Azərbaycanda 3 yaşınadək uşağa qulluğa görə verilən müavinətin ("uşaqpulu") məbləği sonuncu dəfə 2016-cı ilin əvvəlində artırılıb. Yeniavaz.com xəbər verir ki, 25 yanvar 2016-cı ildə Prezident İlham Əliyev tərəfindən imzalanan Sərəncama əsasən həmin ilin fevral ayından etibarən bir yaş yarımadək uşağa qulluğa görə qismən ödənişli sosial məzuniyyətdə olanlara verilən aylıq müavinətin məbləği 40 manat (əvvəl 30 manat olub), bir yaş yarımdan üç yaşınadək uşağa qulluğa görə isə həmin müavinətin məbləği 25 manat (əvvəl 15 manat olub) miqdarında müəyyən edilib. Həmin tarixdən ötən təxminən 2 illik dövr ərzində Azərbaycanda istehlak məhsullarının qiymətləri və xidmətlərin tarifləri ciddi şəkildə artıb. Təkcə bu ilin ilk 10 ayında ölkədə 14% həddində inflyasiya qeydə alınıb. Lakin, uşağa qulluğa görə verilən müavinətin həcmində heç bir artım olmayıb. Maraqlıdır ki, Azərbaycanla həmsərhəd olan 3 post-sovet ölkəsində - Ermənistan, Gürcüstan və Rusiyada uşağa qulluğa görə verilən müavinətin məbləği daha yüksək olub.
Hazırkı məzənnə ilə (1 dollar - 1,7 manat) hesabladığımız zaman məlum olur ki, Azərbaycanda uşağa qulluğa görə verilən müavinətin məbləği cəmi 26 dollar təşkil edir.
Ermənistanda uşağa qulluğa görə verilən müavinətin aylıq məbləği 18 000 dram və ya 37 dollara bərabərdir və uşağın 2 yaşı tamam olana kimi ödənilir.
Gürcüstanda uşağa qulluğa görə verilən müavinətin məbləği Ermənistanla müqayisədə daha yüksəkdir. Gürcüstanda uşağa qulluğa görə verilən müavinətin məbləği şəhərlərdə 150 lari (56 dollar), kəndlərdə isə 200 lari (74 dollar) təşkil edir. Ödəniş müddəti isə Ermənistanda olduğu kimi 2 ildir.
Şimal qonşumuz Rusiyada uşağa qulluğa görə verilən müavinətin məbləği 27 min 180 rubla (47 dollar) bərabər olub.
Avropa ölkələrində bu göstərici daha yüksəkdir. Məsələn, Almaniyada uşağa qulluğa görə verilən müavinətin aylıq məbləği 184 avro (221 dollar) təşkli edir. Fransada bu rəqəm nisbətən aşağıdır - 120 avro (144 dollar). Onu da qeyd edək ki, Fransada uşağa qulluğa görə verilən müavinət yalnız 2-ci uşağın doğulmasından sonra verilir. Yəni ailənin ilk övladına belə müavinət verilmir. İngiltərədə uşağa qulluğa görə verilən müavinətin məbləği Almaniya və Fransadan az - 105 avro (126 dollar) olsa da, uşağın 10 yaşına kimi ödənilir. Bunlardan başqa İsveçdə bu göstərici 120 avro (144 dollar), Hollandiyada 58 avro (70 dollar), Polşada 120 avro (144 dollar), Yaponiyada isə 400 dollara bərabərdir. İtaliyada isə uşağa qulluğa görə verilən müavinətin məbləği fərqli şəkildə müəyyənləşdirilir. Bu ölkədə müavinət aylıq gəliri 2500 avrodan (3000 dollar) az olan ailələrə təyin olunur. 2500 avrodan artıq gəliri olan ailələrə uşağa qulluğa görə müavinət verilmir. Müavinətin məbləği isə bu ölkədə ailənin gəlirinə görə 38-250 avro (46 - 300 dollar) arasında dəyişir.