Sayğac mənfiyə işlədikdə nə etməliyik?

Havalar soyuyanda mavi yanacaqdan istifadə edən vətəndaşlar bir çox problemlərlə üzləşirlər ki, onlardan biri də qazın zəif təzyiqlə verilməsidir. Vətəndaşlar bundan şikayət etdikdə "Azəriqaz" tələbatın artması ilə əsaslandırır. Üzləşdiyimiz problemlərlə əlaqədar "Azəriqaz"ın "qaynar xətti"nə zəng vurduqda ya zəngə ümumi şəkildə cavab verilir, ya da heç verilmir. Mavi yanacaqdan istifadə edən abonentlərin üzləşdikləri əksər problemlər isə demək olar ki, eynidir. Odur ki, "Yeniavaz.com" olaraq vətəndaşların "Azəriqaz"a ən çox müraciət etdikləri mövzuları ümumiləşdirmək qərarına gəldik...

Vətəndaşların əksəriyyəti smart kart yararsız hala düşdükdə və ya itirildikdə haraya müraciət etməli olduqlarını, nə qədər rüsum ödəyəcəklərini bilmirlər. Məlumat üçün bildirək ki, bu halda abonentin özü və yaxud notarial qaydada təsdiq edilmiş etibarnamə əsasında çıxış edən digər vətəndaş "Asan xidmət" və "Asan Kommunal" mərkəzlərinə şəxsiyyət vəsiqəsinin əsli, həmçinin smart tipli sayğacın nömrəsi və yaxud abonent kodunu təqdim edərək, kartın dəyərini (10 AZN) ödəməklə yeni kartı dərhal əldə edə bilər.

Digər bir problem - smart sayğacın plombu zədələndikdə, qırıldıqda abonent bu barədə 104 və 185 nömrəli "Qaynar xəttə" zəng vuraraq məlumat verməlidir.

Bəzi hallarda sayğac mənfiyə işləyir. Bu halda vətəndaşların çoxu çaşbaş qalır. "Azəriqaz" isə rəsmi olaraq bildirir ki, sayğacın ekranında mənfiyə işlədiyini göstərməsi borc deməkdir. Verilən kredit məbləğidir. İstifadə olunmuş mənfi qaz sərfinin məbləğini abonent özü smart kartına ödəniş etməlidir.

Elə də olur ki, bildirişdə sayğac (mexaniki) göstəriciləri səhv yazılır. Bu halda vətəndaş abonent kodu və müraciət edənin şəxsiyyət vəsiqəsini təqdim etməklə yerli rayon Xidmət sahəsinə müraciət etməlidir.

Xüsusilə rayonlarda sayğac qutularının sınma halları tez-tez baş verir. Bəs yenisini almaq üçün nə etmək lazımdır?

Bu halda Regional Qaz Ölçü Qurğularına Xidmət Departamentinə ərizə ilə müraciət edilməli və ödəniş olunmalıdır. Məhz bundan sonra yeni sayğac qutusu əldə edilə bilər.

Hündürmərtəbəli binalarda yaşayan vətəndaşları düşündürən suallardan biri də təbii qazın necə verilməsidir. Hündürmərtəbəli binaların qaz təchizatı şəbəkəsinin çəkilişi MTK-nın sifarişi əsasında xüsusi icazəsi (lisenziyası) olan tikinti təşkilatları tərəfindən həyata keçirilir. Belə ki, tikinti təşkilatları tərəfindən "Qaz təchizatında təhlükəsizlik Qaydaları"nın, "Qazdan istifadə qaydalarının", eləcədə qüvvədə olan Tikinti Norma və Qaydalarının tələblərinə uyğun tikinti - quraşdırma işləri aparılır və texniki - icra sənədləri tərtib olunur. Bundan sonra MTK-nın rəhbərliyi tərəfindən qəbul komissiyasının aktları, qaz təchizatı ilə bağlı texniki-icra və digər zəruri sənədlər tam şəkildə "Azəriqaz" İstehsalat Birliyinə təqdim olunduqdan, müvafiq qaydalara uyğun olaraq qazın alqı-satqısı müqaviləsi bağlandıqdan sonra mənzillərə təbii qazın açılışı təmin edilir.

Ən çox yaşanan problemlərdən biri də smart sayğacın koda düşməsidir. Smart sayğacın ekranında "Alarm 3", "Alarm 5", "FO 44" yazıldıqda abonentlər bu təlimatları yerinə yetirməlidirlər.

- Smart tipli sayğac koda düşdükdə ilk öncə kart koda düşmüş sayğaca daxil edilir. Bu zaman sayğacın ekranında olan informasiya avtomatik olaraq həmin abonentin kartının yaddaşına köçürülür və iki siqnal səsindən sonra kart sayğacdan çıxarılır. - İstənilən ödəmə məntəqəsində kartın balansına minimum 1 AZN və ya daha artıq miqdarda məbləğ ödənilir.

- Ödəniş həyata keçirildikdən sonra abonentin mənzilində olan qaz cıhazları təhlükəsilik tələblərinə uyğun olaraq sızma testinin aparılması üçün bağlı vəziyyətdə saxlanılmalıdır.

- Kart ödəniş həyata keçirmək üçün sayğaca daxil edilir və iki siqnal səsindən sonra kart sayğacdan çıxarılır.

- Sayğacın üzərindəki göy düymə (klapan aç) 5 saniyə sıxılı saxlanılır. Bu zaman sayğac özü avtomatik olaraq 190 saniyədən geri saymağa başlayır. Göstərilən müddət bitdikdən sonra saygac koddan çıxır və təbii qazın verilişi bərpa olunur. Nəzərinizə çatdırırıq ki, bu əməliyyat üçün heç bir xidmət haqqı tələb olunmur. Sayğacın koddan çıxarılması zamanı ödənilən məbləğ isə abonentin balansına əlavə olunur və istehlakçı həmin məbləğə uyğun təbii qazdan istifadə edə bilər.

DİGƏR XƏBƏRLƏR

Top