Niyə adicə kibriti belə istehsal edə bilmirik? ARAŞDIRMA

İnsanların gündəlik olaraq istifadə etdikləri məhsulların arasında kibritin xüsusi yeri var. Bütün dünyada olduğu kimi uzun illərdir Azərbaycanda da kibritdən geniş şəkildə istifadə olunur. Mətbəxdə qadınların və eləcə də kişilərin vazkeçilməz "köməkçilərindən" biri məhz kibrit hesab olunur. Düzdür son zamanlar artan texnoloji yeniliklər kibritin də istifadə meydanını bir qədər daraldıb. Ancaq buna baxmayaraq hələ də kibritdən gündəlik olaraq istifadə olunur və böyük ehtimalla hələ uzun illər istifadə olunacaq. Bunu ölkəyə idxal olunan kibritin miqdarına nəzər saldığımız zaman da açıq şəkildə görmək mümkündür. Məsələn, ötən il xarici ölkələrdən Azərbaycana 1 milyon 702 min 160 kq kibrit gətirilib. Bu isə təxminən 213 milyon qutu kibrit (1 qutu kibrit 8 qram) deməkdir. Ancaq təəssüflə qeyd etməliyik ki, ölkədə kibritə bu qədər yüksək tələbat olduğu halda istehsalına maraq yoxdur. Kibrit istehsalının olmaması səbəbindən hər il böyük məbləğdə valyuta ölkədən xarici çıxarılır.

Azərbaycanda kibrit satışından 1 milyon 704 min manat qazanc əldə olunur

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2016-ci ildə idxal olunan 1 milyon 702 min 160 kq kibrit üçün 1 milyon 644 min dollar vəsait ödənilib. Açıqlanan rəqəmlərdən belə görünür ki, ötən il ölkəyə idxal olunan kibritin 1 qutusu üçün 0,7 sent və ya 1,2 qəpik ödənilib. Bu məbləğin üzərinə 0,25 qəpik (20%-lik gömrük idxal vergisini ) həddində vergilər və 0,25 qəpik həddində nəqliyyat və digər xərcləri də əlavə etsək, o zaman bir qutu kibritdən təxminən 0,8 qəpik qazanc əldə olunur. Hazırda kibritin pərakəndə satış qiymətinin 2,5 qəpik olduğunu nəzərə alsaq, o zaman ölkəyə gətirilən 213 milyon qutu kibritdən təxminən 1 milyon 704 min manat qazanc əldə olunduğunu söyləmək olar. Göründüyü kimi, kibritdən idxal olunmasına baxmayaraq ondan kifayət qədər gəlir götürmək mümkündür. Əgər kibrit ölkə daxilində istehsal olunarsa bu zaman gəlirin daha çox olacağı şübhəsizdir. Eyni zamanda kibritin yerli istehsalının təşkili olkədən xarici valyutanın çıxışını dayandıracaq, daha çox iş yerlərinin açılmasına səbəb olacaq. Bunun üçün ölkədə kifayət qədər geniş imkanlar mövcuddur. Bildiyimiz kimi Sumqayıt Kimya Sənaye Parkı məhz bu istiqamətdə fəaliyyət göstərmək məqsədilə qurulub və zəruri infrastrukturla təmin olunub. Üstəlik burada yeni müəssisə açmaq istəyənlər üçün bir-sıra güzəştlər nəzərdə tutulub. Sumqayıt Kimya Sənaye Parkında fəaliyyət göstərmək istəyənlər 7 il ərzində əmlak vergisindən, torpaq vergisindən, mənfəət vergisindən və eyni zamanda idxal olunan texnika, texnoloji avadanlıqlar və qurğulara görə ƏDV-dən və gömrük rüsumundan azad olunurlar. Kibritin hazırlanması üçün lazım olan kimyəvi maddələrə gəldikdə isə qeyd edək ki, bunlar kimya sənayesində geniş yayılan maddələrdir. Yəni bu işə başlamaq istəyən iş adamları bu maddələri asanlıqla əldə edə bilərlər. Kibritin hazırlanmasında istifadə olunan kimyəvi maddələrdən əsasən 2 yerdə kibrit çubuğunun uc hissəsində və kibrit qutusunun kənarlarında istifadə olunur:

"Spiçka" olaraq tanıdığımız kibriti vaxtı ilə dünyada ən çox SSRİ istehsal edirdi

Məlumat üçün onu da bildirək ki, bu qədər geniş yayılmasına baxmayaraq kibritin tarixi bir o qədər də çox deyil. İlk dəfə kibritin 1805-ci ildə fransalı Jan Lui Şansel tərəfindən tapıldığı bildirilir. Taxta çöplərinin üzərinə bertolle duzu (Kalium xlorat) ilə şəkər tozunun qarışığı çəkildikdən sonra həmin çöpləri kükürd turşusuna batırarkən yaranan kimyəvi reaksiya nəticəsində alov əmələ gəlirdi. Amma insanlar güclü təsirə malik olan kükürd turşusunu öz üzərlərində gəzdirə bilmirdilər. Belə olan halda 1830-cu ildə Fransa və Almaniyada müasir kibritə bənzər kibritlər istehsal edilməyə başlandı. Bu kibritləri ağ fosfordan hazırlayıblar. Ancaq ağ fosfor da həm tez alışan, həm də zəhərli olduğu üçün kibritin daha da təkmilləşməsinə ehtiyac vardı. Nəhayət Karolinq Universitetinin professoru Qustaf Erik Paş kibrit çöplərinin uclarına çəkilən zəhərli ağ fosforu, təsirsiz qırmızı fosforla əvəz edir. Hal- hazırda istifadə etdiyimiz müasir kibrit sənaye üsulu ilə ilk dəfə İsveçli Yuhan Lundstremə məxsus fabrikda istehsal olunub. Rusiyaya kibrit ilk dəfə 1837-ci ildə gətirilib və "taxta mismarlar" mənasını verən "spiçki" adı qoyulub. Elə bizlərin də daha çox "spiçk(a)i" olaraq tanıdığımız kibriti vaxtı ilə dünyada ən çox SSRİ istehsal edirdi.

DİGƏR XƏBƏRLƏR

Top