlarında ölkələrin "əsas yolka"ları quraşdırılmaqdadır. Artıq bir-neçə gündür Bakıda, Dənizkənarı parkın ərazisində "əsas yolka"nın qurulmasına başlanılıb. Metal konstruksiyalar üzərində qurulacaq bu yolkanın 36 metr hündürlüyündə olacağı gözlənilir. Məlumat üçün bildirək ki, hazırda region ölkələrində qurulan yolkalarla müqayisədə bu yolka ən hündürü hesab olunur. Maraqlı olacağını nəzərə alaraq region ölkələrinin paytaxtlarında, həmçinin Nyu-York və London kimi iki böyük şəhərdə qurulan Yeni il yolkalarının hündürlüyünü təqdim edirik.
Yeni ilin əsas simvolu olan yolkanın qurulmasına Rusiyada xüsusi önəm verilir. Yolkanın qurulması prosesinə bir-neçə ay əvvəldən başlanılır və dövlət səviyyəsində icra olunur. Hər il Moskvanın Kreml meydanında qurulan ölkənin əsas yolkası təbii şam ağacından hazırlanır. Bu il Kreml meydanında qurulan 90 yaşlı şam ağacının hündürlüyünün 27 metrə, diametrinin isə 60 santimetrə bərabər olduğu bildirilir.
Yeni ili təmtəraqlı şəkildə qeyd edən daha bir region ölkəsi - Ukraynada da əsas yolkanın qurulması dövlət səviyyəsində həyata keçirilir. Paytaxt Kiyevin Sofiya meydanında təbii şam ağacından hazırlanan yolkanın 30 metr hündürlüyündə olduğu qeyd olunur.
Azərbaycandan sonra ən hündür yolka Ermənistanın paytaxtı Yerevanda qurulub. Şəhərin mərkəzi meydanı - Azadlıq meydanında qurulan bu yolkanın hündürlüyünün 32 metr olduğu bildirilir.
Başqa bir region ölkəsi Qazaxıstanın paytaxtı Astanada, "Ekspo-2017" kompleksinin ərazisində qurulan əsas yolkanın hündürlüyü isə 25 metrə bərabərdir.
Qırğızıstanın paytaxtı Bişkekin Aladağ (Ala-Too) meydanında qurulan yolkanın da 25 metr hündürlüyündə olduğu qeyd edilir.
Yolka qurulmasına ciddi əhəmiyyət verən şəhərlər arasında Nyu-York və London xüsusi yer tuturlar. 1933-cü ildən etibarən Nyu-Yorkun Manhetten bölgəsində yerləşən Rokfeller mərkəzinin qarşısında ölkənin əsas yolkası qurulur. Hər il olduğu kimi bu il də ənənəyə sadiq qalan amerikalılar Nyu-Yorkda 23 metr hündürlüyündə yolka qurublar.
İngiltərənən paytaxtı Londonda qurulan əsas yolkanın tarixi 1947-ci ilə kimi uzanır. Bu il 70-ci dəfə Londonun Trafalqar meydanında qurulan əsas yolkanın hündürlüyü isə 20 metrə bərabər olub.