Sadə sürücülərə qoyulan qadağa "166" və "188" yükdaşıma şirkətlərinə niyə şamil edilmir? FOTOLAR

Gündüz saatlarında Bakının müxtəlif ərazilərində "166" və "188" yükdaşıma şirkətlərinin iritonnajlı yük avtomobillərinin hərəkətinə tez-tez rast gəlirik. Onlar sifariş əsasında vətəndaşların və yaxud şirkətlərin yüklərini daşıyır, gəlir əldə edirlər. Bir neçə il əvvələdək Bakıda bu işi fərdi iritonnajlı yük avtomobili olan sürücülər də görür və ailələrinə çörəkpulu qazanırdılar. Lakin sonradan bu məsələ müzakirəyə çıxarıldı və iritonnajlı yük avtomobillərinin paytaxt küçələrində hərəkətinin problemlər yaratdığı və buna görə məhdudiyyət tətbiq edilməsi təklif olundu.

Hələ o vaxt Nəqliyyat Nazirliyi açıqlama yaymış və bu addımın həm şəhərdə nəqliyyatın hərəkətinə maneə yaratmamaq, həm də yol örtüyünün qorunması məqsədi daşıdığını bildirmişdi.

Məhdudiyyətlə bağlı təkliflər həqiqətən də qüvvəyə mindi və iritonnajlı yük avtomobillərinin gündüz saatlarında Bakıya buraxılması qadağan edildi. Lakin indiki reallığa əsasən deyə bilərik ki, bu qadağalar kimlərinsə işinə yarayıb, kimlərisə çətin duruma salıb.

Söhbət ondan gedir ki, fərdi iritonnajlı yük avtomobili olan şəxslər gündüz saatlarında öz avtomobilləri ilə Bakıda yük daşıya bilmirlər. Ancaq eyni işi yükdaşıma şirkətləri çox rahatlıqla görürlər.

Məlumat üçün bildirək ki, mövcud qadağaya əsasən, ağırtonnajlı yük maşınları 7:00-dan 21:00-dək paytaxta buraxılmırlar. Bu maşınlar yalnız saat 21:00-dan 07:00-dək olan müddətdə Bakı daxilində yükdaşıma xidməti göstərə bilərlər.

Əgər belə bir məhdudiyyət varsa, sual yaranır, "166" və "188" yükdaşıma şirkətlərinə niyə şamil edilmir? Belə çıxır ki, yol polisi həmin şirkətlərin TIRlarını görməməzliyə vurur, fərdi maşınla bu işi görənlər isə saxlanılıb cərimə meydançasına aparılır?

Dövlət yol polisində isə belə hesab edirlər ki, "166" və "188" yükdaşıma şirkətlərinin TIRlarına güzəşt nəzərdə tutulmayıb, qadağa hamı üçün qüvvədədir. Sözügedən yükdaşıma şirkətlərinə zəng vurduğumuz zaman isə, başqa cavablar aldıq.

Əvvəlcə Daxili İşlər Nazirliyi Respublika Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyevin "Yeniavaz.com" saytına açıqlamasına diqqət yetirək: "Fərqi yoxdur, qanun hamıya şamil olunur. İcazə verilən maksimum kütləsi 5 tona qədər olan avtomobillər yükdaşımaya cəlb edilirlər. Əhalinin müəyyən işləri olur, hansıki buraxılış əsasında o yük avtomobillərinin gündüz saatlarında da şəhərə daxil olmasına icazə verilir. Ələlxüsus, xüsusi təyinatlı nəqliyyat vasitələrinə. Amma o dediyiniz, əhaliyə xidmət avtomobillərinin əksəriyyəti icazə verilən maksimum kütləsi 5 tona qədər olan yük avtomobilləridir. Kimin avtomobillərinin kütləsi 5 tona qədərdir, onların problemi yoxdur. Amma elə sürücülər var ki, onların avtomobilləri bəlkə oxşardır, amma avtomobilin kütləsi 5 tondan çoxdur, ona görə bu avtomobillər gündüz saatlarında şəhərə buraxılmır. İkincisi, təkcə dediyiniz şirkətlərə məxsus avtomobillər deyil, çəkisi 5 tona qədər olan bir çox avtomobillər var ki, şəhərdə istənilən yerdə hərəkət edirlər. Ola bilər ki, 1-2 dənə TIR olsun, hansısa müəssisə, hansısa məqsədlə bağlı onların buraxılışı olsun. Yoxsa o avtomobillər kimdir ki, (?) digərlərindən seçilsin, onlara hər hansı bir imtiyaz verilsin. Onların bəzilərinin ola bilər ancaq buraxılışı olsun. Digər hallarda bütün 5 tondan yuxarı nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq olunur".

Bu dəfə məsələni yerindən dəqiqləşdirmək üçün özümüzü müştəri kimi təqdim edib yükdaşıma şirkətlərinə zəng vurduq. "166" yükdaşıma xidmətinin zənglərimizə cavab verən xanım əməkdaşına 25 ton armaturu günorta saatlarında "Dərnəgül"dən Yasamala daşımaq lazım olduğunu bildirdik. Onu da diqqətə çatdırdıq ki, biz bu yükün həmin ünvana 13:00-15:00 radələrində TIRla daşınmasını istəyirik. Onlar bizə bu işi görməkdə heç bir problem olmadığını və deyilən saatda TIRla yükün daşına biləcəyini bildirdilər. Buna görə 180 manat xidmət haqqı alınacağını bildirdilər. Onlara "TIRların gündüz saatlarında şəhərə girişinə məhdudiyyət qoyulub, maşın yol polisləri tərəfindən cərimə meydançasına aparıla bilərmi?" sualını verdikdə isə: "Əgər əlinizdə aldığınız məhsulun çeki varsa, problem yoxdur",-dedilər.

"188" yükdaşıma xidmətindən də bizə günorta saatlarında həmin yükləri TIRla lazım olan ünvana daşıya biləcəklərini bildirdilər. Buna görə isə 150 manat zəhməthaqqı alınacağını dedilər. Bu şirkətdən də aldığımız məhsulun çeki olduğu təqdirdə yol polisləri ilə bağlı hər hansı problem yaşanmayacağını və TIRla yükün lazım olan ünvana çatdırılacağını bildirdilər.

Yəqin ki, əlavə şərhə ehtiyac qalmır...

Nicat

DİGƏR XƏBƏRLƏR

Top